XƏBƏRLƏR

“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının yüksəlişi” mövzusunda açıq dərs

Fevralın 17-də Təhsil Kompleksinin Coğrafiya müəllimi Qətibə Nəsirovanın rəhbərliyi və Azərbaycan bölməsi “9 d” sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının yüksəlişi” mövzusunda açıq dərs keçirildi.

Məktəblilər Ulu Öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna xidmətləri, ölkəmizdə müstəqil və güclü iqtisadi siyasətin formalaşdırılması, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda formalaşan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar haqqında çıxışlar etdilər.

XƏBƏRLƏR

“Heydər Əliyev – dahi şəxsiyyət” mövzusunda təşkilat saatı

Fevralın 15-də Təhsil Kompleksinin Biologiya müəllimi Məlahət Məmmədovanın rəhbərliyi və Azərbaycan bölməsi “7 b” sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev – dahi şəxsiyyət” mövzusunda təşkilat saatı keçirilib.

Məktəblilər Ulu Öndər Heydər Əliyevin xalqımızın azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi və milli dövlətçilik quruculuğundakı əvəzolunmaz xidmətləri barədə çıxışlar edib, Ümummili Liderə həsr olunan şerlər səsləndiriblər.

XƏBƏRLƏR

“Uşaqların yemək yemə problemi və uşağa yeməyi sevdirmənin yolu nədir?” mövzusunda ibtidai siniflərdə fərdi və qrup halında məsləhətlər keçirilir

şərh yoxdu

Məktəbdə psixoloji xidmət təkcə diaqnostik işləri həyata keçirməklə başa çatmır. Bu və ya digər çətinliyi və onun səbəbini aşkara çıxarmaqla yanaşı psixoloji xidməti həyata keçirən mütəxəssis həmin çətinlikləri aradan qaldırmaq, təshih etmək (düzəltmək) üzrə də iş aparmalıdır. Yalnız bu zaman nəzərdə tutulmuş nəticəni əldə etmək mümkündür. Məhz buna görə də, psixoloji xidmət zamanı şagirdlərin şəxsiyyətində, fizioloji, bioloji, əqli inkişafında, emosional iradi xüsusiyyətlərində özünü göstərən çətinliklərin aradan qaldırılması üçün müvafiq korreksiya işlərinin həyata keçirilməsi zəruridir.

Mütəmadi olaraq valideynlərdən şikayət gələn və sual ünvanlanan mövzular sırasında uşaqlarda qida kaprizləri ilk sıralardadır. Bu səbəblə 132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən “Uşaqların yemək yemə problemi və uşağa yeməyi sevdirmənin yolu nədir?” mövzusunda xüsusən ibtidai siniflərdə fərdi və qrup halında məsləhətlər keçirilir. Hər bir uşağın inkişafı fərdidir, fərdi istiqamətdə gedir və Kompleksin psixoloqu Quliyeva Aytən şagirdlərlə mütəmadi olaraq fərdi şəkildə uşaqda qida kaprizləri, yemə alışqanlığı formalaşdırma, uşağa sevmədiyi qidaları sevdirməyin yolları və s. məsələlər ətrafında məsləhətlər təşkil edir.

Bu məqsədlə psixoloq uşaqlarla bu mövzu ətrafında inkişafetdirici fəaliyyətlər həyata keçirir, gələcəkdə uşağın intellektual və şəxsi inkişafına təsir edə biləcək fizioloji, psixoloji xüsusiyyətlərini müəyyənləşdirir, təhsil müəssisəsində uşaqların normal inkişafı üçün zəruri olan təlim və təhsilin psixoloji şərtlərinə riayət edilməsinə nəzarət edir və inkişafın növbəti yaş mərhələsinə keçid ilə əlaqədar uşaqların zehni inkişafında mümkün olan pozuntuların qarşısını alır.

XƏBƏRLƏR

Kompleksin psixoloqları tərəfindən şagirdlərlə mütəmadi konsultativ işlər təşkil edilir, məktəblilərlə profilaktik söhbətlər aparılır

şərh yoxdu

Uşaq psixologiyasının formalaşmasında ailənin, ailənin olduğu qədər məktəbin və müəllimin rolu var. Məktəbdə psixoloji xidmətin əsas istiqamətlərindən biri günün yarısını məktəbdə keçirən şagirddə sinif yoldaşları, onunla bərabər yuxarı və aşağı siniflərdə təhsil alan uşaqlarla düzgün münasibət qurma və davranış qaydalarını formalaşdırmaqdır.

Müəyyən yaşdan sonra, xüsusilə yeniyetməlik dönəmində uşaqlarda ünsiyyət problemi, düzgün münasibət qura bilməmək, özünə qapanma və s. hər zaman rast gəlinən və valideynlərin narahatlıqla qarşıladıqları problemlər sırasındadır. Ümumiyyətlə, özünə qapanma, ünsiyyətdən qaçma kimi hallar özgüvəni aşağı olan, ailədə psixoloji, hətta fiziki şiddət görən, xroniki xəstəliyi, həyəcan-təşviş pozuntusu, nitq qüsuru olan, daim qorunan ailələrdə böyüyən və s. uşaqlarda müşahidə edilir. Eyni zamanda paralel olaraq belə uşaqlarla psixoloq məşğul olmalı və onlarda bu problemləri yaradan səbəbləri aşkarlamalıdır. Məsələn, əgər bu özgüvənlə bağlı problemdirsə, psixoloq ilk növbədə uşağın özgüvəni üzərində işləməli və onu müəyyən edilmiş səviyyəyə çatdırmalıdır.

132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən şagirdlərlə bu mövzularda mütəmadi konsultativ işlər təşkil edilir, məktəblilərlə profilaktik söhbətlər aparılır. Bu gün, Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən Azərbaycan bölməsi “8 b” sinif şagirdləri ilə görüşdü və onlarla “Hüquqlarımızı bilək”, “İnsan hüquqları”, “İnsan hüquqlarının müdafiəsi” mövzularında psixoloji maarifləndirmə söhbətləri apardı. Söhbət zamanı sinif rəhbərinin sinifdə və şagirdlər arasında müsbət psixoloji auranın yaranması və qorunmasındakı rolu vurğulandı və “8 b” sinifinin sinif rəhbəri, Kompleksin İngilis dili müəllimi Gülər Manaflının bu istiqamətdəki nümunəvi fəaliyyəti yüksək qiymətləndirildi. Bilidirildi ki, sinifdə Təşkilat saatlarında şagirdlər arasında, xüsusilə yeniyetməlik dönəmində düzgün davranış qaydaları, mədəniyyət, etika məsələləri mövzularında tərbiyəvi söhbətlər aparılır.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin “ZeMission™” komandası Beynəlxalq STEAM Azərbaycan 2022 Festivalında (SAF 2022) İnnovativ Layihələr Sərgisi kateqoriyasında “Innovation Award” mükafatı və sertifikatlarla təltif olunub

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin “ZeMission™” komandası Beynəlxalq STEAM Azərbaycan 2022 Festivalında (SAF 2022) uğurla çıxış edərək İnnovativ Layihələr Sərgisi kateqoriyasında “Innovation Award” mükafatı və sertifikatlarla təltif olunublar.

Kompleksimizin Biologiya və Həyat Bilgisi müəllimi Rübabə Səmədovanın mentorluq etdiyi “ZeMission™” komandası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan 2022 Festivalında (SAF 2022) İnnovativ Layihələr Sərgisi kateqoriyasında “ZeroGreen” layihəsi üzrə 87 komanda arasında seçilən ən uğurlu 30 komandadan biri kimi finala vəsiqə qazanmışdır.

Kompleksimizin Biologiya və Həyat Bilgisi müəllimi Rübabə Səmədovanı və komanda üzvləri – Rus bölməsi “11 a” sinif şagirdləri Rəfiyev Cavidan, Qafarov Mikayıl və İngilis dili bölməsi “X” IB sinif şagirdi Quliyev Mehdini bu yüksək nailiyyət münasibətilə təbrik edir, şagirdlərimizə gələcəkdə yeni-yeni nailiyyətlər arzu edirik. Təbriklər və uğurlar!
XƏBƏRLƏR

20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan Anım tədbiri

132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan Anım tədbiri keçirildi.

Anım tədbirində xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş və müstəqilliyimizin ilk Şəhidləri kimi qəlbimizdə əbədi yaşayacaq olan 20 Yanvar şəhidlərinin, o cümlədən 1990-cı ildə 134 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Şəhid Larisa Məmmədovanın əziz xatirəsi xüsusi ehtiramla yad olundu.

Kompleksin direktoru, Əməkdar müəllim Sara Xanlarova çıxışında qeyd etdi ki, 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan xalqının həyatında mühüm dönüş nöqtəsi oldu. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi. Bu qanlı terror hadisəsi nəticəsində Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Diqqətə çatdırıldı ki, Ümummilli Lider Heydər Əliyev o dövrün siyasi mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların müəyyən edilib aşkara çıxarılması məsələsini faciənin baş verdiyi ilk gündən etibarən diqqətdə saxlayıb və bunun nəticəsində bu cinayət aktı haqqında həqiqətlər üzə çıxıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev 20 yanvar şəhidlərinin qəhrəmanlığının və xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir. Xalqımız 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müstəqilliyimiz uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarını unutmur. Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, Azərbaycan qalib ölkə kimi dünyada əsl söz sahibidir.

Anım tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri 1990-cı il 20 Yanvar faciəsinə, insanlığa qarşı cinayət olan bu dəhşətli qətliamın qurbanlarına və müstəqilliyimizin ilk Şəhidlərinin xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəblilər qan yaddaşımıza həkk olunan və milli iradəmizin zəfər çaldığı 20 Yanvar qəhrəmanlıq gününə həsr olunan şerlər səsləndirdilər, musiqi kompozisiyaları ifa etdilər. Məktəblilərin çıxışlarında xüsusilə qeyd olundu ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alındı, qəhrəman oğul və qızlarımızın ruhu şaddır.

Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş xüsusi dərslər keçirildi

Yanvarın 19-da 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölməsində ilk dərslər 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olundu. Dərslərdə müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş və insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsi, Azərbaycanın müstəqilliyi uğrunda ilk Şəhidlərimiz və xalqımızın şərəf salnaməsi olan azadlıq mübarizəsi haqqında məktəblilərə ətraflı məlumat verdilər. Kompleksimizdə bütün gün ərzində 20 Yanvar Şəhidi, 1990-cı ildə 134 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Larisa Məmmədovanın və bütün 20 Yanvar Şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu.

Kompleksimizin şagirdləri daima xalqımızın qəhrəmanlıq tarixi barədə maarifləndirilir, məktəblilərə Vətən sevgisi və torpağa bağlılıq ruhu aşılanır. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!

Foto: Azərbaycan bölməsi “2 c” sinifi (Pedaqoq: Səfərova Pakizə), “3 c” sinifi (Pedaqoq: Qurbanova Törə)

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin “TechnoCity” komandası “RoboGames 2022” STEAM müsabiqəsində uğurla çıxış edib

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin “TechnoCity” komandası 24-25 dekabr tarixlərində Elm və Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy”nin təşkilatçılığı ilə  keçirilən “RoboGames 2022” STEAM müsabiqəsində uğurla çıxış edib.

“RoboGames 2022: Smart City” layihəsi ilk dəfə olaraq 10-16 yaşlı məktəblilər üçün təşkil olunan yerli layihə əsaslı robot texnologiyaları müsabiqəsidir. “RoboGames” şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə qarşılaşdıran və onların həll yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirən qeyri-adi təcrübədir.

Müsabiqə 2 gün müddətində dövlət və özəl tədris müəssisələri olmaqla ümumilikdə 40 komanda, 201 iştirakçı və komanda rəhbərlərinin iştirakı ilə ADA Universitetində baş tutub. Komandalar “Smart City” mövzusunda “Lego mindstorms ev3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün proqramlaşdırılmış robotlar yığıb və rəqəmsal həllərin köməyilə daha səmərəli resurslardan istifadə edərək yaradıcı yanaşma nümayiş etdiriblər.

XƏBƏRLƏR

İbtidai siniflərimiz Yeni 2023-cü ili qarşılayır

İbtidai siniflərimiz Yeni 2023-cü ili qarşılayır.

Bayramınız, Yeni iliniz mübarək, əziz uşaqlar!

Foto: Azərbaycan bölməsi “3 c” sinifi (Pedaqoq: Qurbanova Törə), “2 c” sinifi (Pedaqoq: Səfərova Pakizə) ; Rus bölməsi “1 a” sinifi (Pedaqoq: Nağıyeva İradə), “1 e” sinifi (Pedaqoq: Məmmədova Səriyyə)