XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində təhsilalanların sağlamlıq vəziyyəti daim nəzarətdədir

132-134 nömrəli Təhsil Kompleksində təhsilalanların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi üçün müvafiq fəaliyyət ilboyu həyata keçirilir.

Təhsil Kompleksinin şagirdləri, eləcə də valideynlər məktəbin tibb personalı tərəfindən dispanserizasiyanın mahiyyəti və xəstəliklərin risk amilləri barədə mütəmadi maarifləndirilir, siniflərdə bu mövzuda açıqlamalar verilir, təqdimatlar keçirilir.

Məktəblilər qurd invaziyasına görə vaxtaşırı ambulator müayinəyə və müalicəyə cəlb edilirlər, plan üzrə peyvəndlərin keçirilməsinə nəzarət edilir və yeniyetmələrin psixonevroloji və psixoloji skrininqləri aparılır.

Kompleksdə gün ərzində tibb otağına müraciət edən bütün şikayəti olan şagirdlərə ambulator müayinə edilir və ilk tibbi yardım göstərilir. Bütün müvafiq tibbi prosedurlar üçün Kompleksin tibb məntəqəsi yüksək səviyyədə təchiz edilib.

XƏBƏRLƏR

Rus bölməsi Fransız modeli “2 a” sinifində “Xeyirxahlıq nədir?” mövzusunda dərs

Rus bölməsi Fransız modeli “2 a” sinifində “Xeyirxahlıq nədir?” mövzusunda dərs təşkil olundu.

Dərsin əsas məqsədi məktəblilərin insanın əsas mənəvi keyfiyyətlərindən biri olan xeyirxahlıq haqqında geniş və düzgün təssəvvürünün formalaşması, sosial-kommunikativ, bədii-estetik nitq bacarıqlarının inkişafıdır.

Şagirdlər komandalara bölünərək diqqət, hörmət, həssaslıq kimi düzgün mənəvi seçimlər etmək, xalq folkloru və atalar sözlərinin mənasını dərk etmək və gündəlik həyatında tətbiq etmək, daxili vicdanı inkişaf etdirmək və mənfi hərəkətlərə etiraz etmək, daimi dostluq münasibətləri qura bilmək mövzularında təqdimatlarla çıxış etdilər.

Pedaqoq: Nağıyeva İradə

 

XƏBƏRLƏR

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinifində fərqli xalqların mədəniyyətinə həsr olunan dərs keçirildi

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinifində Həyat Bilgisi dərsində “Başqa mədəniyyətlərə münasibət” mövzusu işlənildi.

Fərqli xalqların milli geyimlərində həmin ölkənin mədəniyyəti, məişət həyatı, sənət nümunələri, özünəməxsus etiket qaydaları haqqında təqdimatlarla çıxış edən şagirdlər mədəni məlumatlılıq və mədəni hörmət mövzularını geniş təhlil etdilər.

Çıxışlarda qeyd olundu ki, fərqli xalqların fərqli mədəniyyəti, davranış qaydaları var. Hər kəs başqa xalqların mədəniyyətinə hörmət etməli, müxtəlif mədəniyyətlərə sahib olan insanlarla empatiya qurmalı, lazım gələrsə onlara uyğunlaşmalıdır. Mədəni məlumatlılıq – iki fərqli mədəniyyət arasında mövcud oxşarlıq və fərqlilikləri bilmək, onlara qarşı həssaslıqla yanaşmaq və digər xalqların nümayəndələri ilə daha sağlam dialoq, münasibət qurmaq deməkdir. Mədəni hörmət – başqa mədəniyyətlərin tanınması və qorunmasıdır.

Vurğulandı ki, Azərbaycanda müxtəlif xalqlar əsrlər boyudur qarşılıqlı hörmət, tolerantlıq və dostluq şəraitində yaşayırlar. Biz başqa mədəniyyətlərə bu münasibəti yalnız öz ölkəmizdə yox, həm də səfərə getdiyimiz xarici ölkələrdə o xalqlara hörmət edərək nümayiş etdirməliyik.

Pedaqoq: Nəsirova Nərminə

XƏBƏRLƏR

Yuxarı sinif şagirdləri müstəqil iş formatında “Korrupsiyaya yox deyirik!” mövzusunda xüsusi posterlər hazırladılar

132-134 nömrəli Təhsil Kompleksində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilverənlər və təhsilalanlar arasında geniş maarifləndirmə işi davam edir.

Cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə tədbirləri çərçivəsində yuxarı sinif şagirdləri müstəqil iş formatında bu mövzuya həsr olunan xüsusi posterlər hazırlayıblar.

XƏBƏRLƏR

“Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda xüsusi dərslər, maarifləndirici tədbirlər davam edir

132-134 nömrəli Təhsil Kompleksində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda xüsusi dərslər, maarifləndirici tədbirlər təşkil edilir.

Dərslərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilir və yolda daha diqqətli olmaları tövsiyə edilir. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılır.

Maarifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirir, səhnəciklərlə çıxış edirlər. Həmçinin yol hərəkəti qaydaları və təhlükəsizliyi ilə bağlı videoçarx da nümayiş olunur.

Məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

XƏBƏRLƏR

Azərbaycan bölməsi “3 b” sinifində “Qəribə heyvanlar” mövzusunda əyani-praktiki dərs və ekskursiya təşkil olundu

Azərbaycan bölməsi “3 b” sinifində “Qəribə heyvanlar” mövzusunda əyani-praktiki dərs təşkil olundu. Məktəblilər ilk olaraq sinifdə təşkil olunmuş interaktiv dərsdə dərsliklərdən mövzu ilə bağlı yeni nəzəri məlumatlar öyrəndilər və müxtəlif heyvanlar haqqında təqdimatlarla çıxış etdilər.

Daha sonra şagirdlər sinif rəhbəri Ayəndə Dadaşovanın rəhbərliyi ilə Bakı Zooloji parkına ekskursiya etdilər. Ekskursiyanın məqsədi məktəblilərin Azərbaycan faunasına aid olan heyvanlar, nadir heyvanların qorunması, qidalanması, saxlanılması haqqında yeni və əyani məlumatlar öyrənməsi idi.

Şagirdlər ekskursiyada böyük maraqla iştirak etdilər və parkdakı heyvanlar, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na düşən nadir növlər – “Məxməri Ördək”, “Qara kərkəs”,”Qarasaqqal”,”Taclı durna”,”Gümüşü qırqovul “,”Nəcib marallar” və s. haqqında geniş məlumat əldə etdilər.

Ekskursiya rəhbəri: Azərbaycan bölməsi “3 b” sinif rəhbəri Dadaşova Ayəndə

 

XƏBƏRLƏR

Rus bölməsi “4 c” sinif şagirdləri “Farhause” neon ev-sənət muzeyində ekskursiyada oldular

Rus bölməsi “4 c” sinif şagirdləri neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənəti – Neon sənəti ilə tanış olmaq üçün Novxanıda yerləşən “Farhause” neon ev-sənət muzeyində ekskursiyada oldular.

Muzeydə neon işığı ilə əks olunan bir-birindən maraqlı rəsm əsərləri və müxtəlif sənət nümunələri ilə tanış olan məktəblilər üçün keramika üzərində rəsm master-klassı təşkil olundu.

Ekskursiya rəhbəri: Pedaqoq Muradova Oksana Valeriyevna

XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinifində “Tolerantlıq – fərqli olmaq azadlığıdır” mövzusunda dərs

Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib.

Rus bölməsi “3 c” sinifində bu gün Rus dili dərsi “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olundu. Dərs “Tolerantlıq – fərqli olmaq azadlığıdır” mövzusunda təşkil olundu.

Məktəblilər Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri, tolerantlıq barədə bildiklərimiz və bilmədiklərimiz haqqında yeni məlumatlar əldə etdilər və müstəqil iş formatında dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış edən posterlər hazırladılar.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

“İnternetdə olan təhlükələr və ondan müdafiə yolları” mövzusunda interaktiv dərslər

Hazırda ölkəmizdəki məktəblərdə müasir texnologiyalarla təchiz olunmuş baza yaradılıb, şagirdlərin İKT biliklərini artırması üçün hər cür şərait təmin olunub.

İnternetin əlçatanlığı sayəsində qısa zaman kəsiyində istənilən elmi, tarixi, mədəni, həmçinin təhsillə bağlı məlumatları asanlıqla əldə etmək mümkündür. Ancaq təəssüf ki, bu imkanlardan bəzən mənfi, məqbul olmayan məqsədlər üçün də istifadə edilir. Məhz bu səbəbdən geniş seçim imkanı yaradan sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, xüsusən uşaqların psixologiyasına mənfi təsir edən zərərli kontentlərdən qorumaq vacibdir.

132-134 nömrəli Təhsil Kompleksində məktəb psixoloqları bütün siniflərdə mütəmadi olaraq “İnternetdə olan təhlükələr və ondan müdafiə yolları” mövzusunda interaktiv dərslər təşkil edir. Uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması məqsədilə təşkil olunan bu dərslərdə mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verilir, informasiya texnologiyalarının və internetin həyatımızdakı rolundan bəhs edilir.

Dərslərdə şagirdlərə zərərli informasiya mənbələrini təbliğ edən resurslardan qorunmaq, internetdən təhlükəsiz şəkildə istifadə etməyin yolları barədə ətraflı məlumat verilir və məktəblilərin mövzu ilə bağlı fikirləri dinlənilərək sualları cavablandırılır.