XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzinin parkında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konsert keçirilib

şərh yoxdu

İyunun 15-də Heydər Əliyev Mərkəzinin parkında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və hakimiyyətə qayıdışının 30 illiyi münasibətilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Azərbaycanın tanınmış estrada ulduzları və incəsənət xadimlərinin iştirak etdiyi, yüksək əhval-ruhiyyə ilə keçən bayram tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin müəllim-şagird kollektivi də iştirak edib.

Foto: Azərbaycan bölməsi “8 b” sinifi, sinif rəhbəri Kompleksin İngilis dili müəllimi Manaflı Gülər

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi

şərh yoxdu

İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin valideynləri, Elm və Təhsil Nazirliyinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, valideynlər, müəllimlər, məzun şagirdlər iştirak etdilər.

“Son zəng” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Bu “Son zəng” tədbirinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf etdiyini xüsusi vurğulayan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar müəllimi Sara Xanlarova onbirinciləri bu əlamətdar “Son zəng” münasibətilə təbrik etdi, məzunlara gələcək həyatlarında uğurlar dilədi və onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını diqqətə çatdıran direktor qeyd etdi ki, yetişməkdə olan nəsil Ümummilli Liderin həyat və fəaliyyətini dərindən öyrənməli, məktəblilər gələcək həyat yolunda məhz Ulu Öndərin dövlətə və millətə sədaqətini, yorulmazlığını, prinsipiallığını örnək almalıdır. Vurğulandı ki, Heydər Əliyevin şah əsəri olan və möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində dünyanın sayılıb-seçilən, qalib dövləti – müstəqil Azərbaycanı gələcəkdə daha da irəli aparmaq üçün gənc və gələcək nəsillər yaxşı təhsil almalı, ixtisaslı mütəxəssislər kimi formalaşmalı, xarici dillərə yiyələnməli və Azərbaycanı dünyanın hər yerində yüksək səviyyədə təmsil etməlidirlər.

Çıxışı zamanı direktor 132-134 nömrəli Təhsil Kompleksinin tarixi, bu təhsil ocağının məzunları və şagirdlərinin yerli və beynəlxalq nailiyyətləri haqqında danışdı. Azərbaycan xalqının 44 günlük müqəddəs Vətən müharibəsində Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidinin – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələri xüsusi ehtiramla yad olundu.

Məzunların həyatında yeni, məsuliyyətli mərhələnin başlandığını diqqətə çatdıran S.Xanlarova onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq Azərbaycanın gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə dair əminliyi ifadə etdi, onbirincilərə işıqlı yol, aydın səma, gözəl gələcək və milli-mənəvi dəyərlərimizlə, Azərbaycançılıq ilə hər zaman fəxr etməyi arzuladı.

Tədbirdə çıxış edən qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladılar və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdilər.

Tədbirdə şagirdlərin hazırladıqları və onbirincilərin iştirak etdiyi ədəbi-bədii kompozisiyalar nümayiş olundu, məzunların çıxışları dinlənildi.

Daha sonra simvolik “Bilik açarı” onbirincilər tərəfindən növbəti tədris ilində birinci sinifə başlayacaq olan Təhsil Kompleksinin builki “Ana Məktəb” məzunlarına təqdim olundu.

Sonda “Son zəng” çalındı. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə səmaya 100 ədəd şar buraxıldı və səmaya ağ göyərçinlər qalxdı.

XƏBƏRLƏR

“İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla mübarizə” mövzusunda informativ dərslər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilalanlar arasında maarifləndirmə işi davam edir.

Həm yuxarı, həm aşağı sinif şagirdləri üçün məktəb psixoloqlarının və fənn müəllimlərinin rəhbərliyi ilə “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla mübarizə” mövzusunda informativ dərslər təşkil olunur.

Dərslərdə şagirdlərə insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması haqqında məlumat verilir, insan alveri probleminin sosial-psixoloji aspektlərini təhlil edilər və bu halların  aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülür.

XƏBƏRLƏR

Rus bölməsi “2 c” sinifi: “Puşkin – Rus poeziyasının günəşi” mövzusunda xüsusi dərs

şərh yoxdu

6 iyun – Beynəlxalq Rus Dili Günü və görkəmli rus şairi, dramaturqu, müasir rus dilinin yaradıcısı Aleksandr Sergeyeviç Puşkinin ad günü münasibətilə Rus bölməsi “2 c” sinifində böyük rus şairinin yaradıcılığına həsr olunan “Puşkin – Rus poeziyasının günəşi” mövzusunda xüsusi dərs təşkil olundu.

Dərsdə məktəblilər A.S.Puşkinin əsərlərindən nümunələr, təqdimatlar, səhnəciklər təqdim etdilər, Azərbaycan və Rus dillərində şeirlər səsləndirdilər.

A.S.Puşkinin doğum günü 2010-cu ildə BMT tərəfindən Rus Dili Günü elan olunub.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

Rus bölməsi “1 e” sinif şagirdləri Bakı Zooloji parkında ekskursiyada oldular

şərh yoxdu

Rus bölməsi “1 e” sinif şagirdləri Bakı Zooloji parkına ekskursiya etdilər. Ekskursiyanın məqsədi məktəblilərin Azərbaycan faunasına aid olan heyvanlar, nadir heyvanların qorunması, qidalanması, saxlanılması haqqında yeni və əyani məlumatlar öyrənməsi idi.

Şagirdlər ekskursiyada böyük maraqla iştirak etdilər və parkdakı heyvanlar, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na düşən nadir növlər – “Məxməri Ördək”, “Qara kərkəs”,”Qarasaqqal”,”Taclı durna”,”Gümüşü qırqovul “,”Nəcib marallar” və s. haqqında geniş məlumat əldə etdilər.

Ekskursiya rəhbəri: Rus bölməsi “1 e” sinif rəhbəri Məmmədova Səriyyə

XƏBƏRLƏR

“İnsan və vətəndaş hüquqları” mövzularında maarifləndirici tədbirlər davam edir

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində “İnsan və vətəndaş hüquqları” mövzularında maarifləndirici tədbirlər davam edir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bütün siniflərdə həm aşağı, həm yuxarı sinif şagirdləri ilə “Hüquqlarımızı bilək”, “İnsan hüquqları”, “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri”, “İnsan hüquqlarının müdafiəsi” və digər mövzularda söhbətlər təşkil edir. Psixoloqla söhbət zamanı məktəblilər insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, onlara əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkarlanması, pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələləri barədə maarifləndirilir.

“İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdır.