İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi.
Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin valideynləri, Elm və Təhsil Nazirliyinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, valideynlər, müəllimlər, məzun şagirdlər iştirak etdilər.
“Son zəng” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Bu “Son zəng” tədbirinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf etdiyini xüsusi vurğulayan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar müəllimi Sara Xanlarova onbirinciləri bu əlamətdar “Son zəng” münasibətilə təbrik etdi, məzunlara gələcək həyatlarında uğurlar dilədi və onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını diqqətə çatdıran direktor qeyd etdi ki, yetişməkdə olan nəsil Ümummilli Liderin həyat və fəaliyyətini dərindən öyrənməli, məktəblilər gələcək həyat yolunda məhz Ulu Öndərin dövlətə və millətə sədaqətini, yorulmazlığını, prinsipiallığını örnək almalıdır. Vurğulandı ki, Heydər Əliyevin şah əsəri olan və möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində dünyanın sayılıb-seçilən, qalib dövləti – müstəqil Azərbaycanı gələcəkdə daha da irəli aparmaq üçün gənc və gələcək nəsillər yaxşı təhsil almalı, ixtisaslı mütəxəssislər kimi formalaşmalı, xarici dillərə yiyələnməli və Azərbaycanı dünyanın hər yerində yüksək səviyyədə təmsil etməlidirlər.
Çıxışı zamanı direktor 132-134 nömrəli Təhsil Kompleksinin tarixi, bu təhsil ocağının məzunları və şagirdlərinin yerli və beynəlxalq nailiyyətləri haqqında danışdı. Azərbaycan xalqının 44 günlük müqəddəs Vətən müharibəsində Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidinin – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələri xüsusi ehtiramla yad olundu.
Məzunların həyatında yeni, məsuliyyətli mərhələnin başlandığını diqqətə çatdıran S.Xanlarova onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq Azərbaycanın gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə dair əminliyi ifadə etdi, onbirincilərə işıqlı yol, aydın səma, gözəl gələcək və milli-mənəvi dəyərlərimizlə, Azərbaycançılıq ilə hər zaman fəxr etməyi arzuladı.
Tədbirdə çıxış edən qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladılar və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdilər.
Tədbirdə şagirdlərin hazırladıqları və onbirincilərin iştirak etdiyi ədəbi-bədii kompozisiyalar nümayiş olundu, məzunların çıxışları dinlənildi.
Daha sonra simvolik “Bilik açarı” onbirincilər tərəfindən növbəti tədris ilində birinci sinifə başlayacaq olan Təhsil Kompleksinin builki “Ana Məktəb” məzunlarına təqdim olundu.
Sonda “Son zəng” çalındı. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə səmaya 100 ədəd şar buraxıldı və səmaya ağ göyərçinlər qalxdı.