XƏBƏRLƏR
şərh yoxdu

Mayın 2-də 132-134 nömrəli Təhsil Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyev və tariximiz” adlı tədbir keçirildi.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayonu üzrə Gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, dəvət olunan qonaqlar və valideynlər iştirak etdilər.

Tədbirdə məktəblilər “Ulu Öndər Heydər Əliyev və tariximiz” mövzusunda Azərbaycan tarixinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Rus bölməsi şagirdləri tərəfindən Azərbaycan dilində ifa olunan və Azərbaycan tarixinə qısa ekskursiya formatında nümayiş olunan kompozisiyada Dədə Qorqud, Tomris, Cavanşir, Şah İsmayıl, Sara Xatun, Atabəy Eldəniz, Cavad xan, Şah Qacar və digər tarixi şəxsiyyətlərin obrazları canlandırıldı, “Vaqif” dramı səhnələşdirildi və Ana dilinin qorunması, Gəncənin müdafiəsi, Cavad xanın Azərbaycan xanlarının birləşməsi üçün çalışması, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik dövrü, Prezident İlham Əliyevin Azərbaycanı ildən-ilə inkişaf edən qüdrətli ölkəyə çevirməsi, 44 günlük Vətən müharibəsində tarixi Qarabağ Zəfəri və Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpası mövzuları məktəblilərin ifasında səsləndirildi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların, 132-134 nömrəli Təhsil Kompleksinin Birinci Qarabağ müharibəsi Milli Qəhrəmanı Riad Əhmədov, İkinci Qarabağ müharibəsinin qələbə Şəhidləri Nicat Tarıverdiyev, Fərid Əliyev, Yusif Budaqovun əziz xatirələri ehtiramla yad olundu.

Çıxış edən Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Azərbaycan tarixinin xronoloji ardıcıllıqla təqdim olunduğu və bir saat müddətində səhnələşdirilən ədəbi-bədii kompozisiyada, bütün təqdimatlarda məktəblilərin Azərbaycan torpağına böyük sevgisinin, vətənpərvərlik hissələrinin, müstəqil dövlətçiliyimizə bağlılığın bir daha nümayiş olunduğunu məmnuniyyətlə qeyd etdi.

S.Xanlarova 1993-cü il 15 iyun tarixində xalqın təkidi və istəyi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı, müstəqil Azərbaycanın milli qurtuluşunun müasir tarixi haqqında danışdı. Vurğulandı ki, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü 200 il sonra bərpa etdi, Azərbaycan xalqına tarixini və qürurunu qaytardı. Bu gün, hər birimizin ürəyində artıq böyük fəxr hissi var, çünki Azərbaycan xalqı qürurlu və qalib xalqdır. Qeyd olundu ki, bugünki gəncləri xoşbəxt və firavan gələcək gözləyir.

Direktor məktəblilərə tövsiyələrini verdi ki, dünyanın hansı ölkəsində olmaqlarından asılı olmayaraq Azərbaycanı qürurla təmsil etsinlər və unutmasınlar ki, onlar azərbaycanlıdırlar, Azərbaycanın bir parçasıdırlar.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxışında bildirdi ki, ümumtəhsil məktəblərində bu formatdakı tədbirlərin təşkili gənclərdə vətənpərlik hissinin tərbiyəsi üçün önəmlidir. Bu gün səhnədə yüksək aktyorluq bacarığı nümayiş etdirən Rus bölməsi şagirdlərinin mükəmməl Azərbaycan dilində çıxışları məktəblilərin torpağına, bayrağına, Vətəninə bağlılığını ifadə edir. Çünki, Ana dilimizi sevmək və bu dildə səlis danışmaq, tariximizi bilmək, fəxr etmək və layiqincə tərənnüm etmək bizim xalqımıza bağlılığımızı ifadə edir. Türk milləti hər zaman döyüşkənliyi, qəhrəmanlığı, mərdliyi ilə seçilib və bunun təcəssümü müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsindəki tarixi Qarabağ zəfəri oldu. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün xoşbəxt və qalib xalqdır. Gənclərimiz bu dəyərləri yaşatmalı və bundan sonra da Azərbaycan bayrağını daim ucalarda dalğalandırmaq üçün çalışmalıdırlar.

Səbail rayonu üzrə Gənclər və idman sektorunun müdiri Zamin Əhmədov məktəb rəhbərliyinə məzmunlu tədbir təşkilatçılığı üçün təşəkkür etdi və məktəbliləri uğurlu çıxışları münasibətilə təbrik etdi.

Xoş təəssüratlarla yadda qalan tədbirdə sonda xatirə şəkilləri çəkildi.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.