XƏBƏRLƏR

Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.

Azərbaycan Milli Şəhərsalma Forumunun məhz Azərbaycanın işğaldan azad olunan ərazilərində, Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil olunması və bu mötəbər beynəlxalq tədbirdə 40-dan çox ölkənin nümayəndələrinin, şəhər merlərinin və mer müavinlərinin, BMT-nin nümayəndəsinin iştirakı tədbirin əhəmiyyəti və əhatə miqyası baxımından olduqca önəmlidir. “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycanda təşkil olunan Forumda dünya dövlətlərinin nümayəndələrinin iştirakı Azərbaycanın haqq mübarizəsinə və Azərbaycanın beynəlxalq hüququ bərpa etdiyi, BMT qətnamələrini icra etdiyi, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək xalqımızın milli ləyaqətini bərpa etdiyi 44 günlük Vətən müharibəsinə və post-müharibə dövründə regionda yaranan yeni reallıqlara beynəlxalq ictimaiyyətin göstərdiyi dəstəyin ən bariz örnəyidir.

Ötən 30 illik işğal dövründə ən çox təəssüf doğuran məqamlardan biri bu idi ki, beynəlxalq təşkilat nümayəndələri, müxtəlif ölkə təmsilçiləri, xüsusilə bu münaqişəni həll etmək üçün ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Azərbaycana qarşı işağlçı Ermənistan bütün mümkün vasitələrlə yalan və şər kampaniyası təşkil edib, Qarabağdakı vəziyyəti olduğu kimi yox, təhrif olunmuş şəkildə təqdim edib, lakin dünya bu haqsızlığa göz yumub və Azərbaycanın beynəlxalq hüquqlarının kobudcasına pozulmasına qarşı heç bir əməli fəaliyyət göstərməyib. İndi isə, Azərbaycan öz gücünə tarixi ədaləti bərpa etdikdən sonra bütün dünya Qarabağda baş verən insanlıq faciəsinə, Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasətinə, işğaldan dövründə xalqımızın əzəli torpaqlarında həyata keçirilən dəhşətli dağıntı və viran qoyma siyasətinə şahidlik edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki nitqi bir daha Azərbaycan dövlətinin haqq səsi və işğalçının ifşası oldu. Dövlətimizin başçısının nitqində qeyd etdiyi kimi, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Bu ərazilər işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur.

Bəli, ölkə başçısının çox dəqiq və əsaslı faktlarla qeyd etdiyi kimi, bu gün işğaldan azad olunmuş ərazilərdə gördüyümüz ürəkağrıdıcı mənzərə, erməni vandalizmi, barbarlığının nümunəsi olan qeyri-insani rəftar, xalqımızın əzəli torpaqlarında Azərbaycan tarixinin, mədəniyyətinin, dini irsinin silinməsi cəhdləri artıq dünya ictimaiyyəti tərəfindən də görülür, təsdiq olunur.

Bu gün Azərbaycan yeni çağırışlarla üz-üzədir. Ancaq bunlar xoş çağırışlardır – Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, bu torpaqların sahiblərinin ata-baba yurdlarına geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılmasıdır. Əminliklə deyə bilərik ki, Azərbaycan Milli Şəhərsalma Forumu həm işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması, burada irimiqyaslı infrastruktur layihələrinin icrası üçün yeni imkanlar yaratmaq məqsədinə xidmət etdi, həm də Azərbaycan həqiqətlərinin bir daha dünyaya nümayiş olunması üçün yeni fürsətlər yaratdı.

Forumun yüksək səviyyədə təşkili, dünya ölkələri tərəfindən Foruma olan böyük maraq və yüksək iştirakın təmini və bu beynəlxalq əhəmiyyətli tədbirin gələcək nəticələri deməyə əsas verir ki, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və şübhə yoxdur ki, Azərbaycan yaxın illərdə nəinki regionumuzda, eləcə də bütün dünyada ən uğurlu ölkələrdən biri olmağa davam edəcəkdir.

Əliyeva Lalə

132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi

XƏBƏRLƏR

“Zəfər tarixi” dərsi “Vətən Müharibəsinin 10-cu günü – böyük qələbəyə doğru…” mövzusuna həsr olundu

“Zəfər tarixi” fənninin tədrisi çərçivəsində şagirdlərimizin Zəfər tariximiz barədə məlumatlandırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın təhsilalanlar arasında tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədlərinə xidmət edən dərslər təşkil olunur.

Dünən Azərbaycan bölməsi “9 c” sinifində Zəfər tarixi dərsi “Vətən Müharibəsinin 10-cu günü – böyük qələbəyə doğru…” mövzusuna həsr olundu.

Dərsdə şagirdlər Azərbaycanın tarixi Qarabağ Zəfəri, rəşadətli Azərbaycan Ordusunun 44 günlük Zəfər yolu, bu müharibədə əldə olunan qələbədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlar, Azərbaycan xalqının bu qələbəsinin tarixi əhəmiyyəti, qalib dövlətin gəncləri kimi vətənpərvərlik ruhunda böyüyən məktəblilərin üzərinə düşən vəzifələr haqqında müzakirələrdə iştirak etdilər və mövzular üzrə təqdimatlarla çıxış etdilər.

Qeyd olundu ki, “9 c” sinif şagirdlərindən iki nəfər məktəblinin yaxın qohumları 44 günlük Vətən müharibəsində qəhrəmancasına Şəhid olub. Dərsdə Şəhidimiz Kərimli İsmayıl Ceyhun oğlunun şərəfli həyat və döyüş yolu haqqında şagirdlərin hazırladığı məlumat bukleti təqdim olundu və Şəhidlərimizin qəhrəmanlığının əbədi olaraq xalqımızın qəlbində yaşayacağı vurğulandı.

Müəllim: Kompleksin Tarix müəllimi Xəlilova Pərvanə

XƏBƏRLƏR

Müəllimlərimiz Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildilər

Oktyabrın 5-də Səbail rayon İcra Hakimiyyətində “5 oktyabr – Beynəlxalq  Müəllimlər Günü” ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan dili müəllimi Əliyeva Rəna Malik qızıAzərbaycan dili və ədəbiyyatı müəllimi Məmmədova Könül Surxay qızı peşə fəaliyyətlərində fərqləndiklərinə və rayonun ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişlər.

Əziz müəllimlərimiz Rəna xanımı və Könül xanımı kollektiv adından təbrik edir, şərəfli və məsuliyyətli peşələrində, elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq.

XƏBƏRLƏR

İngilis dili müəllimi Əskərova Ədalət “Əməkdar müəllim” Fəxri adına layiq görüldü

Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” Fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 132-134 nömrəli Təhsil Kompleksinin İngilis dili müəllimi Əskərova Ədalət Sultan qızı “Əməkdar müəllim” Fəxri adına layiq görülmüşdür.

132-134 nömrəli Təhsil Kompleksinin kollektivi ingilis dilini şagirdlərinə böyük sevgi ilə öyrədən təcrübəli müəlliməmiz, eyni zamanda məktəbin UNESCO koordinatoru Ədalət xanımı “Əməkdar müəllim” adı alması münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.

 

XƏBƏRLƏR

İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır

8 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı möhtəşəm, tarixi Zəfərini qeyd etdi. 8 Noyabr – Zəfər Günü kimi Azərbaycan xalqının tarixinə əbədi həkk olundu. Azərbaycan dövləti müharibədə qalib gəldiyi kimi, post-müharibə dövründə də əsl qalib xalq olduğunu, işğaldan azad olunmuş torpaqların əsl sahibi olduğunu sübut etdi. Müharibənin bitdiyi tarixdən etibarən Azərbaycan torpaqlarında möhtəşəm bərpa, yenidən qurma layihələri başladı. 30 illik işğal dövründə düşmən Azərbaycan torpaqlarında tarixən xalqımız tərəfindən yaradılan və nəsildən-nəsilə ötürülərək yaşadılan mədəni, dini irsi məhv etməyə çalışdı. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarındakı viran qoyulmuş yaşayış məntəqələri, dağıdılmış, tarixi, mədəni abidələr, xalqımıza qarşı olan düşmənçiliyin ifadəsi olan barbarlıq, vəhşilik hər bir Azərbaycan vətəndaşını təəssüfləndirdi. 44 günlük Vətən müharibəsində qazanılan zəfər zamanı aydın oldu ki, Ermənistan işğal etdiyi Azərbaycanın şəhər və kəndlərini qəsdən dağıdıb, bütün mədəni və dini abidələri talan edib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilmədi.

Azərbaycan xalqı tarixən qurub, yaradan xalqdır. İşğaldan azad olunmuş torpaqların sahibləri artıq iki ilə yaxındır ki, bu torpaqlara yenidən həyatı qaytarır. Qısa müddətdə o torpaqlarda nəhəng quruculuq işləri görülüb, o torpaqlara qayıdış prosesi artıq başlayıb, Azərbaycan azad edilmiş şəhər və kəndlərində müasir şəhər planlaşdırılması həyata keçirir. İşğaldan azad edilmiş şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi və mədəni irsinin qorunması üzərində hazırlanıb. Qarabağ bölgəsi sənaye mərkəzinə çevriləcək. Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ağdam şəhərində ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyətdədir, Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.

Bütün bu görülən işlər Azərbaycan dövlətinin, xalqımızın torpaqlarımıza necə sahib çıxdığının sübutudur. Qısa müddətdə icra olunan möhtəşəm bərpa-quruculuq layihələri bir daha əminlik yaradır ki, Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt həyat gətirilməsinə nail olacaq, Qarabağ öz yeni həyatına qovuşacaqdır. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək. Prezident cənab İlham Əliyevin “Qarabağı cənnətə çevirəcəyik” ifadəsi çox yaxın zamanda böyük layihələr və işlər sayəsində Qarabağımızın gözəlliyinə gözəllik qatacaqdır.

Abdullayeva Dölət
132-134 nömrəli Təhsil Kompleksinin Riyaziyyat müəllimi

XƏBƏRLƏR

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

Türk milləti tarixən mərdliyi, qorxmazlığı, Vətən torpağına bağlılığı ilə seçilib. 44 günlük Vətən müharibəsi Türkün gücünü bütün dünyaya nümayiş etdirdi. Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev bütün siyasi, beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycanın haqq mübarizəsini möhtəşəm tarixi qələbə ilə yekunlaşdırdı. 44 gün ərzində Azərbaycan xalqı nəinki ərazi bütövlüyünü bərpa etdi, eyni zamanda milli kimliyini, məğrurluğunu nümayiş etdirdi. Bir ömrə bərabər 44 gün ərzində xalqımız Liderinin ətrafında “dəmir yumruq” kimi birləşdi, Ordumuz 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi və əzəli düşmənimizi “iti qovan kimi” Azərbaycan torpaqlarından qovdu. Azərbaycan xalqı müzəffər və vətənpərvər xalq olduğunu bir daha sübut etdi.

Azərbaycanın qəhrəman əsgər və zabitləri xalqımıza böyük fəxarət yaşatdılar. 44 gün ərzində hər gün irəli gedən Azərbaycan Ordusunun uğurları, yeni qələbələri hər birimizin sevinc gözyaşlarına səbəb oldu. Təəssüf ki, müharibə itkisiz olmur. Müharibədə itirdiyimiz oğullar, Qələbə Şəhidlərimiz xalqımız üçün tarixi zəfər müjdəçisi oldular. Hər bir Şəhidin evinə getdikdə böyük bir qürur hissi keçirirsən, fərəhlənirsən ki, bu Vətənin belə igid, belə vətənpərvər ailələri var.

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixinə, qəhrəmanlıq dastanına çevrildi. Bir yumruq kimi birləşən xalq əzəli düşmənimizin başını əzdi. Yüksək vətənpərvərlik ruhunda böyüyən Azərbaycan gəncliyi atalarının və babalarının qisasını düşməndən layiqincə aldı. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.

Səfərova Könül
132-134 nömrəli Təhsil Kompleksinin İngilis dili müəllimi

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi

132-134 nömrəli Təhsil Kompleksində 27 sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olundu. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Vətən Müharibəsi Şəhidlərinin və 132-134 nömrəli Təhsil Kompleksinin Şəhid məzunlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Azərbaycan əsgər və zabitlərinin Vətən müharibəsində göstərdikləri igidlik və şücaət, onların həyat və döyüş yolunu əks etdirən videoçarxlar nümayiş olundu. Şagirdlər Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbəyə, rəşadətli Ordumuza, Azərbaycan əsgərinin vətənpərvərliyinə, 44 gündə qəhrəmanlıq dastanı yazan əbədiyaşar Şəhidlərimizin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Qəhrəman Şəhidlərimizin daima yüksək ehtiram və dərin məhəbbətlə yad olunduğunu, əziz xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edən direktor Sara Xanlarova bildirdi ki, iki il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, eləcə də strateji yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda rəşadətlə döyüşərək böyük tarixi nailiyyətə imza atdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar Şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. Azərbaycan xalqı 44 gün ərzində Vətən sevgisini, torpağa bağlılığını, döyüşkənliyini, bir yumruq kimi Prezidenti ətrafında birləşmək bacarığını bütün dünyaya nümayiş etdirdi. Şuşa döyüşləri və Qarabağın gözü Şuşa qalasının işğaldan azad olunması Azərbaycan və dünya hərb tarixinə həkk olunan əsl qəhrəmanlıq dastanına çevrildi.

S.Xanlarova vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Ulu Öndərin layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilən müstəqil, düşünülmüş, uzaqgörən və müdrik siyasətin nəticəsində Azərbaycanın Vətən müharibəsindəki haqq savaşı bir çox ölkələr tərəfindən düzgün qarşılandı və post-müharibə dövründə regionumuzda yaranan yeni geosiyasi reallıqlar dünya ictimaiyyəti tərəfindən qəbul olunaraq təsdiqləndi. Bu, xalqımızın böyük tarixi uğurudur. Azərbaycan artıq dünyada qalib dövlət kimi tanınır və xalqımız müzəffər xalq kimi əbədi olaraq o torpaqlarda yaşayacaq. Bu tarixi nailiyyəti, uğuru hər kəs öz işində, öz əməlində davam etdirməlidir.

Son damla qanına qədər vuruşaraq Azərbaycan xalqına böyük zəfər yaşadan qəhrəman Şəhidlərimizin hər zaman xalqın qəlbində yaşayacaqlarını diqqətə çatdıran S.Xanlarova Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu qələbədə öz payı olan 132-134 nömrəli Təhsil Kompleksinin Şəhid məzunlarının əziz xatirəsinin hər zaman uca tutulacağını qeyd etdi.

Tədbirdə çıxış edən Kompleksin Tarix müəllimləri Səmədova Tünzalə və Əfəndiyeva Aygün Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən, qəhrəman oğulların igidliyindən, hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışdılar. Tarixi qələbəni şərtləndirən amillər haqqında məktəblilərə məlumat verən müəllimlər vurğuladılar ki, Azərbaycan xalqı bu qələbə ilə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Gənc nəslin yüksək vətənpərvərlik və Vətənə sevgi ruhunda böyüdüyünü qürurla qeyd edən müəllimlər, məktəblilərə Vətənə hər zaman ləyaqətlə xidmət etməyi, Şəhidlərimizin xatirəsini əziz tutmağı və Vətən torpağını göz bəbəyi kimi qorumağı tövsiyə etdilər.

XƏBƏRLƏR

27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr 2020-ci il. Bu tarixi gün Azərbaycan xalqının müasir dövr qəhrəmanlıq dastanının və Böyük Zəfərə gedən yolun başlanğıcı oldu. Artıq ikinci ildir ki, xalqımız bu tarixi günü dərin hüzn, eyni zamanda hədsiz fəxarət və qürur hissi ilə yad edir. Məhz bu tarixi gündə işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks hücuma keçdi və 44 günlük Vətən müharibəsi tarixə həkk olundu.

Müharibə hər zaman bir xalqın taleyində ən ağır hadisədir, çünki müharibə hər zaman itki, dağıntı, gözüyaşlı qalan ailələr, yarımçıq qalan həyatlar və fəda olunan gənc ömürlər deməkdir. Lakin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının 30 illik Vətən torpağı həsrətinə son qoyan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və əzəli düşməndən nəhayət ki, qisas alınan əsl haqq mübarizəsi idi. Bütün dünya 44 gün ərzində Azərbaycan xalqını sanki yenidən tanıdı, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanına, ölkəmizdəki xalq-ordu-iqtidar birliyinə, Azərbaycan gəncliyinin Vətən sevgisinə, mərdliyinə, cəsarətinə, fədakarlığına yaxşı mənada qibtə etdi. Dünya hərb tarixində özünəməxsusluğu ilə seçilən 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu tarixi qələbə möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyinin, Azərbaycan xalqının bir yumruq kimi birləşərək vahid amal uğrunda mübarizəsinin və qəhrəman Azərbaycan əsgər və zabitlərinin hərbi hazırlığı, döyüş və qələbə ruhu, fədakarlığı və vətənpərvərliyinin nəticəsidir.

27 sentyabr tarixi Azərbaycanda Anım Günüdür. Bu tarixi gündə hər il xalqımız bizə tarixi qələbəni qazandıran, qanıyla, canıyla Vətən torpağını düşmən tapdağından azad edən, şanlı Azərbaycan bayrağını azad Qarabağ torpaqlarında dalğalandıran qəhrəman övladlarını ehtiramla yad edəcək, onların Vətən qarşısındakı xidmətlərini, fədakarlığını əbədi yaşadacaq. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın Füzuli rayonuna səfəri zamanı dövlət başçısının Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi önündəki çıxışında qeyd etdiyi kimi: “Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.” Bəli, Anım günündə ehtiramla və dərin məhəbbətlə yad etdiyimiz Vətənin igid övladlarının, bütün Şəhidlərimizin qisası, qanı alındı. Düşmən rüsvayçı kapitulyasiya aktına imza atmağa məcbur oldu və Azərbaycanın əzəli torpaqları əsl sahiblərinə geri döndü. Biz həqiqətən də, xoşbəxt nəsilik ki, bu böyük tarixin addım-addım yazılmasına şahidlik etdik. Azərbaycan xalqı, Vətənin igid oğulları müstəqilliyimizin keşiyində əbədi duracaq və torpaq uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini əbədi yaşadacaqlar.

Cavadova Dilşad
132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi

XƏBƏRLƏR

27 sentyabr – Anım Gününə həsr olunan dərslər keçirildi

Bu gün, 132-134 nömrəli Təhsil Kompleksində 27 sentyabr – Anım Gününə həsr olunan dərslər keçirildi.

Bütün siniflərdə Anım günü ilə bağlı təşkil olunan dərslərdə Vətən müharibəsi Şəhidlərinin xatirəsi ehtiramla yad edildi, məktəblilərə müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dastanı, tarixi Qarabağ Zəfəri və Şəhidlik zirvəsinə ucalan Vətənin igid övladları haqqında məlumat verildi. Qeyd olundu ki, gənc və gələcək nəsillər hər daim Şəhidlərimizin əziz xatirəsini, qəhrəmanlığını, fədakarlığını və Vətən üçün xidmətlərini xatırlamalı, onlardan nümunə götürməli və Vətənin keşiyində mərdliklə durmalıdırlar.

Məktəblilər Təhsil Kompleksinin Tarix Muzeyində yaradılmış Şəhid məzunlar guşəsini ehtiramla ziyarət etdilər və 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin əbədiyaşar xatirəsini böyük məhəbbət və qürurla yad etdilər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin əziz xatirəsi qəlblərimizdə  əbədi olaraq yaşayacaq.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Tarıverdiyevin məzarı ziyarət olundu

132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “8 b” sinif şagirdləri erməni işğalçıları ilə döyüşlərdə Şəhid olmuş və 44 günlük Vətən müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş  qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün İkinci Fəxri Xiyabanı ziyarət etdilər.

Ziyarət zamanı bütün Şəhidlərimizin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla anıldı, məzarları üzərinə qərənfillər düzüldü.

Məktəblilər 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Tarıverdiyevin məzarını ziyarət etdilər, qəhrəman Şəhidimizin Anası Şükran xanımla görüşdülər.

Torpaq, uğrunda ölən varsa Vətəndir! Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər günündə dönə-dönə sübut etdi ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz bu topraqların hər qarışı Vətəndir! Zəfərə gedən yolun hər addımında Şəhid verildi, minlərlə gənc Vətəndən pay olmayacağını Vətən torpağı ilə bütünləşərək sübuta yetirdi. Bu şanlı tarixi bizə yaşadanları dərin hörmət və ehtiramla yad edirik! Ruhunuz şad olsun, igid Vətən oğulları!