132-134 nömrəli Təhsil Kompleksində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər davam edir.
Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunan xüsusi dərslərdə məktəblilər Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi və görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılıqları haqqında təqdimatlarla çıxış edirlər.
Dərslərdə qeyd olunur ki, Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Şuşa həm də bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Qarabağın bu dilbər guşəsi Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər bəxş edib.
“Şərqin konservatoriyası”, muğamımızın beşiyi adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərinin Vətəni olub.