XƏBƏRLƏR
şərh yoxdu

Mayın 10-da 132-134 nömrəli Təhsil Kompleksində müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Nə qədər Azərbaycan var, mən də varam!” adlı tədbir keçirildi.

Tədbirdə ilk öncə Dövlət Himni səsləndirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz və əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən Kompleksin direktoru Sara Xanlarova müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin şərəfli və xalqına, millətinə həsr olunan ömür yolundan, Azərbaycanda dövlət quruculuğundakı əvəzolunmaz xidmətlərindən, Azərbaycan xalqı və dövlətçiliyi üçün yerinə yetirdiyi xilaskarlıq missiyalarından, ölkə iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin inkişafındakı rolundan, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı istiqamətində gördüyü işlərdən danışdı. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın sonrakı bir neçə ildə üzləşdiyi parçalanmaq, yox olmaq təhlükələrini xüsusi qeyd edən S.Xanlarova bildirdi ki, xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gələn Ümummilli Lider Azərbaycanın müstəqilliyinin qorunması və ölkədəki qardaş qırğınının qarşısının alnması, ölkənin iqtisadi tənəzzüldən dinamik inkişaf, tərəqqi yoluna çıxarılması istiqamətində əsl xilaskarlıq missiyaları yerinə yetirdi. Vurğulandı ki, “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır!” deyən Ulu Öndər bütün həyatını Azərbaycanın tərəqqisi, xalqımızın rifahına həsr etdi və Azərbaycan xalqı üçün Azərbaycançılıq adlı müqəddəs yol qoydu. S.Xanlarova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri şah əsəri olan Azərbaycanı sağlığında layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyevə etibar etməsi oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm qələbəsi Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının və Prezident cənab İlham Əliyevin düşünülmüş və Azərbaycan xalqının milli maraqlarına xidmət edən siyasətinin təntənəsi oldu. Ulu Öndər Heydər Əliyev dünya tarixinin ən məşhur və ən sevilən Liderlərindən biri olub, möhtərəm Prezidentimiz İlham Əliyev bu gün dünyanın ən müasir, ən görkəmli və xalqı ilə birlikdə bir yumruq olmağı bacaran nadir Prezidentdir. Azərbaycan bu gün çox güclüdür, sabah da, gələcəkdə də güclü olmalıdır. Bu məqamda gənc nəslin vəzifələri və məsuliyyəti mühüm amildir. Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi olduqca önəmlidir. Çünki görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu və zəngin irsi, Onun Vətən sevgisi və Azərbaycançılıq məfkurəsi gənc və gələcək nəsillərimiz üçün böyük örnəkdir. Nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyev və Onun ideyaları xalqımız tərəfindən yaşadılacaq, böyük sevgi və ehtiramla yad olunacaqdır.

Tədbirdə Ulu Öndərin həyat yoluna və çoxşaxəli dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş olundu və Kompleksin şagirdləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Tədbirdə həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan və 132-134 nömrəli Təhsil Kompleksində keçirilən “Nə qədər Azərbaycan var, mən də varam!” adlı qısa inşa müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırıldılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.