XƏBƏRLƏR

Şagirdlərimiz “2021 Məktəblilərarası LEGO Olimpiadası”nda II yerin qalibi oldular

Kompleksimizin 8-ci sinif şagirdləri Hüseyn Ömər və Xanzadə Mehdi Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 24-25 dekabr 2021-ci il tarixlərində keçirilən “2021 Məktəblilərarası LEGO Olimpiadası”nda LEGO Sumo kateqoriyası üzrə II yerin qalibi olublar.

Ömər və Mehdini Olimpiadada iştirak edən ümumilikdə 16 komanda arasında qazanılmış bu yüksək nailiyyət münasibətilə təbrik edir, şagirdlərimizə gələcəkdə yeni-yeni qalibiyyətlər arzu edirik.

XƏBƏRLƏR

132-134 nömrəli Təshil Kompleksinin FLL komandası Turnirin “Fədakar Komanda Rəhbəri” nominasiyasının qalibi oldu

132-134 nömrəli Təhsil Kompleksini “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışında təmsil edən “SpaceL” komandası turnirin “Fədakar Komanda Rəhbəri” nominasiyasının qalibi olmuşdur.

ADA Universitetində Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışının 19 dekabr tarixli finalında 26 komanda çıxış edib.

132-134 nömrəli Təshil Kompleksinin FLL komandasını bu qalibiyyət münasibətilə təbrik edir və şagirdlərimizə gələcəkdə yeni nailiyyətlər arzu edirik.

Komanda üzvləri: 1. Rəfiyev Cavidan (“10 a”), 2. Macabalitao Aylan (“9 b”), 3. Quliyev Mehdi (“9 b”), 4. Seyidov Mirzə (“9 b”), 5. Hüseyn Ömər (“8 d”), 6. Əhmədov Murad (“8 d”)

Komanda rəhbəri: Kompleksin əməkdaşı Nəbiyeva Bəyim

Komandada könüllü çalışan şagirdlərimiz: Mehdi (“8 d”), Ziya (“10 a”), Rəsul (“10 a”)

FLL şagirdləri elm, texnologiya, fizika və riyaziyyat dünyası ilə tanış edən turnirdir. Şagirdlər bu turnirdə iştirak edərək gələcək elm insanları və mühəndislər üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda şəklində işləmək kimi vacib bacarıqları inkişaf etdirirlər.

Bu il keçirilən turnirin mövzusu “CITY SHAPER” adlanır. Turnirdə iştirak üçün 10-16 yaşlı şagirdlər komanda şəklində şəhərqurma üzrə tədqiqat aparıblar, “Lego Midstorms EV3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün robot yığaraq, onun proqramlaşdırmasında yaradıcı yanaşma nümayiş etdiriblər.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində Nizaminin zəngin irsinə və dünyaşöhrətli “Xəmsə”sinə həsr olunan ədəbi-bədii tədbir keçirildi

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.

Dekabrın 16-da “Nizami Gəncəvi ili” çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində Nizaminin zəngin irsinə və dünyaşöhrətli “Xəmsə”sinə həsr olunan ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəblilər Nizami Gəncəvinin həyat və yaradıcılığına dair çıxışlar etdilər, dahi şairin qəzəllərindən parçalar səsləndirdilər, qüdrətli söz və fikir ustadının zəngin irsində ibrətamiz və tərbiyəvi məqamlara dair səhnəciklər nümayiş etdirdilər.

Tədbirdə çıxış edən Təhsil Kompleksinin direktoru Sara Xanlarova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ənənələrin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdikləri böyük diqqət və qayğıdan danışdı. Qeyd olundu ki, “Nizami Gəncəvi ili” böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə mühüm töhfə olmuşdur. S.Xanlarova dünyaşöhrətli şair, görkəmli mütəfəkkir Nizami Gəncəvinin bütün əsərlərində ibrətamiz öyüd-nəsihət, mənəvi tərbiyə aşılayan dahi sənətkar olduğunu vurğulayaraq gənc nəsilə, şagirdlərə zəngin Nizami irsini dərindən dərk etməyi və müdrik həyat təcrübəsindən nümunə götürməyi, xalqımızın milli-mənəvi dəyərlərini qorumağı tövsiyə etdi.

Kompleksin Azərbaycan dili müəllimi Əliyeva Rəna və musiqi müəllimi Nazəni Əsədovanın bədii tərtibatında ərsəyə gələn ədəbi-bədii tədbirdə Kompleksin şagirdlərinin mahir ifaları və nümayiş etdirdikləri teatr səhnəcikləri böyük marağa səbəb oldu və məktəblilərin gurultulu alqışları ilə qarşılandı.

XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunan “Əbədiyyətə qovuşan ömür” mövzusunda tədbir-konfrans keçirildi

Dekabrın 10-da 132-134 nömrəli Təhsil Kompleksində müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunan “Əbədiyyətə qovuşan ömür” mövzusunda tədbir-konfrans keçirildi.

Konfransda Kompleksin Tarix müəllimələri Şıxamirova Yelena, Səmədova Tünzalə, Səfərəliyeva Sevinc, Coğrafiya müəllimi Hüseynova Nailə və Kompleksin şagirdləri XI sinif şagirdləri Qafarova Xalidə, Dadaşova Leyla, Sadıqova Mədinə,  Mövsümov Ayxan, X sinif şagirdləri Əhmədova Səbinə, Həsənli Ayar, IX sinif şagirdi Salehli Adilə və VIII sinif şagirdi Qılıncova Rəhimə çıxış etdilər.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskarlıq rolu, mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinə həsr olunan çıxışlarda qeyd edildi ki, Ulu Öndər dühası, Heydər Əliyev şəxsiyyəti sayəsində yeni, müasir Azərbaycan dövlətinin müstəqilliyi qorunmuş, möhkəmlənmiş, ölkəmiz dünya birliyində öz layiqli yerini tutmuşdur. Vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.  Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin təşəkkülü və inkişafı bilavasitə Ümummillli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Konfransda Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətləri xüsusi qeyd olundu və görkəmli dövlət xadiminin ümumtəhsil məktəblərinə, müəllim peşəsinə, şagirdlərə və Azərbaycanın gələcəyi olan gənclərə olan diqqət və qayğısından danışıldı. Xüsusi qeyd olundu ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş zəngin dövlətçilik ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında uğurla davam etdirilir və Azərbaycanın ildən-ilə qüdrətlənməsinə, yeni-yeni nailiyyətlər qazanmasına xidmət edir.

Konfransda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu və xalqımızın müstəqilliyinə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarına həsr olunan filmlər nümayiş olundu.

132-134 nömrəli Təhsil Kompleksinin müəllim-şagird kollektivi Ümummilli Liderin əziz xatirəsini hər il olduğu kimi bu il də dərin hörmət və ehtiramla yad edir. Ulu Öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövləti, xalqı üçün əvəzsiz xidmətləri əbədi olaraq yaşayacaqdır.