XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində 27 sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olundu. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Vətən Müharibəsi Şəhidlərinin və 132-134 nömrəli Təhsil Kompleksinin Şəhid məzunlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Azərbaycan əsgər və zabitlərinin Vətən müharibəsində göstərdikləri igidlik və şücaət, onların həyat və döyüş yolunu əks etdirən videoçarxlar nümayiş olundu. Şagirdlər Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbəyə, rəşadətli Ordumuza, Azərbaycan əsgərinin vətənpərvərliyinə, 44 gündə qəhrəmanlıq dastanı yazan əbədiyaşar Şəhidlərimizin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Qəhrəman Şəhidlərimizin daima yüksək ehtiram və dərin məhəbbətlə yad olunduğunu, əziz xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edən direktor Sara Xanlarova bildirdi ki, iki il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, eləcə də strateji yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda rəşadətlə döyüşərək böyük tarixi nailiyyətə imza atdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar Şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. Azərbaycan xalqı 44 gün ərzində Vətən sevgisini, torpağa bağlılığını, döyüşkənliyini, bir yumruq kimi Prezidenti ətrafında birləşmək bacarığını bütün dünyaya nümayiş etdirdi. Şuşa döyüşləri və Qarabağın gözü Şuşa qalasının işğaldan azad olunması Azərbaycan və dünya hərb tarixinə həkk olunan əsl qəhrəmanlıq dastanına çevrildi.

S.Xanlarova vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Ulu Öndərin layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilən müstəqil, düşünülmüş, uzaqgörən və müdrik siyasətin nəticəsində Azərbaycanın Vətən müharibəsindəki haqq savaşı bir çox ölkələr tərəfindən düzgün qarşılandı və post-müharibə dövründə regionumuzda yaranan yeni geosiyasi reallıqlar dünya ictimaiyyəti tərəfindən qəbul olunaraq təsdiqləndi. Bu, xalqımızın böyük tarixi uğurudur. Azərbaycan artıq dünyada qalib dövlət kimi tanınır və xalqımız müzəffər xalq kimi əbədi olaraq o torpaqlarda yaşayacaq. Bu tarixi nailiyyəti, uğuru hər kəs öz işində, öz əməlində davam etdirməlidir.

Son damla qanına qədər vuruşaraq Azərbaycan xalqına böyük zəfər yaşadan qəhrəman Şəhidlərimizin hər zaman xalqın qəlbində yaşayacaqlarını diqqətə çatdıran S.Xanlarova Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu qələbədə öz payı olan 132-134 nömrəli Təhsil Kompleksinin Şəhid məzunlarının əziz xatirəsinin hər zaman uca tutulacağını qeyd etdi.

Tədbirdə çıxış edən Kompleksin Tarix müəllimləri Səmədova Tünzalə və Əfəndiyeva Aygün Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən, qəhrəman oğulların igidliyindən, hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışdılar. Tarixi qələbəni şərtləndirən amillər haqqında məktəblilərə məlumat verən müəllimlər vurğuladılar ki, Azərbaycan xalqı bu qələbə ilə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Gənc nəslin yüksək vətənpərvərlik və Vətənə sevgi ruhunda böyüdüyünü qürurla qeyd edən müəllimlər, məktəblilərə Vətənə hər zaman ləyaqətlə xidmət etməyi, Şəhidlərimizin xatirəsini əziz tutmağı və Vətən torpağını göz bəbəyi kimi qorumağı tövsiyə etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.