Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Azərbaycan Milli Şəhərsalma Forumunun məhz Azərbaycanın işğaldan azad olunan ərazilərində, Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil olunması və bu mötəbər beynəlxalq tədbirdə 40-dan çox ölkənin nümayəndələrinin, şəhər merlərinin və mer müavinlərinin, BMT-nin nümayəndəsinin iştirakı tədbirin əhəmiyyəti və əhatə miqyası baxımından olduqca önəmlidir. “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycanda təşkil olunan Forumda dünya dövlətlərinin nümayəndələrinin iştirakı Azərbaycanın haqq mübarizəsinə və Azərbaycanın beynəlxalq hüququ bərpa etdiyi, BMT qətnamələrini icra etdiyi, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək xalqımızın milli ləyaqətini bərpa etdiyi 44 günlük Vətən müharibəsinə və post-müharibə dövründə regionda yaranan yeni reallıqlara beynəlxalq ictimaiyyətin göstərdiyi dəstəyin ən bariz örnəyidir.
Ötən 30 illik işğal dövründə ən çox təəssüf doğuran məqamlardan biri bu idi ki, beynəlxalq təşkilat nümayəndələri, müxtəlif ölkə təmsilçiləri, xüsusilə bu münaqişəni həll etmək üçün ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Azərbaycana qarşı işağlçı Ermənistan bütün mümkün vasitələrlə yalan və şər kampaniyası təşkil edib, Qarabağdakı vəziyyəti olduğu kimi yox, təhrif olunmuş şəkildə təqdim edib, lakin dünya bu haqsızlığa göz yumub və Azərbaycanın beynəlxalq hüquqlarının kobudcasına pozulmasına qarşı heç bir əməli fəaliyyət göstərməyib. İndi isə, Azərbaycan öz gücünə tarixi ədaləti bərpa etdikdən sonra bütün dünya Qarabağda baş verən insanlıq faciəsinə, Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasətinə, işğaldan dövründə xalqımızın əzəli torpaqlarında həyata keçirilən dəhşətli dağıntı və viran qoyma siyasətinə şahidlik edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki nitqi bir daha Azərbaycan dövlətinin haqq səsi və işğalçının ifşası oldu. Dövlətimizin başçısının nitqində qeyd etdiyi kimi, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Bu ərazilər işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur.
Bəli, ölkə başçısının çox dəqiq və əsaslı faktlarla qeyd etdiyi kimi, bu gün işğaldan azad olunmuş ərazilərdə gördüyümüz ürəkağrıdıcı mənzərə, erməni vandalizmi, barbarlığının nümunəsi olan qeyri-insani rəftar, xalqımızın əzəli torpaqlarında Azərbaycan tarixinin, mədəniyyətinin, dini irsinin silinməsi cəhdləri artıq dünya ictimaiyyəti tərəfindən də görülür, təsdiq olunur.
Bu gün Azərbaycan yeni çağırışlarla üz-üzədir. Ancaq bunlar xoş çağırışlardır – Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, bu torpaqların sahiblərinin ata-baba yurdlarına geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılmasıdır. Əminliklə deyə bilərik ki, Azərbaycan Milli Şəhərsalma Forumu həm işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması, burada irimiqyaslı infrastruktur layihələrinin icrası üçün yeni imkanlar yaratmaq məqsədinə xidmət etdi, həm də Azərbaycan həqiqətlərinin bir daha dünyaya nümayiş olunması üçün yeni fürsətlər yaratdı.
Forumun yüksək səviyyədə təşkili, dünya ölkələri tərəfindən Foruma olan böyük maraq və yüksək iştirakın təmini və bu beynəlxalq əhəmiyyətli tədbirin gələcək nəticələri deməyə əsas verir ki, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və şübhə yoxdur ki, Azərbaycan yaxın illərdə nəinki regionumuzda, eləcə də bütün dünyada ən uğurlu ölkələrdən biri olmağa davam edəcəkdir.
Əliyeva Lalə
132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi