XƏBƏRLƏR

“Bir Gələcək” layihəsi çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksinin uğurlu məzunu Cavid Hüseynovla görüş keçirildi

şərh yoxdu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Bir Könüllü Tələbələrin Əməkdaşlığı” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” layihəsi çərçivəsində 2006-cı ildə 132-134 nömrəli Təhsil Kompleksindən məzun olan və hazırda Almaniyada plastik cərrah kimi çalışan Cavid Hüseynov məktəbin qonağı oldu və yuxarı sinif şagirdləri üçün uğurlu karyera, təhsil sahəsində uğur qazanmaq, düzgün peşə seçimi və xaricdə təhsil barədə maarqlı mühazirə ilə çıxış etdi.

134 nömrəli orta məktəbdə təhsil aldığı dövr, abituryentlik, tələbəlik illəri, xaricdə yaşamaq və təhsil almaq, eləcə də Azərbaycan diasporunun Almaniyadakı fəaliyyəti haqqında məktəblilərlə səmimi söhbət edən uğurlu məzunumuz şagirdlərin çoxsaylı suallarını cavablandırdı və onlara həyatda uğur qazanmaq üçün tövsiyələr verdi.

XƏBƏRLƏR

10 dekabr 2020-ci il tarixli Zəfər Paradı Azərbaycanın müstəqil siyasətinin, tarixi Zəfərinin, hərbi qüdrətinin və milli ruhunun bütün dünyaya nümayişi oldu

şərh yoxdu

Bugünlərdə, “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradının keçirildiyi 2020-ci il 10 dekabr tarixinin növbəti ildönümüdür. Təqvimdəki tarixlər dəyişir, günlər, illər keçir, lakin 2020-ci ildə Azərbaycanın müasir tarixinə həkk olunmuş şərəfli hadisələr, günlər haqqında xatirələr hər bir azərbaycanlı üçün canlılığını, həyəcanını hələ də qoruyub saxlayır.

2020-ci ildə sentyabrın 27-dən etibarən 8 noyabr – Zəfər Gününə qədər yaşadığımız 44 günün hər günü bizim şanlı tariximizdir. O günlərdə hər birimiz elə tarixi günlərə şahidlik etdik, xalq olaraq o qədər qürurlandıq, fəxr etdik ki, hələ də hər birimiz o təəssüratların təsirindəyik. 200 il ərzində Azərbaycan xalqı üçün hələ belə fəxarət dolu hadisələr olmamışdı. Azərbaycan döyüş meydanında, eyni zamanda diplomatik müstəvidə 44 gün kimi qısa müddətdə həm tarixi ədaləti bərpa etdi, həm beynəlxalq hüquq çərçivəsində haqq səsini bütün dünyaya eşitdirdi, həm də əzəli düşmənindən, Xocalı qətliamını törədənlərdən, xalqımıza illərlə böyük faciələr yaşadanlardan millət olaraq qisasını aldı.

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq 2020-ci il 10 dekabr tarixində Azadlıq meydanında keçirilən və Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı Azərbaycanın müasir hərb tarixinin ən şanlı səhifələrindən biri oldu. Bu tarixi gün və tarixi parad bir çox cəhətdən Azərbaycan xalqı üçün olduqca əlamətdardır. Bu parad, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev “Sözümüz imzamızdır” prinsipinin bir daha sübutu oldu. Ötən illərdə paradların birində ölkə başçısı çıxışında qeyd etmişdi ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdi ki, gün gələcək və o gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və o gün 10 dekabr 2020-ci il tarixində gəldi. Bu gün Azərbaycan xalqının Tarixi Zəfərinin təzahür günüdür. Bizlər xoşbəxt nəsilik ki, bu möhtəşəm tarixi günlərə, Zəfər paradına şahidlik etdik.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

10 dekabr 2020-ci il tarixli Zəfər Paradı Azərbaycanın müstəqil siyasətinin, tarixi Zəfərinin, hərbi qüdrətinin və milli ruhunun, Azərbaycan xalqının, Azərbaycan gənclərinin mübarizliyinin, döyüşkən ruhunun, qələbə əzminin bütün dünyaya nümayişi oldu. Bu hər bir azərbaycanlı üçün böyük fəxarət mənbəyi və milli qürur təcəssümüdür. Bu tarixi günləri, bu milli özünüdərki bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, müzəffər ordumuza, hər biri tarixi yazan qəhrəman Şəhidlərimizə və qazilərimizə, qəhrəman Azərbaycan əsgərlərinin ailələrinə, onları boya-başa çatdıran fədakar valideynlərinə sonsuz təşəkkürümüzü bildiririk.

Cavadova Dilşad
132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi

XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinifində dünya ölkələrinin mədəniyyətinə həsr olunan dərs təşkil olundu

şərh yoxdu

Rus bölməsi “3 c” sinifində Həyat Bilgisi dərsində “Başqa mədəniyyətlərə münasibət” mövzusu işlənildi.

Dünyadakı fərqli ölkələrin mədəniyyəti, məişət həyatı, sənət nümunələri, özünəməxsus etiket qaydaları haqqında komandalar formatında təqdimatlarla çıxış edən şagirdlər mədəni məlumatlılıq və mədəni hörmət mövzularını geniş təhlil etdilər.

Çıxışlarda qeyd olundu ki, fərqli xalqların fərqli mədəniyyəti, davranış qaydaları var. Hər kəs başqa xalqların mədəniyyətinə hörmət etməli, müxtəlif mədəniyyətlərə sahib olan insanlarla empatiya qurmalı, lazım gələrsə onlara uyğunlaşmalıdır. Mədəni məlumatlılıq – iki fərqli mədəniyyət arasında mövcud oxşarlıq və fərqlilikləri bilmək, onlara qarşı həssaslıqla yanaşmaq və digər xalqların nümayəndələri ilə daha sağlam dialoq, münasibət qurmaq deməkdir. Mədəni hörmət – başqa mədəniyyətlərin tanınması və qorunmasıdır.

Vurğulandı ki, Azərbaycanda müxtəlif xalqlar əsrlər boyudur qarşılıqlı hörmət, tolerantlıq və dostluq şəraitində yaşayırlar. Biz başqa mədəniyyətlərə bu münasibəti yalnız öz ölkəmizdə yox, həm də səfərə getdiyimiz xarici ölkələrdə o xalqlara hörmət edərək nümayiş etdirməliyik.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

IB ibtidai sinif şagirdlərinin iştirakı ilə “Beynəlxalq Festival” keçirildi

şərh yoxdu

Noyabrın 30-da 132-134 nömrəli Təhsil Kompleksinin IB PYP (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) ibtidai sinif şagirdlərinin iştirakı ilə dünya dövlətlərinin mədəniyyətlərinə həsr olunan “Beynəlxalq Festival” keçirildi.

Festivalda məktəblilər fərqli xalqların milli geyimlərində müxtəlif ölkələrin tarixi, mədəniyyəti, məişət həyatı, sənət nümunələri, mətbəxi, özünəməxsus etiket qaydaları haqqında təqdimatlarla çıxış etdilər.

Festivalda 14 ölkə – Azərbaycan, Böyük Britaniya, Portuqaliya, Yunanıstan, Türkiyə, Özbəkistan, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Fransa, Moldova, Əfqanıstan, İspaniya və Hindistan stendləri nümayiş olundu.

Məktəblilər və valideynlərin böyük maraqla iştirak etdiyi Festivalda müxtəlif ölkələrin milli rəqsləri nümayiş olundu, mahnılar ifa olundu və hər bir ölkənin tarixi, mədəniyyəti haqqında təqdimatlar təqdim olundu.

 

XƏBƏRLƏR

Təhsil Kompleksinin şagirdləri Peşələr Festivalının yekun Bakı tədbirində iştirak edib

şərh yoxdu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə təşkil edilən Peşələr Festivalının yekun tədbiri 4 dekabr tarixində Bakı şəhərində keçirilib.

Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılması və əmək bazarının tələblərinə uyğun peşə seçiminin təmin olunmasına töhfə olacaq Festival “Peşəni peşəkardan soruş” devizi ilə ölkənin 10 rayon və şəhərində təşkil olunub.

Festival Quba, İsmayıllı, Zaqatala, Şəmkir, Salyan, Ordubad, Naxçıvan, Cəlilabad, Sabirabad və Bakını əhatə edib. Tədbirə ümumilikdə 70 minə yaxın şəxs qatılıb.

Festivalda iştirak edən yeniyetmə və gənclər gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar əldə edib, peşələrlə əyani şəkildə tanış olmaq imkanı qazanıblar.

132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “9 c” sinif şagirdləri Peşələr Festivalının yekun Bakı tədbirində iştirak edib və festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Festival konsert proqramı ilə başa çatıb.

XƏBƏRLƏR

Məktəb psixoloqu dərsləri müşahidə edir və psixodiaqnostik işlərini davam etdirir

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün şagirdlərin təlim prosesində iştirakı, qrup daxilində davranışları və qrup dinamikasının izlənilməsi məqsədilə ibtidai siniflərdə dərsləri müşahidə etdi və məktəblilərlə yaddaş, diqqət, təfəkkür, öz hisslərini dərk və idarə etmək, təsvir prosesində rəng çalarlarından istifadə, motorika,ünsiyyət vərdişləri, öz yanaşmalarını izah etmək və müdafiə etmək qabiliyyəti mövzularında söhbətlər etdi.

Psixoloq şagirdlərlə söhbət zamanı konkret tapşırıqlar əsasında məktəblilərin şəxsiyyətinin hərtərəfli inkişafı üzrə emosional-iradi psixodiaqnostik iş apardı.

XƏBƏRLƏR

Azərbaycan bölməsi “5 b” sinif şagirdləri uşaq yazıçısı Reyhan Yusifqızı ilə görüşdülər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan bölməsi “5 b” sinif şagirdləri Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaq yazıçısı Reyhan Yusifqızı ilə görüşdə iştirak etdilər.

Tədbirdə Reyhan Yusifqızının həyat və yaradıcılığı haqqında video-çarx nümayiş olundu, kitablarındakı qəhrəmanlar təhlil olundu,məktəblilər tərəfindən ona verilən suallar cavablandırıldı.

Həmçinin, şagirdlərin ifasında yazıçının “Pəncərəni kim sındırdı?” adlı kitabından “Arximed niyə gülürdü?” hekayəsi əsasında hazırlanan səhnəciklər təqdim olundu.

Kitabxananın əməkdaşı və məktəblilər tərəfindən çəkilən “Aysu”, “Dostum Mimi”, “Pəncərəni kim sındırdı”, “Uzaq planetlilərin sirri” adlı kitablarındakı personajlarının rəsmləri yazıçını çox məmnun etdi, onlara sevgi və ehtiramını bildirdi.

Tədbirin sonunda yazıçı kitabxanaya kitablarından bir neçə nüsxə hədiyyə etdi,şagirdlərin şəxsi kitablarını imzaladı.

Pedaqoq: Kompleksin Ərəb dili müəllimi Məmmədova Gülnara 

 

 

XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinifində “Hamımız bir günəşin zərrəsiyik” mövzusunda dərs-ekskursiya təşkil olundu

şərh yoxdu

Rus bölməsi “3 c” sinifində Azərbaycan uşaq ədəbiyyatının banisi – Abdulla Şaiqin həyat və bədii yaradıcılığına həsr olunan Rus dili dərsi “Hamımız bir günəşin zərrəsiyik” mövzusunda təşkil olundu.

Dərsdə məktəblilər 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoyan və ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiqin həyatı, yaradıcılığı, uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri haqqında çıxışlar etdilər, yazıçının nağıllarının motivləri əsasında təqdimat posterləri hazırladılar və “Tıq-tıq xanım” nağılından səhnəciklər nümayiş etdirdilər.

Dərsin davamı kimi məktəblilər Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyində oldular və burada muzeyin əməkdaşları şagirdlərə Azərbaycanın uşaq ədəbiyyatı incilərini yaradan Abdulla Şaiqin həyatı , yaradıcılığı, ev muzeyində saxlanılan əşyaları barədə ətraflı məlumat verdilər.

Ekskursiya şagirdlərin böyuk marağına səbəb oldu.

Pedaqoq: Qəniyeva Sevda