Oktyabrın 18-də 132-134 nömrəli Təhsil Kompleksində 44 günlük Vətən müharibəsinin Şəhidləri, Təhsil Kompleksinin qəhrəman məzunları Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun xatirə lövhələrinin açılış mərasimi keçirildi.
Açılış mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Milli Məclisin deputatı Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail rayon Şəhidlərinin valideynləri, ailə üzvləri, Vətən müharibəsi qaziləri, 132-134 nömrəli Təhsil Kompleksinin müəllim-şagird kollektivi, rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.
İlk öncə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Təhsil Kompleksinin qəhrəman məzun Şəhidləri Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun xatirə lövhələri önünə güllər düzüldü, xatirələrinə ehtiram ifadə olundu.
Çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm Zəfəri və qəhrəmanlıq salnaməsi, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Zəfər yolu və xalqımızın müharibə dövründəki milli birliyi, işğaldan azad olunan ərazilərdə həyata keçirilən misilsiz bərpa, yenidənqurma işləri, 18 oktyabr – dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə baş verən hadisələr və müasir müstəqil Azərbaycanın inkişaf yolu haqqında danışdı. İcra başçısı qeyd etdi ki, biz qəhrəman Azərbaycan Ordusu, şanlı Zəfər tarixi yazan Şəhidlərimiz, qazilərimiz ilə fəxr edirik. Fərəhləndirici haldır ki, canlarını Vətən uğrunda fəda edən əziz Şəhidlərimizin adları, qəhrəmanlığı əbədiləşdirilir, onların xatirə lövhələri, büstləri ucaldılır, kitablar yazılır, filmlər çəkilir. Vurğulandı ki, gələcək nəsillər qəhrəman Şəhidlərimizi tanıyacaq, onların qəhrəmanlığından örnək götürəcək və Vətənin keşiyində əzmlə dayanacaqlar.
Milli Məclisin deputatı Nigar Arpadarai bugünkü tədbirin Azərbaycan xalqı üçün əlamətdar tarixi gündə – 18 oktyabrda keçirildiyini qeyd edərək bildirdi ki, Azərbaycan keşməkeşli müstəqillik yolu keçib, çox sınaqlardan üzüağ çıxıb və qəhrəman oğulları sayəsində bu gün, müasir, qüdrətli dövlətə çevrilib. Biz bu gün qürurlu, qalib xalqıq, çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, işğaldan azad olunan ərazilərimizdə üçrəngli bayrağımız ucaldılıb. Deputat qeyd etdi ki, ölkəmizdəki xalq-iqtidar birliyi sayəsində biz əzəli düşmənimizi ağır məğlubiyyətə uğratdıq və Azərbaycanın müasir gəncləri möhtəşəm qələbə günləri yaşadılar. N. Arpadarai gənclərin qarşısında duran vəzifələrdən danışaraq vurğuladı ki, gənc nəsillər onlara əmanət olunan müasir, müstəqil Azərbaycan dövlətini göz bəbəyi kimi qorumalı və bayrağımızı daim ucalarda qürurla dalğalandırmalıdırlar.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən Şəhidlərimizin xatirəsini daima əziz tutmaq hər birimizin vətəndaşlıq borcudur. Şəhidlərimiz, qazilərimiz, qəhrəman Azərbaycan əsgəri döyüş meydanında böyük qəhrəmanlıq nümayiş etdirdilər, müqəddəs amal üçün həyatlarını qurban verdilər, eyni zamanda xalqımızın milli birliyinə nail oldular. Vurğulandı ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət ölkəmizdə uğurla davam etdirilir və Azərbaycanın qlobal miqyasda nailiyyətləri hər bir vətəndaşımızı qürurlandırır.
132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova çıxışında qeyd etdi ki, Təhsil Kompleksinin qəhrəman məzunlarının xatirə lövhələrinin açılış mərasimi məktəbin tarixində son dərəcə əlamətdar və unudulmaz hadisədir. Direktor vurğuladı ki, 132-134 nömrəli Təhsil Kompleksi hər zaman öz məzunları ilə fəxr edib. Bu məktəb vətənpərvər, savadlı məzunlar, qəhrəman Şəhidlər yetişdirən məktəbdir. Birinci Qarabağ müharibəsi Şəhidi, Milli Qəhrəman Riad Əhmədov, 20 Yanvar Şəhidi Larissa Məmmədova, 44 günlük Vətən müharibəsinin qələbə Şəhidləri Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqov 132-134 nömrəli Təhsil Kompleksinin hər zaman böyük fəxr və qürurla anılan qəhrəman məzunlarıdır. Müqəddəs Vətən torpaqlarının azadlığı, xalqımızın müstəqilliyi uğrunda canlarını fəda edən bu qəhrəmanların hər birinin şərəfli həyat yolu bu məktəbdə böyüyən, yetişən gənc və gələcək nəsillər üçün böyük örnəkdir. Müasir, müstəqil, qüdrətli Azərbaycanın Ulu Öndər Heydər Əliyevin və görkəmli dövlət xadimi, ölkə başçısı, qalib ordunun qalib sərkərdəsi, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi yolu ilə uğurla irəlilədiyini vurğulayan S.Xanlarova əminliyini ifadə etdi ki, qalib Azərbaycan xalqı bundan sonra da Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu və layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək inamla gələcəyə addımlayacaq və ildən-ilə yeni qələbələrə imza atacaqdır. Qəhrəman Şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad olunacaq və yaşadılacaqdır.
Çıxış edən Şəhid məzunlarımızın valideynləri övladlarının xatirəsinin və qəhrəmanlıqlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər üçün rayon rəhbərliyinə, 132-134 nömrəli Təhsil Kompleksinin müəllim və şagird kollektivinə təşəkkür etdilər. Valideynlər bildirdilər ki, biz bu gün çox qürurluyuq, çünki, övladlarımız yalnız bir ailənin, bir məktəbin deyil, böyük bir xalqın qəhrəmanına çevrildilər. 44 günlük müqəddəs Vətən müharibəsində döyüşən, Azərbaycan xalqına Zəfər yaşadan və bu yolda Şəhid olan qəhrəmanların hər biri igidlik dastanı və fəxarət tarixi yazdılar. Əziz Şəhidlərimizin xatirəsinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda böyüdülməsində müəllimlərin rolunu xüsusi vurğulayan Şəhid valideynləri qeyd etdilər ki, Şəhid ailələrinə göstərilən hər bir diqqət bu ailələr üçün çox önəmli və dəyərlidir.
Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri vətənpərvərlik mövuzusunda Şəhidlərimizə həsr olunan ədəbi-musiqili kompozisiya ilə çıxş etdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!