XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Fərid Əliyevin evi ziyarət olundu

şərh yoxdu

Kompleksimizin müəllimləri və Azərbaycan bölməsi “6 a” sinif şagirdləri 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Fərid Əliyevin böyüyüb, boya-başa çatdığı mənzildə oldular, Şəhidimizin ailəsini ziyarət etdilər, ailə üzvləri ilə görüşdülər.

Görüş zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olan Şəhidlərimizin əziz xatirələri ehtiramla yad olundu, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində xalqımızın zəfər yolundan qürurla bəhs olundu. Məktəblilər qəhrəman Şəhidimiz Fərid Əliyevin anası Pərvanə xanım, atası Pirəli bəy, həyat yoldaşı Elnarə xanımla görüşdülər, unudulmaz məzunumuz haqqında ailə üzvlərinin və Kompleksin əməkdaşlarının xatirələrini dinlədilər, 44 günlük Vətən müharibəsinin qələbə Şəhidi Fərid Əliyevi daha da yaxından tanıdılar.

Qəhrəman məzun Şəhidimiz Əliyev Fərid Pirəli oğlu 14 avqust 1994-cü il tarixində Bakı şəhərində anadan olub. 2010-cu ildə 132 saylı tam orta məktəbi bitirib. 27 sentyabr tarixində başlanan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanıb. 5 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Vətənə əmanət 2 övladı qalıb.

Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır. Ruhun şad olsun, igid! Qəhrəman məzunumuz Fərid hamımızın fəxri, qürurudur!

XƏBƏRLƏR

Rus bölməsi “6 ç” sinif şagirdlərinin “Qarabağın ekologiyasını xilas edək!” layihəsi

şərh yoxdu

Rus bölməsi “6 ç” sinif şagirdləri bu gün “Rus dili” dərsində “Qarabağın ekologiyasını xilas edək!” mövzusunda hazırladıqları layihəni təqdim etdilər.

Məktəblilər komanda işi formatında hazırladıqları maketlər və posterlər əsasında mövzunun müxtəlif aspektləri haqqında çıxışlar etdilər, doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpası məsələsinin əhəmiyyətinə diqqət çəkdilər və Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək üçün təkliflər irəli sürdülər.

Layihə rəhbəri: Kompleksin Rus dili və ədəbiyyatı müəllimi Zutikova Svetlana Aleksandrovna

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində STEAM layihəsi çərçivəsində “8 Noyabr – Zəfər günü” ilə bağlı yaradıcılıq sərgisi

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində STEAM layihəsi çərçivəsində Azərbaycan bölməsi şagirdlərinin “8 Noyabr – Zəfər günü” ilə bağlı hazırladıqları yaradıcılıq sərgisi nümayiş olunur.

Sərginin məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin gənc nəslə çatdırılması və qəhrəman Şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsidir.

XƏBƏRLƏR

“8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ingilis dilində “Breyn-rinq” intellektual yarışı keçirildi

şərh yoxdu

Noyabrın 2-də Azərbaycan bölməsi “8 a” sinif şagirdlərinin iştirakı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ingilis dilində “Breyn-rinq” intellektual yarışı keçirildi.

Bilik yarışının keçirilməsində əsas məqsəd Qarabağın tarixi, mədəniyyəti, Azərbaycan xalqının 44 günlük Zəfər yolu haqqında məktəblilərin biliklərinin yoxlanılması ilə yanaşı, gənc nəslin xarici dillərin mənimsənilməsinə, elmə, intellektual yarışlara marağının artırılması, yeniyetmələrin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün genişləndirilməsi və şagirdlərin komanda şəklində işləmək bacarıqlarının inkişaf etdirilməsidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsinə həsr olunan “Breyn-rinq” yarışında məktəblilər Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, memarlıq abidələri haqqında ingilis dilində səsləndirilən suallara sürətli cavab tapmaq üçün bir-biriləri ilə yarışdılar və sonda dostluq qazandı.

Müəllimələr: Kompleksin İngilis dili müəllimələri Əfəndiyeva Zemfira  və Fərəcullayeva Yadigar

XƏBƏRLƏR

“Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici və məlumatlandırıcı tədbir

Oktyabrın 28-də 132-134 nömrəli Təhsil Kompleksində “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici və məlumatlandırıcı tədbir keçirildi.

Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin əməkdaşlarının təşkilatçılığı ilə keçirilən profilaktik tədbirdə Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Hafiz Təmirov, Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Bakı Şəhər Narkoloji Mərkəzin həkimi Fizzə Baxışova, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə baş inspektoru Sahib Seyidov, Ümid Yeri Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər.

Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənildi, daha sonra yetkinlik yaşına çatmayan yeniyetmələri maraqlandıran suallar ətrafında profilaktik söhbət keçirildi. Kompleksin şagirdlərini mövzu ilə bağlı maraqlandıran suallar Səbail rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis baş leytenantı Emin Bağırzadə, bölmə əməkdaşları və qonaqlar tərəfindən ətraflı cavablandırıldı.

Tədbirdə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi hazırlanmış və narkomaniya ilə bağlı bütün dəhşətləri özündə əks etdirən maarifləndirici videoçarx nümayiş olundu.

XƏBƏRLƏR

8 Noyabr – Zəfər Gününə həsr edilmiş ibtidai sinif şagirdləri arasında şahmat idman yarışı

Oktyabrın 27-də 132-134 nömrəli Təhsil Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş ibtidai sinif şagirdləri arasında şahmat idman yarışı keçirildi.

Qaliblərimiz:

Qızlar arasında:

I yer – Rüstəmli Burla (Rus bölməsi “3 b” sinif şagirdi)

II yer – Xavəndi Xiyavi Parla (Azərbaycan bölməsi “3 a” sinif şagirdi)

III yer – Nəcəfova Xəzra (Azərbaycan bölməsi “3 a” sinif şagirdi) və Əkbərzadə Cahan (Rus bölməsi “4 e” sinif şagirdi)

 

Oğlanlar arasında:

I yer – Qulizadə Raul (Azərbaycan bölməsi “3 b” sinif şagirdi)

II yer – Qafarzadə Cavad (Rus bölməsi “3 c” sinif şagirdi)

III yer – Əliyev Əhməd (Azərbaycan bölməsi “3 b” sinif şagirdi) və Raghunath Aarav (Azərbaycan bölməsi “3 c” sinif şagirdi)

Turnirdə iştirak edən bütün yeniyetmə şahmatçılarımızı və qaliblərimizi təbrik edirik.

XƏBƏRLƏR

8-ci sinif şagirdlərimiz “Ekoloji tarazlığın mühafizəsi və bərpası” layihəsini təqdim etdilər

Rus bölməsi “8 ç” sinif şagirdləri bu gün “Həyat bilgisi” dərsində “Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda hazırladıqları tədqiqat layihəsini təqdim etdilər. Layihə çərçivəsində məktəblilər 6 komandaya bölünərək aşağıdakı mövzuları araşdırdılar:

1) Zibil qalaqlarının azaldılması;

2) Yaşıllaşdırma;

3) Su hövzələrinin təmizliyinin qorunması;

4) Havanın çirklənməsinin qarşısının alınması;

5) Yaşadığınız ərazilərin təmizliyi;

6) Şəhəri zəhərli qazlardan qorumaq üçün ictimai nəqliyyat vasitələrinin istifadəsində mümkün dəyişikliklər

Hər bir komanda iki həftə müddətində araşdırdıqları mövzu üzrə maketlər, məlumat broşürləri və plakatlar hazırlamışdılar. Komandalar mövzu ilə bağlı öyrəndikləri məlumatları və əldə olunan nəticələri interaktiv təqdimat formatında təqdim etdilər.

Dərsdə mövzu ilə bağlı “Ekoloji problemlər” videoçarxına baxış keçirildi, “Biz nəyi mühafizə edirik – təbiəti yoxsa öz həyatımızı?” mövzusunda komandaların hazırladıqları essələr qiymətləndirildi və “Ekosistem nədir?” mövzusunda diskussiya təşkil olundu.

Layihə rəhbəri: Kompleksin Biologiya və Həyat Bilgisi müəllimi Səmədova Rübabə

XƏBƏRLƏR

Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya

Rus bölməsi “2 b” sinif şagirdləri Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada oldular.

Məktəblilər muzeydəki eksponatlar, müxtəlif ekspozisiyalar və Azərbaycanın ayrı-ayrı bölgələrinə aid klassik xalça nümunələri, həmçinin xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış oldular. Ekskursiya zamanı şagirdlərə milli mədəniyyətimizin mühüm bir hissəsi olan Azərbaycanda zəngin xalçaçılıq ənənələri və tarixi haqqında geniş məlumat verildi, məktəblilərin sualları cavablandırıldı.

Bu cür ekskursiyaların təşkili məktəblilərin xalqımızın zəngin mədəniyyəti, yüksək milli-mənəvi və mədəni dəyərləri barədə biliklərini artırır və onların dünyagörüşünü genişləndirir.

Müəllimə: Nəsirova Nərminə

XƏBƏRLƏR

“Alma – gənclik və ölümsüzlük simvoludur” mövzusunda rəsm dərsi uşaqlar üçün həm maraqlı, həm öyrədici oldu

Rus bölməsi “2 c” sinifində “Alma – gənclik və ölümsüzlük simvoludur” mövzusunda rəsm dərsi uşaqlar üçün həm maraqlı, həm öyrədici oldu.

Məktəblilər təbiətin müxtəlifliyi və zənginliyi, o cümlədən meyvə bağları haqqında yeni məlumatlar əldə etdilər, almanın insan orqanizmi üçün faydalarını öyrəndilər.

Müəllimə: Qəniyeva Sevda

XƏBƏRLƏR

İkinci Fəxri Xiyabanda Vətən müharibəsi Şəhidlərinin məzarları ziyarət edildi

132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan bölməsi “10 a” sinif şagirdləri İkinci Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olan Şəhidlərimizin, Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov və Mübariz İbrahimovun, həmçinin 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Tarıverdiyevin məzarlarını ziyarət etdilər. Qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüldü və Şəhidlərimizin əziz xatirələri ehtiramla yad olundu.

Məktəblilər qəhrəman Şəhidimiz Nicat Tarıverdiyevin anası Şükran xanımla görüşdülər, unudulmaz məzunumuz haqqında Şükran xanımın və Nicatın müəllimlərinin xatirələrini dinlədilər, 44 günlük Vətən müharibəsinin qələbə Şəhidi Nicat Tarıverdiyevi daha da yaxından tanıdılar.

Bu gün yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimiz qarşısında duran əsas vəzifələrdən biridir. Təhsil ocaqlarında təlim-tədris planının əsas strategiyası həm də şagird və tələbələrdə Vətən sevgisi, Vətən uğrunda mübarizə aparmağın əhəmiyyətini aşılamaq olmalıdır.

Torpaq Şəhid qanı ilə birləşəndə Vətən olur. Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hər bir qəhrəmanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Ruhunuz şad olsun, igid Vətən oğulları!