Oktyabrın 28-də Kompleksin Biologiya, Həyat Bilgisi və STEAM müəllimi Səmədova Rübabənin təşkilatçılığı ilə Rus bölməsi “5 d” sinif şagirdləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.
Şagirdlər Azərbaycan tarixi dərsində məlumat aldıqları Qobustan qayalarını canlı şəkildə seyr edərək, təsvirlərlə tanış olub, Qobustan muzeyindəki tarixi eksponatları maraqla izləyiblər.
Qoruqla tanışlıq burada inşa edilən muzeydən başlayıb. Məktəblilər muzeyin zallarını gəzərək ekspozisiyalarla tanış olublar. Qeyd olunub ki, “Qobustan: YUNESKO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks edilib. Bu otaqdakı sərgilər Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft Kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir.
Sonra məktəblilər qoruq ərazisindəki qədim rəsm nümunələrinə baxıblar.
Qoruğun bələdçisi məlumat verib ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkar olunub, 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılıb. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Ekskursiya rəhbəri: Kompleksin Biologiya, Həyat Bilgisi, STEAM müəllimi, Rus bölməsi “5 d” sinif rəhbəri Səmədova Rübabə