XƏBƏRLƏR

Oktyabrın 10-da 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 84-cü ildönümünə həsr edilmiş “Könülləri fəth edən elm fədaisi” adlı tədbir keçirildi.

Tədbirdə çıxış edən Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova 1957-ci ildə 132 nömrəli orta məktəbi (indiki 132-134 nömrəli Təhsil Kompleksi) qızıl medalla bitirmiş Kompleksin unudulmaz məzunu, görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevanın həyat və fəaliyyəti haqqında məktəblilərə geniş məlumat verdi. S.Xanlarova dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi professor Aida xanım İmanquliyevanı böyük elm xadimi, pedaqoq, parlaq şəxsiyyət, zərif və nəcib qadın, eyni zamanda Azərbaycan cəmiyyətinə gözəl övladlar bəxş etmiş qayğıkeş ana kimi xarakterizə etdi. Vurğulandı ki, Azərbaycanda ilk şərqşünas qadın elmlər doktoru olan Aida xanım üç fundamental monoqrafiyanın və 70-dən çox elmi məqalənin müəllifi, gözəl elm təşkilatçısı olub.

Məktəbin fəaliyyətinin əsas nəticəsinin onun şagirdlərinin və məzunlarının nailiyyətləri olduğunu diqqətə çatdıran S.Xanlarova bildirdi ki, Azərbaycanın təhsil tarixində özünəməxsus yeri olan və 160 illik tarixə malik olan 132-134 nömrəli Təhsil Kompleksinin müəllim-şagird kollektivi məktəbin unudulmaz məzunu, Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan olan Aida xanım İmanquliyeva ilə fəxr edir. 132-134 nömrəli Təhsil Kompleksində uzun müddətdir həyata keçirilən “Unudulmaz məzunlar” layihəsi haqqında danışan direktor qeyd etdi ki, bu layihənin məqsədi məktəbimizdən məzun olmuş dəyərli şəxsiyyətlərin, ictimai xadimlərin və unudulmaz məzunların əziz xatirəsini yaşatmaq, onların örnək həyat yolu, elmi-ictimai fəaliyyəti haqqında məlumatları gənc və gələcək nəsillərə çatdırmaqdır. Direktor əminliyini ifadə etdi ki, 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Kompleksin unudulmaz məzunlarından hər zaman layiqli örnək alacaq və Azərbaycanın gələcək gözəl vətəndaşları və böyük alimləri kimi yetişəcəklər.

Ölkəmizin ictimai-siyasi həyatının ən müxtəlif sahələrinin, o cümlədən Azərbaycan təhsilinin inkişafında Aida xanım İmanquliyevanın iki övladının – Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın xidmətləri xüsusi vurğulandı. Bildirildi ki, Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri, “Uşaq evləri və İnternat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” uğurla icra olunub. Qeyd olundu ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli və tarixi dəyərlərimizin qorunması və dünya miqyasında təbliği istiqamətində apardığı genişmiqyaslı fəaliyyət, işğaldan azad olunan doğma Qarabağ torpaqlarımızda xalqımızın tarixi, mədəni, dini irsinin yenidən dirçəldilməsi naminə həyata keçirilən möhtəşəm bərpa-quruculuq layihələri xalqımız tərəfindən təqdir olunur və alqışlanır.

Görkəmli alim Aida xanım İmanquliyevanın əziz xatirəsinin könüllərdə daim yaşayacağını qeyd edən Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinə seçdikləri fəaliyyət sahəsindən asılı olmayaraq hər zaman bu tarixi məktəbin adını layiqli şəkildə təmsil etməyi və məktəbin unudulmaz məzunlarının həyat yolundan müsbət nümunələr götürməyi tövsiyə etdi.

Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi Aygün Əfəndiyeva professor Aida xanım İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan bəhs etdi, onun elmi irsinin, əsərlərinin əhəmiyyətini diqqətə çatdırdı. Vurğulandı ki, Şərq-Qərb mədəni əlaqələrinin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edir. Qeyd olundu ki, 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Azərbaycanın unudulmaz şəxsiyyətlərinin həyat, elm və fəaliyyət yolunu dərindən öyrənməli və onlardan nümunə götürməlidirlər.

Professor Aida İmanquliyevanın tələbəsi olmuş və hazırda 132-134 nömrəli Təhsil Kompleksinin Ərəb dili müəllimi Gülnarə Məmmədova ölkəmizdə şərqşünaslıq məktəbinin yaranmasında mühüm rolu olan Aida xanım haqqında xatirələrini şagirdlərlə bölüşdü və görkəmli alimin elmi irsinin əhəmiyyətindən geniş bəhs etdi.

Tədbirdə böyük alimin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu. Təhsil Kompleksinin şagirdləri ictimai xadim, professor Aida xanım İmanquliyevanın zəngin elmi irsi və şərəfli, nümunəvi həyat yolu ilə bağlı çıxışlar etdilər.

Bütün çıxışlarda vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin unudulmaz məzunu Aida xanım İmanquliyevanın əziz xatirəsi, Onun şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən çoxsaylı insanların qəlbində əbədi olaraq yaşayacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.