Rus bölməsi “3 c” sinifində “9 May – faşizm üzərində Qələbə Günü”nə həsr olunan “Qəhrəman kimi doğulmurlar, Qəhrəman olurlar” adlı dərs təşkil olundu. Məktəblilər İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının həm cəbhə bölgələrində, həm də arxa cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və igidlik nümunələri, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən həmyerlilərimiz, Bakı neftinin faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olması haqqında təqdimatlarla çıxış etdilər, maraqlı posterlər hazırladılar. SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilən 170 min Azərbaycan əsgər və zabitinin, o cümlədən iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqa qəhrəmanların şərəfli döyüş yolu şagirdlər tərəfindən bir daha xatırlandı. Bütün təqdimatlarda vurğulandı ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.
Dərsin davamı olaraq məktəblilərin iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidələrinə ziyarətləri təşkil olundu.
Pedaqoq: Qəniyeva Sevda