XƏBƏRLƏR

Oktyabrın 19-da 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) MBA “Təhsilin təşkili və idarə edilməsi” ixtisaslaşmasının magistrantları üçün “132-134 nömrəli Təhsil Kompleksinin strateji və optimal idarəetmə təcrübəsinin öyrənilməsi” mövzusunda master-klass (dərs-görüş) keçirildi.

“Təhsildə strateji idarəetmə” fənni çərçivəsində auditoriyadan kənar dərs formatında təşkil olunan görüşdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ADPU-nun Tədris departamentinin direktor müavini, Təhsil menecmenti kafedrasının dosenti Ənvər İmanov, Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, direktor müavinləri və magistrantlar iştirak etdilər.

İlk öncə magistrantlar 132-134 nömrəli Təhsil Kompleksinin Tarix Muzeyi ilə tanış oldular və zəngin ənənələrə malik olan bu məktəbin tarixi, unudulmaz məzunları, Təhsil Kompleksinin tarixi inkişaf yolu haqqında geniş məlumatlar əldə etdilər.

Təhsil Kompleksinin Akt Zalında davam edən master-klassda direktor Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyəti, maddi-texniki bazası, məktəbin strateji və optimal idarəetmə təcrübəsi, icra olunan beynəlxalq layihələr, burada əldə olunan yüksək nailiyyətlər və məktəbin şagirdlərinin, məzunlarının uğurlu nəticələri haqqında magistrantlara ətraflı məlumat verdi.

Magistrantlar məktəbin rəhbər işçilərinə mövzu ilə bağlı çoxsaylı suallar ünvanladılar. Qarşılıqlı fikir mübadiləsi aparılan dərs-görüşdə magistrantları maraqlandıran suallar ətraflı cavablandırıldı. Görüşdə gələcəkdə müsbət təcrübənin öyrənilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və 132-134 nömrəli Təhsil Kompleksi arasında yeni əməkdaşlıq imkanları müzakirə olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.