XƏBƏRLƏR
şərh yoxdu

Yeni 2024-cü ilə qədəm qoyduğumuz bugünlərdə ən yaxın tariximizdə yaşadığımız hadisələrə dönüb baxdıqda qürurlanmamaq mümkün deyil. Vətənimiz Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra son 3 ildə hər il qazandığı yeni nailiyyətlər, 30 illik işğaldan azad olunan torpaqlarımızda aparılan sürətli bərpa-yenidən işləri, qaçqın və köçkünlərin doğma yurdlarına qayıdışının başlanması hər bir azərbaycanlı üçün böyük tarixi hadisələrdir.

Vətən müharibəsi 44 gün davam etdi, lakin müstəqil Azərbaycan əvvəl Ulu Öndər Heydər Əliyevin, 2004-cü ildən başlayaraq isə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu Böyük Qələbə Gününə uzun illər hazırlaşırdı. Həm Ulu Öndər, həm Prezident İlham Əliyev hər çıxışlarında hamımızın arzusunda olduğu Böyük Qələbənin mütləq gələcəyini, işğal altında olan dədə-baba torpaqlarımızın bir gün mütləq azad olunacağını əminliklə qeyd edirdilər. Xoşbəxt xalqıq ki, biz bugünləri gördük və Azərbaycanın haqq səsi bütün dünyaya səs saldı.

Uzun illər, Azərbaycan, xalqımıza qarşı törədilən qanlı cinayətlərə, edilən haqsızlıqlara baxmayaraq bu ağrılı münaqişəni diplomatik sülh yolu ilə həll etmək üçün konstruktiv mövqe nümayiş etdirdi, bu məsələyə maksimum humanist prinsiplərlə yanaşdı. Lakin tarix göstərdi ki, cinayətkar cəzalanmadıqca daha da azğınlaşır və zalimə mərhəmət məzluma zülmdür. Ermənistan xarici havadarlarına arxalanaraq Qarabağdakı status-kvonun uzun illər davam edəcəyini düşünür və ildən-ilə həyasızlaşırdı. 30 illik işğal dövründə Azərbaycana qarşı saysız-hesabsız və əsassız ittihamlar irəli sürülmüşdü. Heç bir ittiham, heç bir təzyiq dövlətimizin, dövlət başçımızın iradəsinə təsir edə bilmədi. Azərbaycan döyüş meydanında əsrlərin intiqamını aldı və ədaləti bərpa etdi.

Böyük qələbədən sonra Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalarda qeyd etdi ki, “biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində.” Bu gün əminliklə qeyd edə bilərik ki, hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı dövləti ilə, Prezidenti ilə, ordusu ilə haqlı olaraq qürur duyur.

Son 3 ildir ki, Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. 2023-ün mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır – 28 May tarixində Laçında böyük bayram günü idi.

Bütün bu hadisələr hər birimizin qəlbində yüksək fərəh hissi yaradır. Bizim öhdəmizə düşən əsas vəzifələr isə, hər birimizin çalışdığımız sahədə işimizi məsuliyyət və yüksək vətəndaşlıq borcu ilə yerinə yetirməkdən, ölkəmizin inkişafına, həyata keçirilən bu möhtəşəm işlərə bacardığımız qədər töhfəmizi verməkdən ibarətdir.

Əfəndiyeva Aygün
132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.