1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinin ən qanlı və dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ulu Öndər Heydər Əliyev bu faciə haqqında haqlı olaraq bu fikirləri söyləmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”. Xocalı faciəsində təhlil olunacaq çox məqam var. Xüsusi amansızlıqla qətlə yetirilən insanların yalnız bir günahı var idi – azərbaycanlı olmaları və Xocalı sakini olmaları. Bu sözün əsl mənasında soyqırımdır, çünki yalnızca milli mənsubiyyətinə görə bir gecədə yüzlərlə ailəni məhv etməyin yalnız bir məqsədi ola bilər – bir şəhərin sakinlərini yer üzündən silmək, Azərbaycan xalqına göz dağı vermək və qorxutmaq. Ermənistan millətçiləri bu soyqırım aktında əsl xislətlərini, Azərbaycan xalqına qarşı olan əzəli nifrətlərini, öz qanlarında olan namərdlik və insana yaraşmayan qəddarlığı bütün dünya qarşısında ifşa etdilər. Məqsəd Azərbaycan xalqını qorxutmaq, daha çox Azərbaycan torpağını işğal etmək idi. Çünki bu erməni milləti mövcud olduqları bütün dövrlərdə, dövlətlərdə məhz bu siyasətləri ilə var olub. Osmanlı İmperiyası ərazisində yaşadıqları dövrlərdə də hər zaman xarici düşmənlərlə əməkdaşlıq edərək, Osmanlının çörəyini yeyərək, yenə Osmanlıya qarşı xainliklər etmiş, öz faydalarına olan nələrsə əldə etməyə çalışmışlar. Eyni ssenari Azərbaycan xalqına və müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olan hökümətlərə qarşı da tətbiq olunmuşdur. 1905-1907-ci illərdə müsəlman kəndlərinə qarşı çoxsaylı qanlı terror aktları törədilmiş, 1918-ci il mart hadisələrində Azərbaycanın bir çox şəhər və kəndlərində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qanlı terror aktları törətmiş, Azərbaycan Xalq Cümhuriyyəti illərində də Qərbi Zəngəzuru ələ keçirmək üçün yüz cür hiylələrə əl atmışlar. 1992-ci il Xocalı faciəsi də bu qanlı hadisələrin xüsusi qəddarlığı ilə seçilən son aktı oldu. Lakin bu hadisə eyni zamanda Azərbaycan xalqının mübarizliyinin, iradəsinin, sarsılmaz Vətən sevgisinin nümayişi oldu. Azərbaycanın mərd hərbiçiləri, Xocalı sakinləri son damla qanlarına qədər Vətən torpağını qorudu, bütün dəhşətlərə baxmayaraq erməni qatillərinə başıdik, alnı açıq cavablar verdi. Ermənilər Azərbaycan xalqına qalib gələ bilmədilər və 30 illik siyasi oyunlar, xarici havadarların Azərbaycana bütün mümkün təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan Ordusu və Azərbaycan Liderinin dəmir yumruğu erməni millətçilərinin başını əzdi və erməni qatillərindən əsrlərin intiqamını döyüş meydanında başı uca şəkildə aldı. Qisas qiyamətə qalmadı və Xocalı qurbanlarının, günahsız körpələrin ruhu artıq şaddır. Allah bütün Xocalı şəhidlərimizə rəhmət eləsin!
Xəlilova Pərvanə
132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi