Mayın 22-də 132-134 nömrəli Təhsil Kompleksində Fransız dili və Frankofoniya həftəsi çərçivəsində ənənəvi “Fransa günü” keçirildi. Tədbirdə Fransanın Azərbaycandakı Səfiri xanım Ann Buayon, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, APFAZ-ın sədri, Təhsil Problemləri İnstitunun fransız dili üzrə koordinatoru Gülbəniz Camalova, Bakı Dövlət Universitetinin Alman-Fransız kafedrasının dosenti Azelma Həsənova və dəvət olunan çoxsaylı qonaqlar iştirak etdilər.
Qonaqlar ilk öncə Təhsil Kompleksinin binası, dərs otaqları, Kompleksin tarix muzeyi, “Fransız modeli” siniflərində tədris prosesi ilə tanış oldular, Kompleks şagirdləri ilə Fransız dilində söhbət etdilər. Qonaqlar məktəblilərin kiçik yaşlardan başlayaraq Fransız dilində sərbəst və səlis danışdıqlarını məmnunluqla qeyd etdilər.
Daha sonra Kompleksin Akt zalında “Fransa günü” ilə bağlı tədbir keçirildi.
Tədbirdə ilk öncə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirildi.
Tədbiri açıq elan edərək qonaqları salamlayan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova hər il Frankofoniya həftəsi çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində Fransanın Azərbaycandakı Səfirinin iştirakı ilə keçirilən “Fransa günləri”, Kompleksin Azərbaycan-Fransız Universiteti (UFAZ) və Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) ilə birgə fəaliyyəti, Kompleksdə Fransız dilinin öyrənilməsinə olan yüksək maraq və bu istiqamətdə görülən işlər, əldə olunan nailiyyətlər haqqında danışdı. Qeyd olundu ki, 132-134 nömrəli Təhsil Kompleksində 20 ildən çoxdur ki, Fransanın tarixinin və mədəniyyətinin öyrənilməsi, təbliği, müsbət təhsil təcrübəsinin tətbiqi ilə bağlı müxtəlif işlər görülür, uğurlu layihələr icra olunur. Direktor bu layihələr arasında Azərbaycanda ilk dəfə olaraq Avropa (Fransa) modeli olan “Ana məktəb” layihəsinin (The Maternal School) məhz Təhsil Kompleksi nəzdində fəaliyyətə başlamasını, Kompleksin 2011-ci ildən etibarən Fransanın məşhur “Ecole de Roshes” məktəbi ilə qardaşlaşmış məktəblər layihəsi çərçivəsində sıx əməkdaşlığını, “Ana məktəb” layihəsi üzrə Kompleksdə dərs deyən müəllimlərin və təhsil alan şagirdlərin dəfələrlə Fransaya səfərlərini xüsusi qeyd etdi.
Çıxış edən Fransanın Azərbaycandakı Səfiri xanım Ann Buayon bugünkü tarixi və əlamətdar gün münasibətilə 132-134 nömrəli Təhsil Kompleksinin bütün müəllim-şagird kollektivini təbrik etdi və bu tədbirdə iştirakından, Təhsil Kompleksinə gəlişindən, buradakı müsbət təhsil-tədris mühiti, məktəblilərlə söhbətlərindən məmnunluqla danışdı. Xanım Səfir Təhsil Kompleksinin tarixi ilə tanış olduğunu qeyd etdi və bildirdi ki, XIX əsrdən fəaliyyətə başlayan və 160 ildən çoxdur ki, uğurla fəaliyyət göstərən, zəngin tarixi olan bu təhsil ocağında Fransız dilinin öyrənilməsi, Fransanın tarixi, dili, mədəniyyətinin təbliği ilə bağlı görülən işlər təqdirəlayiqdir. Təhsil Kompleksinin ona Fransanın böyük tarixi liseylərini xatırlatdığını vurğulayan xanım Ann Buayon Kompleks şagirdlərinin kiçikdən-böyüyə Fransız dilində gözəl danışmasından və burada Fransaya olan maraqdan çox razı qaldığını qeyd etdi.
Çıxışlarda Azərbaycan-Fransa diplomatik əlaqələrinin inkişafı, 132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycanda Fransız dilinin inkişafı istiqamətində gördüyü işlər və bu fəaliyyətə mühüm töhfələrindən bəhs edildi. Kompleksin şagirdlərinin müxtəlif layihə və müsabiqələrdə Fransanın tarixi, dili, mədəniyyətinin təbliği ilə bağlı gözəl çıxışları xüsusi vurğulandı.
Tədbirin bədii hissəsində Təhsil Kompleksinin şagirdləri Fransa mədəniyyətinin müxtəlif nümunələrinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, Fransız dilində mahnılar oxudular, şerlər səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər, eyni zamanda Azərbaycanla bağlı mahnılar oxudular və səhnədə Azərbaycan-Fransa dostluğu və mədəni əməkdaşlığının əyani nümunəsini göstərdilər.
132-134 nömrəli Təhsil Kompleksində keçirilən “Fransa günü” xoş təəssüratlar, rəngarəng səhnəciklər, məktəblilərin maraqlı çıxışları və gələcək əməkdaşlıq üçün yeni perspektiv planların yaranması ilə yadda qaldı.