132-134 nömrəli Təhsil Kompleksində görkəmli ictimai xadim, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Ölməz qəlbin zərifliyi” adlı tədbir keçirildi.
Tədbirdə Kompleksin şagirdlərinin ifasında tibb elminə böyük töhfələr verən, biliyi ilə yanaşı, humanistliyi, peşəsinə, ailəsinə, Vətəninə böyük sevgisi ilə seçilən Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyətinə həsr olunan çıxışlar edildi, ədəbi-bədii kompozisiyalar səsləndirildi, səhnəciklər təqdim olundu, həmçinin videoçarxlar nümayiş olundu.
Kompleksin direktoru, Əməkdar müəllim Sara Xanlarova çıxışında qeyd etdi ki, yüksək intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, peşəkar həkim, oftolmoloq alim Zərifə xanım Əliyeva eyni zamanda gözəl və fədakar ana, vəfalı ömür-gün yoldaşı, insanlara sevgisi və qayğısı ilə seçilən xeyirxah insan idi. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradan və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyan akademik Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə insana şəfa bəxş etmiş, gözdə ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı.
S.Xanlarova vurğuladı ki, Zərifə xanım onu tanıyanların, iş yoldaşlarının, saysız-hesabsız tələbələrinin xatirində insanların qəlbinə, ruhuna siyarət edən nəcib və sadə insan kimi qalıb. O, xoşbəxt qadın, övlad, ana idi. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev kimi dahinin sevgisini qazanmışdı. Cəmiyyətin həyatında fəal rol oynayan Zərifə xanım eyni zamanda ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. Onun təmkinliliyi, səbirliliyi, Vətənə sevgisi və digər müsbət xüsusiyyətləri övladlarının da onun yolunu getməsinə köməkçi olmuşdu. Bu gün bütün Azərbaycan xalqı özünün dünyaşöhrətli Lideri, 30 illik işğala son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev ilə fəxr edir. Biz, bu ailəyə – Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və bu ailədə böyüyüb boya-boşa çatan Zərifə xanımın nəvələri də bu gün bu ənənələri davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün böyük xidmətlər göstərib.
S.Xanlarova məktəblilərə gələcək həyat yolları ilə bağlı tövsiyələrini verdi və qeyd etdi ki, ömrünün sonlarına kimi ətrafına nur saçan ziyalı kimi tanınan Zərifə xanım Əliyevanın həyat yolu gənc nəsillər üçün əsl mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Nə qədər ki, Azərbaycan elmi, Azərbaycan mədəniyyəti, Azərbaycan qadını var, Zərifə xanım Əliyevanın əziz xatirəsi bizimlə olacaq və onun şəxsiyyətinə olan dərin hörmət və ehtiram Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.