XƏBƏRLƏR
şərh yoxdu

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak etmişlər.

Azərbaycan xalqı Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından qardaş Türkiyənin dəstəyini hiss etmişdir. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi.

Azərbaycan-Türkiyə dostluğu-qardaşlığı tarixi köklərə dayanır. “Bir millət, iki dövlət” tarixi şüarı bütün dünyada dillər əzbəridir. Bu qardaş dövlətlər bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir və dünyaya əsl qardaşlıq nümunəsi göstərirlər. 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə dostluğu-qardaşlığının daha bir təzahürü oldu. “XXI əsr Türk əsri”dir prinsipi sanki Qarabağda müqəddəs müharibədə təcəssüm etdi və əsrlər sonra haqq, ədalət haqsızlığa, ikili standardlara, bilərək tarixi faktlara təhrifə qalib gəldi. Bütün dünya Azərbaycanın “Dəmir yumruğu”nun və Türk qardaşlığının möhkəmliyinin şahidi oldu.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” sözü hər bir azərbaycanlını qürurlandırdı və ən çətin, ən yalnız hiss etdiyimiz günlərdə belə bizə dəstək oldu, xalqımıza mənəvi ruh, qələbəyə inam və nə olursa olsun, sonuna qədər getmək gücü verdi. Bu mənəvi dəyər, bu əvəzsiz qardaşlıq dəstəyi heç nə ilə müqayisə oluna bilməz və Azərbaycanın qələbəsində mənəvi cəhətdən böyük rol oynadı.

Türkiyənin hər sahədə, hər platformada Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. 10 dekabr –  Zəfər paradında birgə iştirak Türk birliyinin təntənəsi və dünyaya gözəl mesaj oldu.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışındaqeyd etdiyi: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.” fikirləri tarixi ədalətin bərpasının sübutu və gələcək üçün yalnız sülh, firavan həyat mesajlarıdır. Müharibəni heç kim istəməz, müharibə hər zaman itki, yarım qalmış gənc həyatlar, tamamlanmamış arzular, natamam ailələlər deməkdir. Azərbaycan diplomatik əsaslarla bu münaqişəni həll etmək üçün səbrlə 30 il gözlədi, işğalçıya qarşı maksimum tolerantlıqla və humanizm prinsipləri əsasında haqqın bərpa olunmasına çalışdı, lakin işğalçı qeyri-konstruktiv mövqeyi, həyasız bəyanatları və dağıdıcı yanaşması ilə öz sonunu gətirdi.”

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır.

Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər faciəyə baxmayaraq, dayanıqlı sabitlik üçün təqdirəlayiq bir mövqe ortaya qoymaqdadır. Cənab Prezidentin bu xoşniyyətli cəhdlərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini arzu edirik.

Əliyeva Lalə
132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.