XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir təşkil olundu

şərh yoxdu

Bu gün, görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü tamam olur.

Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və fəaliyyəti hər zaman Azərbaycan xalqı tərəfindən dərin hörmətlə yad edilir.

Aprelin 28-də 132-134 nömrəli Təhsil Kompleksində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir təşkil olundu.

Çıxış edən Kompleksin direktoru Sara Xanlarova qeyd etdi ki, Zərifə xanım hər zaman nəcib və ali insani keyfiyyətləri, elmi fəaliyyəti, ən əsası isə insanlara olan sevgisi, xeyirxahlığı ilə böyük məhəbbət və ehtiramla xatırlanır. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Vicdanı, əməli pak olan Zərifə xanım oftalmologiya elminin inkişafına böyük töhfələr vermiş və oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın həkim olmuşdur.

Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Bütün həyatı boyu insanların gözlərinə şəfa verən Zərifə xanım Əliyevaya eyni zamanda həm Prezident xanımı olmaq, həm də Prezident anası olmaq kimi nadir insanlara nəsib olan tale qismət olmuşdur. S.Xanlarova vurğuladı ki, Zərifə xanım sadəliyi və səmimiliyi ilə gözəllik yaradırdı. Məhz bu isti, vətənpərvər ocaqda böyüyüb, boya-başa çatan, Zərifə xanımın ailə tərbiyəsinin, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli varisi olan möhtərəm Prezidentimiz İlham Əliyev müstəqil Azərbaycanın ən şanlı qələbələrinə imza atır. Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik ağrılı münaqişəni siyasi iradəsi və idarəçilik məharəti ilə 44 gündə həll etdi və möhtəşəm Qarabağ Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Vurğulandı ki, ümumtəhsil məktəblərində Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan tədbirlərin, xatirə günlərinin təşkili gənc və gələcək nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Zərifə xanım Əliyevanın  zəngin həyat yolu, ali insani keyfiyyətləri, xeyirxahlığı və insan sevgisi kiçikdən-böyüyə hər kəs üçün böyük örnəkdir və gözəl insan Zərifə xanımın işıqlı xatirəsi daima Azərbaycan xalqı tərəfindən ehtiramla yad olunacaqdır.

Tədbirdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olundu.

XƏBƏRLƏR

“Yol nişanları barəsində diqqətli olaq” mövzusunda və yol hərəkətinin təhlükəsizliyi qaydalarının təbliğinə həsr olunmuş açıq dərs və bu sahədə məktəblilərin biliklərini yoxlamaq üçün maraqlı viktorina təşkil olundu

şərh yoxdu

“Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün” Tədbirlər Planının icrası istiqamətində 132-134 nömrəli Təhsil Kompleksində aprelin 26-da Rus bölməsi “6 d” sinif şagirdlərinin iştirakı ilə “Yol nişanları barəsində diqqətli olaq” mövzusunda və yol hərəkətinin təhlükəsizliyi qaydalarının təbliğinə həsr olunmuş açıq dərs və bu sahədə məktəblilərin biliklərini yoxlamaq üçün maraqlı viktorina təşkil olundu.

“6 d” sinif şagirdləri bir ay öncədən 7 komandaya bölünmüş və hər komanda yol hərəkətinin təhlükəsizliyi qaydaları və yol nişanları haqqında müstəqil tədqiqat apararaq öyrəndikləri mövzuları əks etdirən rəsmlər çəkmiş, maketlər hazırlamışdılar. Həmin rəsm və maketlər açıq dərs zamanı nümayiş olundu.

Şagirdlər tərəfindən hazırlanan və yol hərəkətinin təhlükəsizliyi qaydalarını, eləcə də yol nişanlarını düzgün bilməyi təbliğ və təşviq edən maketlər məktəblilər arasında yol mədəniyyətinin daha da inkişaf etdirilməsi və bu mövzuya şüurlu yanaşmanın təmin edilməsinə böyük töhfə oldu. Eyni zamanda, viktorinada məktəblilərə yol hərəkətinin təhlükəsizliyi qaydaları və yol nişanları haqqında biliklərini yoxlayan müxtəlif krossvordlar, rebuslar, izahlı tapşırıqlar və testlər təqdim olundu ki, bu materiallar da ümumtəhsil müəssisələrində bu mövzunun interaktiv və oyun əsaslı öyrədilməsi üçün metodik vasitələr kimi istifadə oluna bilər.

Açıq dərs və viktorina Kompleksin Biologiya və Həyat bilgisi müəllimi Rübabə Səmədovanın rəhbərliyi ilə təşkil olundu.

XƏBƏRLƏR

IB şagirdləri BMT Modeli Təhlükəsizlik Şurasının iclasını təşkil etdilər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) 8-ci və 9-cu sinif şagirdləri BMT Modeli Təhlükəsizlik Şurasının iclasını təşkil etdilər.

Beynəlxalq format modelində təşkil olunan tədbirdə “Rusiya-Ukrayna böhranının davamlı həll yollarının tapılması” mövzusu ilə bağlı aktual məsələlər ətrafında intensiv müzakirələr aparıldı.

Məktəblilər müxtəlif ölkələri təmsil edən nümayəndələr qismində çıxış edərək beynəlxalq tədbirdə qlobal mövzularda müzakirələr aparmaq təcrübəsi qazandılar.

XƏBƏRLƏR

Şagirdimizin TIMO Beynəlxalq Riyaziyyat Olimpiadasında uğuru

şərh yoxdu

Azərbaycan bölməsi “1 b” sinif şagirdi Babazadə Azad 21 ölkənin iştirak etdiyi TIMO Beynəlxalq Riyaziyyat Olimpiadasında ilk üçlüyə düşərək yarışın bürünc medalını və Beynəlxalq Diplomunu qazanıb.

Qeyd edək ki, istedadlı şagirdimiz Azad çoxsaylı respublika və beynəlxalq müsabiqələrdə dəfələrlə qalib olub, təhsil, şahmat və rəsm sahəsində bir çox diplom və medalları var.

Azadı bu yüksək nailiyyətlər və gözəl qələbələr münasibətilə təbrik edir, şagirdimizə gələcəkdə yeni təhsil uğurları və qalibiyyətlər arzu edirik. Təbriklər, Azad!

XƏBƏRLƏR

Lütfi Zadə Məntiq Olimpiadası və Məktəblilərarası VII Fənn Müsabiqələrində Finala vəsiqə qazanan şagirdlərimizi təbrik edirik

şərh yoxdu

Lütfi Zadə Məntiq Olimpiadası və Məktəblilərarası VII Fənn Müsabiqələrində Finala vəsiqə qazanan şagirdlərimizi tanıyaq:

– Əliyev Kamal (V “A”)

– Allahverdi Nurəddin (V “A”)

– Mehmood Abdulla (V “A”)

– Mirheydərov Hüseyn (V “A”)

– Cəbrayılzadə İbrahim (V “B”)

– Həbibzadə Mehdi (V “B”)

 

– Ələkbərzadə Hakansəid (VI “A”)

– Məlikzadə Əli (VI “A”)

– Nəzərli Həcər (VI “A”)

– Yusif Hüseyn (VI “A”)

– Axundova Zəhra (VI “B”)

– Abbaszadə Minayə (VI “B”)

– İskəndər Hidayət (VI “C”)

– Şərifov hüseyn (VI “C”)

– Musalı Ramin (VI “D”)

– Nəsirli Fərhad (VI “D”)

– Mehtiyev Rəhman (VII “A”)

– Musazadə Fəxri (VII “B”)

 

Hər iki müsabiqədə finalda iştirak etmək hüququ qazanan bütün şagirdlərimizi təbrik edirik və onlara finalda uğurlar arzu edirik!

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində “Fransa günü” keçirildi

şərh yoxdu

Aprelin 14-də 132-134 nömrəli Təhsil Kompleksində ənənəvi “Fransa günü” keçirildi. Tədbirdə Fransanın Azərbaycandakı Səfiri Zakari Qros, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin marketinq idarəsinin rəisi Mehman Kərimov, APFAZ-ın sədri, Təhsil Problemləri İnstitunun fransız dili üzrə koordinatoru Gülbəniz Camalova, Bakı Dövlət Universitetinin Alman-Fransız kafedrasının dosenti Azelma Həsənova, eləcə də Səbail rayon İcra Hakimiyyətinin, Azərbaycan Dillər Universitetinin nümayəndələri və dəvət olunan çoxsaylı qonaqlar iştirak etdilər.

Qonaqlar ilk öncə Təhsil Kompleksinin şagirdlərinin və “Kiçik Akademiya” üzvlərinin “Qarabağ Azərbaycandır!” tədqiqat layihəsi, eləcə də Azərbaycanın bölgələrinin təbii sərvətlərinin öyrənilməsi üzrə keçirilən digər layihələr çərçivəsində hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Daha sonra Kompleksin Akt zalında “Fransa günü” ilə bağlı tədbir keçirildi.

Tədbiri açıq elan edərək qonaqları salamlayan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova Azərbaycanda ilk dəfə olaraq Avropa (Fransa) modeli olan “Ana məktəb” layihəsinin (The Maternal School) məhz Təhsil Kompleksi nəzdində fəaliyyətə başlaması, Kompleksin 2011-ci ildən etibarən Fransanın məşhur “Ecole de Roshes” məktəbi ilə qardaşlaşmış məktəblər layihəsi çərçivəsində sıx əməkdaşlığı, “Ana məktəb” layihəsi üzrə Kompleksdə dərs deyən müəllimlərin və təhsil alan şagirdlərin dəfələrlə Fransada təlimlərdə iştirakı, hər il Frankofoniya həftəsi ərzində 132-134 nömrəli Təhsil Kompleksində Fransanın Azərbaycandakı Səfirinin iştirakı ilə keçirilən “Fransa günləri”, Kompleksin Azərbaycan-Fransız Universiteti (UFAZ) və Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) ilə birgə fəaliyyəti, Kompleksdə Fransız dilinin öyrənilməsinə olan yüksək maraq və bu istiqamətdə görülən işlər, əldə olunan nailiyyətlər haqqında danışdı.

Tədbirdə ötən illərdə 132-134 nömrəli Təhsil Kompleksində keçirilən “Fransa günləri”ndən kadrların nümayiş olunduğu videoçarx təqdim olundu.

Tədbirdə Fransanın Azərbaycandakı Səfiri Zakari Qros, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin marketinq idarəsinin rəisi Mehman Kərimov və Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Talıbov Şahin çıxış etdilər. Çıxışlarda Azərbaycan-Fransa diplomatik əlaqələrinin inkişafı, 132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycanda Fransız dilinin inkişafı istiqamətində gördüyü işlər və bu fəaliyyətə mühüm töhfələrindən bəhs edildi. Kompleksin şagirdlərinin müxtəlif layihə və müsabiqələrdə Fransanın tarixi, dili, mədəniyyətinin təbliği ilə bağlı gözəl çıxışları xüsusi vurğulandı.

Tədbirin bədii hissəsində Təhsil Kompleksinin şagirdləri Fransa mədəniyyətinin müxtəlif nümunələrinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, Fransız dilində mahnılar oxudular, şerlər səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər, eyni zamanda Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sindən şer nümunələrini, səhnəcikləri Azərbaycan dilində ifa etdilər, Azərbaycanla bağlı mahnılar oxudular və səhnədə Azərbaycan-Fransa dostluğu və mədəni əməkdaşlığının əyani nümunəsini göstərdilər.

132-134 nömrəli Təhsil Kompleksində keçirilən “Fransa günü” xoş xatirələr, rəngarəng səhnəciklər, məktəblilərin maraqlı çıxışları və iştirakçı qurumların gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə yadda qaldı.

XƏBƏRLƏR

12 Aprel – Beynəlxalq Kosmonavtika Günü münasibətilə Kompleksimizin şagirdləri üçün “Veb proqramlaşdırma” mövzusunda master-klass təşkil olundu

şərh yoxdu

Bu gün, 132-134 nömrəli Təhsil Kompleksi və Robot Texnologiyaları, Proqramlaşdırma, Mühəndislik və Rəqəmsal İncəsənət üzrə peşəkar təlimlər təklif edən “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə 12 Aprel – Beynəlxalq Kosmonavtika Günü münasibətilə Kompleksimizin şagirdləri üçün “Veb proqramlaşdırma” mövzusunda master-klass təşkil olundu.

Master-klass çərçivəsində “Mars Academy”nin peşəkar təlimçilərinin rəhbərliyi ilə 7-8-9-cu sinif şagirdləri müstəqil şəkildə veb-saytların yaradılması və dizaynı üzrə təlim keçdilər.

Məktəblilərin böyük marağına səbəb olan təlim həm maraqlı, həm öyrədici oldu.

“Mars Academy” şirkətinə yüksək səviyyədə təşkil olunmuş təlim üçün təşəkkür edirik.

XƏBƏRLƏR

“Sağlam qida-sağlam həyat tərzidir!” mövzusunda maarifləndirici dərs

şərh yoxdu

Bu gün, 5-ci sinif şagirdləri üçün “Sağlam qidalanma” ilə bağlı maarifləndirici dərs keçirilib. “Sağlam qida – sağlam həyat tərzidir!” mövzusunda keçirilən maarifləndirici dərsin əsas məqsədi şagirdləri düzgün qidalanma yolları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat verməkdən ibarət olub.

Biologiya müəllimləri məktəblilərə sağlam qidalar haqqında məlumat verərək, qidalanmanın bir vərdiş olduğunu vurğulayıblar.

XƏBƏRLƏR

“Azərbaycanın Milli Parkları və Dövlət Təbiət Qoruqları” mövzusunda tədqiqat layihəsinin təqdimatı

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “6 a” sinif şagirdləri “Azərbaycanın Milli Parkları və Dövlət Təbiət Qoruqları” mövzusunda tədqiqat layihəsinin təqdimatını keçirdilər. Layihə Kompleksin biologiya və həyat bilgisi müəllimi Rübabə Səmədovanın rəhbərliyi ilə reallaşdırılmışdır.

Layihə çərçivəsində aparılmış tədqiqatın nəticələrinə əsasən şagirdlər komandalar formatında aşağıdakı təbii qoruqlar üzrə təqdimatlar etdilər:

1) Komanda 1: Zaqatala və Bəsitçay Dövlət Təbiət Qoruqları;

2) Komanda 2: İlisu və Qarayazı Dövlət Təbiət Qoruqları;

3) Komanda 3: Göygöl Milli Parkı və İsmayıllı Dövlət Təbiət Qoruğu;

4) Komanda 4: Qızılağac Milli Parkı və Qaragöl Dövlət Təbiət Qoruğu;

5) Komanda 5: Şirvan və Şahbuz Dövlət Təbiət Qoruqları;

6) Komanda 6: Türyançay və Pirqulu Dövlət Təbiət Qoruqları.

Şagirdlər layihə çərçivəsində Azərbaycanın təbii zənginliyini təşkil edən və xüsusi ekoloji, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən ibarət olan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı və xüsusi qorunan təbiət əraziləri – Azərbaycanın Milli Parkları və Dövlət Təbiət Qoruqları mövzularında maraqlı təqdimatlar, maketlər, şəkillər hazırladılar, bukletlər çap etdirdilər.

Təqdimatlarda məktəblilər hər bir Milli Park və Dövlət Təbiət Qoruğunun yaranma tarixi, təbii zənginlikləri, fauna və florası haqqında ətraflı məlumatlar verdilər.