Mayın 10-da 132-134 nömrəli Təhsil Kompleksində müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi.
İlk öncə Dövlət Himni səsləndirildi.
Tədbirdə Ulu Öndərin zəngin və şərəfli həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti haqqında videoçarxlar nümayiş olundu və Kompleksin şagirdləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Azərbaycanın əsl müstəqilliyinin qurucusu, şəxsiyyəti və dahiliyi ilə hər zaman fəxr etdiyimiz, Azərbaycan xalqının xoşbəxt gələcəyinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin şərəfli və xalqına, millətinə həsr olunan ömür yolundan, Azərbaycanda dövlət quruculuğunda əvəzolunmaz xidmətlərindən, ölkə iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin inkişafı istiqamətində gördüyü işlərdən danışdı. 10 may tarixinin hər bir azərbaycanlı üçün xüsusi gün olduğunu qeyd edən direktor bildirdi ki, məktəblilərin çıxışlarında hiss olunan Ulu Öndərə olan sevgi və böyük heyranlıq hər birimizi fərəhləndirir. Vurğulandı ki, 1993-cü ildə xalqın təkidli istəyi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Ümummilli Lider Azərbaycanın müstəqilliyini qorudu, ölkəni dağılmaq təhlükəsindən xilas etdi və bugünki güclü, müstəqil, xoşbəxt Azərbaycanın əsasını qoydu. Heydər Əliyev əsl vətənpərvər idi, Ana dilimiz ilə fəxr edirdi, təhsilimizin himayədarı idi. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” sözünün Azərbaycan təhsilinin ana xəttini təşkil etdiyini vurğulayan S.Xanlarova Ümumilli Liderin insanlara, xalqına, Vətəninə olan sonsuz sevgisi haqqında məktəblilərə geniş məlumat verdi. Vurğulandı ki, müasir Azərbaycan Ulu Öndərin şah əsəridir və Heydər Əliyevin Azərbaycan gəncliyinə əsas mirası azərbaycançılıq məfkurəsi və “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləridir. Bu kəlam hər birimizin həyat qayəsinə çevrilməlidir. Ulu Öndərin yolunu, ideyalarını uğurla davam etdirən, dahi rəhbərin layiqli siyasi varisi, Azərbaycanın tarixi Qarabağ zəfərinin memarı İlham Əliyev bu gün dünyaşöhrətli liderdir. Dünyanı heyrətləndirən 44 günlük müharibə dövründə xalq öz Lideri ətrafında birləşdi. Bu birlik Ulu Öndərin xalqımız üçün miras qoyduğu Lider-Xalq-Ordu birliyinin nümayişi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycanın əsrlərlə itirilən torpaqlarını, eyni zamanda milli qürurumuzu özümüzə qaytardı.
S.Xanlarova məktəblilərə yaşadıqları xoşbəxt Azərbaycanla, xalqımızla hər zaman fəxr etməyi, Ulu Öndərin əbədiyaşar ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini, Azərbaycan üçün yorulmadan çalışmaqlarını özləri üçün müsbət nümunə kimi görməyi və yüksək təhsil alaraq Vətənimizə, dövlətimizə layiqincə xidmət etməyi tövsiyə etdi.
Çıxış edən Kompleksin Tarix müəllimi Sevinc Səfərəliyeva vurğuladı ki, görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu və zəngin irsi, Onun Vətən sevgisi və azərbaycançılıq məfkurəsi gənc və gələcək nəsillərimiz üçün böyük örnəkdir. Nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyev və Onun ideyaları xalqımız tərəfindən yaşadılacaq, böyük sevgi və ehtiramla yad olunacaqdır.