XƏBƏRLƏR

Oktyabrın 27-də Səbail rayonunda Vətən müharibəsinin qəhrəman Şəhidi, 132-134 nömrəli Təhsil Kompleksinin məzunu Budaqov Yusif Ramiq oğlunun Şəhid olmasının ildönümü münasibətilə anım tədbiri keçirildi. Anım tədbirində Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Səbail rayonu Şəhidlərinin ailə üzvləri, Yusifin döyüş yoldaşları, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara xanım Xanlarova və məktəbin müəllim-şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etdilər.

Əvvəlcə rayon ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsinin Səbail rayon Şəhidlərinin uyuduğu Badamdar məzarlığını ziyarət etdilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək qəhrəmancasına həlak olan və xalqımıza tarixi Qarabağ Zəfərini bəxş edən bütün Şəhidlərimizin və qəhrəman Yusifin məzarı ziyarət olundu, Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olundu, məzarları üzərinə güllər düzüldü və ruhlarına dualar oxundu. Ziyarət zamanı qəhrəman Şəhidimiz Yusifin məzarı başında çıxışlar edildi. Çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Milli Məclisin deputatı Nigar xanım Arpadarai, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara xanım Xanlarova və digər ictimaiyyət nümayəndələri möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi qələbəsi, Şəhidlərimizin qəhrəmanlığı, məhz Azərbaycan əsgəri və zabitlərinin qələbə əzmi, şəxsi igidlikləri hesabına işğaldan azad olunan və bu gün Azərbaycan bayrağının qürurla dalğalandığı azad Qarabağ haqqında fəxarətlə danışdılar. Vurğulandı ki, Şəhidimiz Yusifin şərəfli həyat və döyüş yolu gənc nəsillərə hər zaman örnək olacaq, Azərbaycan xalqı qəhrəman Şəhidlərimizin əziz və əbədiyaşar xatirəsini daima uca tutacaq və onların Vətən uğrundakı şücaət və fədakarlığını minnətdarlıqla yad edəcəklər.

Daha sonra Şəhid Yusif Budaqovun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail rayonu, M.Hüseyn küçəsində Şəhidin ailə üzvlərinin yaşadığı evin qarşısında Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə barelyefinin açılış mərasimi keçirildi. Mərasimdə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Şəhidlərimizə və qəhrəman Azərbaycan Ordusuna həsr olunan şerlərlə çıxış etdilər.

Şəhid anası Lətafət Budaqova 132-134 nömrəli Təhsil Kompleksinin rəhbərliyinə və müəllim-şagird kollektivinə Yusifin ailəsinə hər zaman göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.