XƏBƏRLƏR

20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan Anım tədbiri

132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan Anım tədbiri keçirildi.

Anım tədbirində xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş və müstəqilliyimizin ilk Şəhidləri kimi qəlbimizdə əbədi yaşayacaq olan 20 Yanvar şəhidlərinin, o cümlədən 1990-cı ildə 134 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Şəhid Larisa Məmmədovanın əziz xatirəsi xüsusi ehtiramla yad olundu.

Kompleksin direktoru, Əməkdar müəllim Sara Xanlarova çıxışında qeyd etdi ki, 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan xalqının həyatında mühüm dönüş nöqtəsi oldu. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi. Bu qanlı terror hadisəsi nəticəsində Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Diqqətə çatdırıldı ki, Ümummilli Lider Heydər Əliyev o dövrün siyasi mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların müəyyən edilib aşkara çıxarılması məsələsini faciənin baş verdiyi ilk gündən etibarən diqqətdə saxlayıb və bunun nəticəsində bu cinayət aktı haqqında həqiqətlər üzə çıxıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev 20 yanvar şəhidlərinin qəhrəmanlığının və xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir. Xalqımız 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müstəqilliyimiz uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarını unutmur. Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, Azərbaycan qalib ölkə kimi dünyada əsl söz sahibidir.

Anım tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri 1990-cı il 20 Yanvar faciəsinə, insanlığa qarşı cinayət olan bu dəhşətli qətliamın qurbanlarına və müstəqilliyimizin ilk Şəhidlərinin xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəblilər qan yaddaşımıza həkk olunan və milli iradəmizin zəfər çaldığı 20 Yanvar qəhrəmanlıq gününə həsr olunan şerlər səsləndirdilər, musiqi kompozisiyaları ifa etdilər. Məktəblilərin çıxışlarında xüsusilə qeyd olundu ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alındı, qəhrəman oğul və qızlarımızın ruhu şaddır.

Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş xüsusi dərslər keçirildi

Yanvarın 19-da 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölməsində ilk dərslər 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olundu. Dərslərdə müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş və insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsi, Azərbaycanın müstəqilliyi uğrunda ilk Şəhidlərimiz və xalqımızın şərəf salnaməsi olan azadlıq mübarizəsi haqqında məktəblilərə ətraflı məlumat verdilər. Kompleksimizdə bütün gün ərzində 20 Yanvar Şəhidi, 1990-cı ildə 134 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Larisa Məmmədovanın və bütün 20 Yanvar Şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu.

Kompleksimizin şagirdləri daima xalqımızın qəhrəmanlıq tarixi barədə maarifləndirilir, məktəblilərə Vətən sevgisi və torpağa bağlılıq ruhu aşılanır. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!

Foto: Azərbaycan bölməsi “2 c” sinifi (Pedaqoq: Səfərova Pakizə), “3 c” sinifi (Pedaqoq: Qurbanova Törə)

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin “TechnoCity” komandası “RoboGames 2022” STEAM müsabiqəsində uğurla çıxış edib

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin “TechnoCity” komandası 24-25 dekabr tarixlərində Elm və Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy”nin təşkilatçılığı ilə  keçirilən “RoboGames 2022” STEAM müsabiqəsində uğurla çıxış edib.

“RoboGames 2022: Smart City” layihəsi ilk dəfə olaraq 10-16 yaşlı məktəblilər üçün təşkil olunan yerli layihə əsaslı robot texnologiyaları müsabiqəsidir. “RoboGames” şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə qarşılaşdıran və onların həll yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirən qeyri-adi təcrübədir.

Müsabiqə 2 gün müddətində dövlət və özəl tədris müəssisələri olmaqla ümumilikdə 40 komanda, 201 iştirakçı və komanda rəhbərlərinin iştirakı ilə ADA Universitetində baş tutub. Komandalar “Smart City” mövzusunda “Lego mindstorms ev3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün proqramlaşdırılmış robotlar yığıb və rəqəmsal həllərin köməyilə daha səmərəli resurslardan istifadə edərək yaradıcı yanaşma nümayiş etdiriblər.