132-134 nömrəli Təhsil Kompleksində “ƏZİZ ŞUŞA, SƏN AZADSAN!” adlı tədbir keçirildi.
Tədbirdə müasir hərb tariximizin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının, Şuşa döyüşlərinin iştirakçısı olan cəsur əsgər və zabitlərimizin müsahibələrinin, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrların əks olunduğu “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olundu. Kompleksin tarix müəllimləri Səmədova Tünzalə, Xəlilova Pərvanə və Abdullayev Elşən 2020-ci ilin noyabrın 8-də əsl sahiblərinə qovuşan və 8 may tarixini məğrur, qalib şəhər kimi qarşılayan Şuşanın tarixi, Azərbaycan, Qarabağ üçün tarixi, coğrafi əhəmiyyəti, bu tarixi şəhərin xalqımız üçün mənəvi dəyəri, Azərbaycan tarixinə əbədi həkk olunan Şuşanın azadlığı və 8 noyabr – Zəfər gününün 44 günlük Vətən müharibəsində dönüş nöqtəsi olması haqqında geniş çıxış etdilər və məktəblilərə ətraflı məlumat verdilər.
Tədbirdə edilən bütün çıxışlarda xüsusi vurğulandı ki, biz bu gün fəxr və qürur hissi ilə deyirik ki, tikilən, qurulan və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşamız 8 mayı azad şəkildə qarşılayır. 44 günlük Vətən müharibəsində tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu işğalçıları Şuşadan qovaraq bütünlükdə Qarabağı düşmən əsarətindən qurtardı. Azərbaycan Şuşanı əzəli, əbədi sahibinə qaytarmaqla tarixi ədaləti bərpa etdi.
Şuşa Ali Baş Komandan Prezident İlham Əliyev üçün təkcə strateji əhəmiyyətli, döyüşlərin gedişində kulminasiya nöqtəsi sayılacaq vacib şəhər deyildi, həm də sevimli, hər qarışında, daşında tariximizi yaşadan, əsl sahibini səsləyən əzəmətli bir qala idi. Ali Baş Komandan bu qalanı fəth etməklə adını şanlı tarixə yazdı.
Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu və qeyd olundu ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının vətənpərvərliyinin, igidliyinin, tarixi qəhrəmanlığının və döyüşkən ruhunun Zəfəri oldu. Noyabrın 8-i Zəfər günü kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Bu şərəfli tarixi qorumaq, Vətənimizin adını daim uca tutmaq hər birimizin müqəddəs amalıdır.
Bu gün əziz Şuşamız azaddır. Orada şanlı bayrağımız qürurla dalğalanır. Şuşa hər zaman qürur mənbəyimiz olub, bundan sonra da belə qalacaq!
Bu gün fəxarətlə deyirik ki: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!”