XƏBƏRLƏR

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirildi

Fevralın 25-də 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirildi.

Anım tədbirində XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad olundu, Azərbaycan xalqının qan yaddaşına həkk olunan 26 fevral 1992-ci il tarixli görünməmiş vəhşət gecəsində qarlı meşələrdə yüzlərlə vətəndaşımızı xilas etməyə nail olan, xain düşmənlə sona qədər mübarizə aparan və müqəddəs amal uğrunda qəhrəmancasına Şəhid olan xalqımızın igid oğul və qızlarının mübarizlik ruhu, fədakarlığı və əbədiyaşar xidmətlərinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu.

İlk öncə Dövlət Himni səsləndirildi. Sonra Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Kompozisiyada məktəblilər Azərbaycan xalqının qanayan yarası olan Xocalı faciəsi ilə bağlı duyğularını, xalqımızın hüznünü, ağrısını, eyni zamanda 44 günlük tarixi Vətən müharibəsində Xocalı qətliamını törədən erməni qəsbkarlarından artıqlaması ilə alınan intiqamımızdan sonra hiss olunan ümumxalq qüruru məharətlə ifa etdikləri şerlərdə, mahnılarda və səhnəciklərdə təqdim etdilər. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən genişmiqyaslı işlər barədə və Azərbaycan xalqının qələbə əzminin və əzəli düşmənimizdən döyüş meydanında alınan qisasın təccəssümü olan 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarxlar nümayiş olundu.

Çıxış edən Kompleksin direktoru Sara Xanlarova bildirdi ki, Azərbaycan xalqı 25-26 fevral tarixlərini hər il böyük hüzün və ağrı ilə yad edir. Lakin 44 günlük Vətən müharibəsindən sonra biz təqvimdəki hər tarixi öncəki illərdən fərqli tərzdə qeyd edirik. Vətən müharibəsi çoxəsrlik tarixində çox ağrı-acılara şahid olmuş Azərbaycan xalqının qalib və əzəli düşmənindən qisası alınmış, tarixinə, soy kökünə bağlı mübariz xalq olduğunu sübut etdi. Qeyd olundu ki, əsrin, tarixin ən böyük faciəsi olan Xocalı soyqırımının 30-cu ildönümündə biz hər il olduğu kim Xocalı qurbanlarını eyni ürək ağrısı və hüzünlə yad edir, onların ruhları qarşısında baş əyir, bir daha Azərbaycan xalqının qəhrəmanlığına və fədakarlığına şahidlik edirik. S.Xanlarova Xocalı qətliamına ilk siyası qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq dünyada Xocalı soyqırımına layiqli qiymət verilməsi istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev, Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən həyata keçirilən çoxşaxəli işlər, genişmiqyaslı təbdirlər haqqında məktəblilərə ətraflı məlumat verdi. Xüsusi qeyd olundu ki, 44 günlük Vətən müharibəsi Xocalı Şəhidlərinin, Birinci Qarabağ müharibəsi Şəhidlərinin, xalqımızın günahsız qurbanlarının intiqamının əzəli düşmənimizdən artıqlaması ilə alındığı qəhrəmanlıq dastanı oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan xalqının milli mənafelərinə xidmət edən siyasi kurs ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə və Azərbaycanın tarixi qəhrəmanı İlham Əliyev 30 illik məsafəni igid əsgər və zabitlərimiz, güclü Ordumuzla 44 gün ərzində qət etdi və tarixi ədalət zəfər çaldı, Azərbaycan xalqının günahsız qurbanlarının qisası döyüş meydanında alındı.

132-134 nömrəli Təhsil Kompleksində gənc nəslin yüksək vətənpərvərlik və milli ruhda təlim-tərbiyəsinə hər zaman xüsusi diqqət göstərildiyini qeyd edən S.Xanlarova bildirdi ki, Bakının tarixi məktəbləri olan 132 və 134 nömrəli məktəblərin məzunları Birinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak ediblər, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov 134 nömrəli məktəbin məzunu olub. 44 günlük Vətən müharibəsində Kompleksimizin üç nəfər məzunu qəhrəmancasına Şəhid olub. Bu şərəfli tarix və Kompleksimizin Vətənin müdafiəsinə, Azərbaycanın müstəqilliyinə töhfələri bu gün 132-134 nömrəli Təhsil Kompleksinin bütün müəllim-şagird kollektivinin qürur mənbəyidir. S.Xanlarova diqqətə çatdırdı ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsi xalqımızın əzmkarlığının, qəhrəmanlığının, gənclərimizin dövlətinə, xalqına, millətinə sevgisi, yüksək vətənpərvərliyinin təcəssümü, eyni zamanda tarixboyu Azərbaycan xalqına qarşı erməni qəsbkarları tərəfindən törədilmiş qanlı cinayətlərə layiqli cavab oldu.

Direktor məktəblilərə tariximizi yaxşı öyrənməyi, Vətənimizə, torpağımıza böyük sevgi və sədaqət ruhunda böyüməyi, dərslərini əla oxuyaraq savadlı kadrlar kimi formalaşmağı və Vətəninə layiqli xidmət etməyi, Azərbaycanın ildən-ilə inkişafı və qüdrətlənməsinə töhfələr verməyi tövsiyə etdi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Xocalı soyqırımında həlak olan soydaşlarımızı ehtiramla yad edirik. Xocalıya ədalət!

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri “Sabahın alimləri” XI Respublika müsabiqəsində III yerin qalibi oldular

Fevralın 24-də “Sabahın alimləri” XI Respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirildi və müsabiqənin qalibləri elan olundu.

132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Əlizadə Cavidan Vüsal oğlu (XI sinif, “11 c”) və Əhmədova Səbinə Xudaverdi qızı (X sinif, “10 b”) “Sabahın alimləri” XI Respublika müsabiqəsində Tibb və sağlamlıq istiqaməti üzrə III yerin qalibi oldular. Mövzu: “Orqanizmin lipid mübadiləsinin təbii mənşəli birləşmələr ilə korreksiyası”.

Cavidan və Səbinəni bu yüksək nailiyyət münasibətilə təbrik edir, gələcəyin alimləri olan şagirdlərimizə yeni-yeni elmi nailiyyətlər və təhsil uğurları arzu edirik.

XƏBƏRLƏR

“Bizim böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirildi

Fevralın 21-də 132-134 nömrəli Təhsil Kompleksində Bakı Şəhər İcra Hakimiyyətinin “Regional İnkişaf” İctimai Birliyi ilə birgə layihəsi olan, məktəblilər üçün nəzərdə tutulmuş “Bizim böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirildi.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, məktəbin müəllim heyəti və bir qrup şagirdi iştirak etdilər.

Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova çıxış edərək məktəb kollektivi adından qonaqları salamlayaraq məktəbə təqdim olunan kitablara görə öz təşəkkürünü bildirdi.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn “Bizim böyük Qələbəmiz”, “Böyük Qayıdış”, “Vətən müharibəsinin tarixi” və digər nəşrlərin hər biri barədə tarixi faktlara söykənərək ətraflı məlumat verdi, əldə olunan tarixi Qarabağ Zəfərinin mənəviyyat və insanlığın erməni faşizmi üzərində böyük qələbəsi olduğunu vurğuladı. Elmin İmanov orta məktəblərdə Qarabağ həqiqətləri, Şanlı Qələbəmiz və Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin çoxşaxəli siyasi və sərkərdəlik fəaliyyətinin gənclər arasında təbliğinin gücləndirilməsi ilə bağlı verilən tövsiyələrin artıq öz bəhrəsini verdiyini qeyd etdi.

Çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığı Vətən Müharibəsinin gələcək nəsillərə tanıdılması üçün hər kəsin öz cəbhəsində töhfələr verməyə çalışdığını, BŞİH-in təşəbbüsü ilə ərsəyə gələn “Bizim böyük qələbəmiz” kitabının da bu mənada müstəsna əhəmiyyətə malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda Kəmalə Həşimova kitabın, yeniyetmə və gənclərimizin burada əks olunan tarixi şəxsiyyətlər və sərkərdələrimizin, şəhid və qazilərimizin fədakarlığı ruhunda tərbiyə olunması, Zəfərin əldə edilməsindən sonra Azərbaycanı regionda və dünyada öz sözünü qürurla diktə edən lider dövlətə çevrilməsinə zəmin yaradan tarixi faktların və reallıqların, həmçinin müasir qəhramanlıq nümunələrinin öyrənilərək mənimsənilməsi, bu tarixi Qələbədən sonra formalaşan qalib ruhlu yeni cəmiyyətin davamlı olaraq inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etdiyi vurğuladı.

Sonra qonaqlar məktəbin şagirdlərinə kitabları təqdim etdilər, onlara Vətən Müharibəsindəki şanlı qələbə barədə ətraflı məlumat verdilər, eyni zamanda şagirdləri maraqlandıran sualları cavablandırdılar.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksi OCEP layihəsində fəal iştirak etdiyinə görə təşəkkür plaketi ilə mükafatlandırılıb

132-134 nömrəli Təhsil Kompleksi OCEP layihəsində fəal iştirak etdiyinə görə təşəkkür plaketi ilə mükafatlandırılıb. Mükafat MOK-un marketinq şöbəsinin əməkdaşı Mirağa Əliyev  tərəfindən Təhsil Kompleksinə təqdim edilib. Bundan əlavə gələcəkdə layihə ilə bağlı görüləcək işlər də müzakirə edilib.