XƏBƏRLƏR

“Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirildi

şərh yoxdu

Dekabrın 1-də 132-134 nömrəli Təhsil Kompleksində bütün bölmələr üzrə yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbirləri keçirildi.

Rus bölməsi yuxarı sinif şagirdləri üçün Kompleksin psixoloqu Əhmədova İnarə tərəfindən “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda təşkil olunan maarifləndirici seminarda məktəblilərə yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair geniş məlumat verildi, eləcə də erkən və qohumlar arasında nikahların tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları təhlil olundu.

XƏBƏRLƏR

“Sağlam gələcək üçün erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi

şərh yoxdu

Dekabrın 1-də 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən tərəfindən gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair “Sağlam gələcək üçün erkən nikaha yox deyək” mövzusunda maarifləndirmə tədbiri təşkil olundu.

Kompleksin direktor müavini Könül Səfərova, Uşaq Birliyi rəhbəri Tamilla Abdullayeva, Azərbaycan bölməsi yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbirdə məktəblilərlə erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olması haqqında profilaktik söhbətlər aparıldı, erkən nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığı nəzərə çatdırıldı. Vurğulandı ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və ailədaxili zorakılıq hallarına səbəb olur.

Tədbirdə şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı və müəllimlərə mövzu ilə bağlı “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” haqqında müvafiq məlumatlar təqdim olundu.

XƏBƏRLƏR

Yuxarı sinif şagirdləri üçün “Azərbaycan xəritəsi: tarixin izi ilə” mövzusunda mühazirə təşkil olundu

Noyabrın 30-da 132-134 nömrəli Təhsil Kompleksində  Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları tərəfindən yuxarı sinif şagirdləri üçün “Azərbaycan xəritəsi: tarixin izi ilə” mövzusunda geniş mühazirə təşkil olundu.

Mühazirə zamanı gənc nəslin sosial şəbəkələrdə fəallığını nəzərə alaraq, internet resurslarında mövcud materiallar, xüsusilə tarixi sənədlər, xəritələr və faktlar barəsində ayıq-sayıq olmalarının vacibliyinə diqqət çəkildi. Məktəblilərə Azərbaycanın tarixi xəritələri və sənədlərlə bağlı düzgün mənbələrdən istifadə qaydaları ətraflı izah olundu.

XƏBƏRLƏR

“Alternativ enerji mənbələri” mövzusunda Fizika dərsi

Bu gün, Rus bölməsi “8 b” sinifində Fizika dərsi “Alternativ enerji mənbələri” mövzusuna həsr olundu.

Dərsdə şagirdlər alternativ enerji mənbələri, növləri, onların xüsusiyyətləri, bərpa olan enerjinin əhəmiyyəti, ekologiyaya təsiri, ölkəmizin alternativ enerjilər üzrə potensialı və bu istiqamətdə həyata keçirilən tədbirlər, enerji əldə etmək üçün quraşdırılan texniki qurğular barədə geniş məlumatlar əldə etdilər.

Məktəblilər günəş panellərinin işlənməsi, külək stansiyalarının növləri və texnologiyası ilə bağlı maraqlı təqdimatlarla çıxış etdilər.

Pedaqoq: Kompleksin Fizika müəllimi Rüstəmova Sevda

XƏBƏRLƏR

“Nəsli kəsilmiş heyvanlar” mövzusunda maraqlı dərs

Azərbaycan bölməsi “3 c” sinifinin şagirdləri Azərbaycan dili dərsində “Nəsli kəsilmiş heyvanlar” mövzusunda yeni və maraqlı məlumatlar öyrəndilər.

Dərsdə məktəblilər kollektiv iş formatında mövzu ilə bağlı müxtəlif təqdimat posterləri hazırladılar, həm yeni biliklər əldə etdilər, həm də komanda kimi birlikdə işləməyi öyrəndilər.

Pedaqoq: Qurbanova Törə

XƏBƏRLƏR

Şagirdimiz FERMAT – Beynəlxalq Riyaziyyat Olimpiadasında I yerin qalibi oldu

132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan bölməsi “2 b” sinif şagirdi Babazadə Azad dünyanın 20-dən çox ölkəsində keçirilən FERMAT – Beynəlxalq Riyaziyyat Olimpiadasında top 8%-ə düşərək 1-ci yerin qalibi olmuş, qızıl medal və beynəlxalq diplom qazanmışdır.

Azadı təbrik edir, istedadlı şagirdimizə gələcəkdə yeni-yeni təhsil nailiyyətləri və qalibiyyət sevincləri arzu edirik. Əhsən sənə, Azad!

XƏBƏRLƏR

Dayanıqlı İnkişaf Məqsədləri haqqında təhsilalanların maarifləndirilməsi istiqamətində işlər davam edir

132-134 nömrəli Təhsil Kompleksində Dayanıqlı İnkişaf Məqsədləri haqqında təhsilalanların maarifləndirilməsi istiqamətində işlər davam edir.

Məktəblilərin Dayanıqlı İnkişaf Məqsədləri haqqında ətraflı məlumatlandırılması üçün təşkil olunan dərslərdə şagirdlər bəşəriyyətin aktual problemləri, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyinin qarşısının alınması, keyfiyyətli təhsil, gender bərabərliyi və s. mövzularda təqdimatlarla çıxış edir və problemlərin həlli istiqamətində təkliflər irəli sürürlər.

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadə 132-134 nömrəli Təhsil Kompleksinin qonağı oldu

Məşhur aktyor, şoumen, naşir, Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadə bu gün 132-134 nömrəli Təhsil Kompleksinin qonağı oldu. Hamının xoş təbəssüm və alqışlarla qarşıladığı aktyor liseyin ibtidai və məktəbəqədər təhsil siniflərində məktəblilərlə görüşdü, uşaqlarla səmimi söhbət etdi. Görüş zamanı Bəhram “əmiləri” balaca oxucularına müəllifi olduğu kitablarını hədiyyə etdi və hər bir kitabı xatirə olaraq imzaladı. Uşaqlarla söhbət zamanı Bəhram Bağırzadə kitabların ən yaxşı dostumuz olduğunu qeyd etdi və şagirdlərə “Kitabı oxudun – ver başqasına!” şüarını öyrətdi. Qeyd olundu ki, kitab istənilən yaş dövründə ən gözəl hədiyyədir, uşaqlıq dövründə isə dünyanı tanımaq üçün əvəzsiz dostdur.

Görüş xoş söhbət və gözəl təəssüratlarla yadda qaldı.

XƏBƏRLƏR

Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunan xüsusi dərslər

132-134 nömrəli Təhsil Kompleksində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər davam edir.

Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunan xüsusi dərslərdə məktəblilər Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi və görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılıqları haqqında təqdimatlarla çıxış edirlər.

Dərslərdə qeyd olunur ki, Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Şuşa həm də bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Qarabağın bu dilbər guşəsi Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər bəxş edib.

“Şərqin konservatoriyası”, muğamımızın beşiyi adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərinin Vətəni olub.