XƏBƏRLƏR

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.

Dekabrın 16-da “Nizami Gəncəvi ili” çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində Nizaminin zəngin irsinə və dünyaşöhrətli “Xəmsə”sinə həsr olunan ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəblilər Nizami Gəncəvinin həyat və yaradıcılığına dair çıxışlar etdilər, dahi şairin qəzəllərindən parçalar səsləndirdilər, qüdrətli söz və fikir ustadının zəngin irsində ibrətamiz və tərbiyəvi məqamlara dair səhnəciklər nümayiş etdirdilər.

Tədbirdə çıxış edən Təhsil Kompleksinin direktoru Sara Xanlarova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ənənələrin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdikləri böyük diqqət və qayğıdan danışdı. Qeyd olundu ki, “Nizami Gəncəvi ili” böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə mühüm töhfə olmuşdur. S.Xanlarova dünyaşöhrətli şair, görkəmli mütəfəkkir Nizami Gəncəvinin bütün əsərlərində ibrətamiz öyüd-nəsihət, mənəvi tərbiyə aşılayan dahi sənətkar olduğunu vurğulayaraq gənc nəsilə, şagirdlərə zəngin Nizami irsini dərindən dərk etməyi və müdrik həyat təcrübəsindən nümunə götürməyi, xalqımızın milli-mənəvi dəyərlərini qorumağı tövsiyə etdi.

Kompleksin Azərbaycan dili müəllimi Əliyeva Rəna və musiqi müəllimi Nazəni Əsədovanın bədii tərtibatında ərsəyə gələn ədəbi-bədii tədbirdə Kompleksin şagirdlərinin mahir ifaları və nümayiş etdirdikləri teatr səhnəcikləri böyük marağa səbəb oldu və məktəblilərin gurultulu alqışları ilə qarşılandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.