132-134 nömrəli Təhsil Kompleksində “8 Noyabr – Zəfər Günü” münasibətilə təntənəli “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram tədbiri keçirildi.
Kompleksin qəhrəman Şəhid məzunlarının valideynlərinin, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşının, Birinci və İkinci Qarabağ müharibəsinin qazilərinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Şanlı Qələbəyə, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, qəhrəman Şəhidlərimizə, qazilərimizə, müharibə veteranlarına həsr olunan çıxışlar edildi, məktəblilər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş olundu.
132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova bayram tədbirində çıxış edərək Azərbaycan xalqının şərəf, milli qürur, qəhrəmanlıq dastanına çevrilən 44 günlük Vətən müharibəsindən, qalib ordunun qalib sərkərdəsi, ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun rəşadətindən, müharibə günlərində Lideri ətrafında bir yumruq kimi birləşməyi bacaran Azərbaycan xalqının mərdliyindən, həmrəyliyindən fəxarətlə danışdı. S.Xanlarova diqqətə çatdırdı ki, “müasir müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi elə bir möhtəşəm hadisədir ki, Şuşanı, Qarabağı 30 illik işğaldan azad edən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan, dünyamiqyaslı siyasətçi İlham Əliyev xalqımızın əbədi milli qəhrəmanıdır. Azərbaycanın bu möhtəşəm Zəfəri ilk növbədə Ulu Öndər Heydər Əliyevin ruhunu şad etdi. Bugünkü qalib, qüdrətli Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəridir. Böyüyən gənc nəsil xoşbəxtdir, çünki bu gənclər qalib dövlətin qalib vətəndaşlarıdır.”
132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin əziz xatirəsini ehtiramla yad edən direktor xalqımıza qələbə sevinci bəxş edən qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışdı. Vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidləri Nicat Tarıverdiyevin, Fərid Əliyevin, Yusif Budaqovun Təhsil Kompleksindəki xatirə barelyefləri, Şəhid məzun guşəsi müəllim-şagird kollektivi tərəfindən mütəmadi ziyarət olunur, unudulmaz məzunlarımızın xatirəsi hər daim ehtiramla yad olunur.
Azərbaycanın tarixinin, mədəniyyətinin, 44 günlük şanlı Zəfər yolunun gənc nəsil tərəfindən hərtərəfli öyrənilməsində təhsil işçilərinin, müəllimlərin, təhsil müəssisələrinin mühüm rolu olduğunu qeyd edən Sara Xanlarova məktəblilərə yaxşı təhsil almağı, hər zaman Azərbaycan xalqı, Türk milləti ilə fəxr etməyi, müasir müstəqil Azərbaycan uğrunda Şəhid olan qəhrəmanlarımızın əbədi xatirəsini yaşatmağı, onların şərəfli həyat və döyüş yolundan nümunə götürməyi, qalib ölkəmizə layiq, Vətənini sevən və dövlətinə ləyaqətlə xidmət edən vətəndaşlar kimi yetişməyi tövsiyə etdi.
Tədbirdə çıxış edən Şəhid məzunların ailə üzvləri, Şəhid Nicat Tarıverdiyevin anası Şükran xanım, Şəhid Fərid Əliyevin həyat yoldaşı Elnarə xanım, Birinci Qarabağ Müharibəsinin qazisi, 132 nömrəli məktəbin məzunu Babək Qocayev Şəhid məzunların xatirəsinin 132-134 nömrəli Təhsil Kompleksində hər zaman yüksək ehtiramla xatırlanması və bu cür tədbirlərinin təşkili üçün öz minnətdarlıqlarını bildirdilər. Məktəblilərə hər zaman doğma Azərbaycanımızla fəxr etməyi, azad, ərazi bütövlüyü bərpa olunmuş Vətən torpağının qədrini bilməyi tövsiyə edən çıxış edənlər əminliklərini ifadə etdilər ki, vətənpərvərlik ruhunda böyüyən, Şanlı Qələbəmizə şahidlik edən bu gənclər hər zaman Azərbaycanın üçrəngli bayrağını ucalarda dalğalandıracaqlar.
Məktəblilər vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii kompozisiyada Azərbaycanın şanlı qələbəsinə, Ali Baş Komandana, qəhrəman Şəhidlərimizə, rəşadətli Azərbaycan əsgərinə, doğma Vətənimizə həsr olunan çıxışlar etdilər, şerlər dedilər, mahnılar səsləndirdilər, gözəl tərtibatda rəqslərlə çıxış etdilər.
Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri arasında keçirilən “44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsinin qalibləri diplomlarla təltif olundular.
Bayram tədbiri qürur və fəxarət dolu duyğulu anlarla yadda qaldı. Zəfərin mübarək, Şanlı Azərbaycan! Yaşasın qəhrəman Azərbaycan xalqı! Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun! QARABAĞ AZƏRBAYCANDIR!