132-134 nömrəli Təhsil Kompleksində “8 Noyabr – Zəfər Günü” münasibətilə təntənəli bayram tədbiri keçirildi.
Kompleksin qəhrəman Şəhid məzunlarının valideynlərinin, Səbail rayon İcra Hakimiyyətinin müavini Kəmalə Həşimova və RİH-in məsul əməkdaşlarının, çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Şanlı Qələbəyə, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinə, qəhrəman Azərbaycan Ordusunun rəşadətinə və Vətənin suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə və şanlı qələbə yolu keçən müharibə veteranlarına həsr olunan çıxışlar edildi, məktəblilər tərəfindən hazırlanan və məharətlə ifa olunan ədəbi-bədii kompozisiya təqdim olundu.
Bayram tədbirində Kompleksin direktoru Sara Xanlarova, Səbail rayon İcra Hakimiyyətinin müavini Kəmalə Həşimova və Kompleksin qəhrəman Şəhid məzunlarının ailə üzvləri çıxış edərək, Azərbaycan xalqının qəhrəmanlıq dastanına çevrilən 44 günlük şərəf, milli qürur mübarizəsindən fəxrlə danışdılar və Azərbaycan ordusunun, Vətənin qəhrəman oğullarının şücaətini, Vətən sevgisini və əvəzsiz xidmətlərini yüksək qiymətləndirdilər.
Məktəblilər vətənpərvərlik ruhunda hazırlanan ədəbi-bədii kompozisiya zamanı Ali Baş Komandana, qəhrəman Şəhidlərimizə, rəşadətli Azərbaycan əsgərinə, doğma Vətənimizə həsr olunan şerlər dedilər, mahnılar səsləndirdilər, gözəl tərtibatda rəqslərlə çıxış etdilər.
Bayram tədbiri qürur və fəxarət dolu duyğulu anlarla yadda qaldı. Qələbən mübarək, Şanlı Azərbaycan! Yaşasın qəhrəman Azərbaycan xalqı! Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun! QARABAĞ AZƏRBAYCANDIR!