XƏBƏRLƏR

“Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici və məlumatlandırıcı tədbir

Oktyabrın 28-də 132-134 nömrəli Təhsil Kompleksində “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici və məlumatlandırıcı tədbir keçirildi.

Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin əməkdaşlarının təşkilatçılığı ilə keçirilən profilaktik tədbirdə Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Hafiz Təmirov, Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Bakı Şəhər Narkoloji Mərkəzin həkimi Fizzə Baxışova, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə baş inspektoru Sahib Seyidov, Ümid Yeri Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər.

Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənildi, daha sonra yetkinlik yaşına çatmayan yeniyetmələri maraqlandıran suallar ətrafında profilaktik söhbət keçirildi. Kompleksin şagirdlərini mövzu ilə bağlı maraqlandıran suallar Səbail rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis baş leytenantı Emin Bağırzadə, bölmə əməkdaşları və qonaqlar tərəfindən ətraflı cavablandırıldı.

Tədbirdə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi hazırlanmış və narkomaniya ilə bağlı bütün dəhşətləri özündə əks etdirən maarifləndirici videoçarx nümayiş olundu.

XƏBƏRLƏR

8 Noyabr – Zəfər Gününə həsr edilmiş ibtidai sinif şagirdləri arasında şahmat idman yarışı

Oktyabrın 27-də 132-134 nömrəli Təhsil Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş ibtidai sinif şagirdləri arasında şahmat idman yarışı keçirildi.

Qaliblərimiz:

Qızlar arasında:

I yer – Rüstəmli Burla (Rus bölməsi “3 b” sinif şagirdi)

II yer – Xavəndi Xiyavi Parla (Azərbaycan bölməsi “3 a” sinif şagirdi)

III yer – Nəcəfova Xəzra (Azərbaycan bölməsi “3 a” sinif şagirdi) və Əkbərzadə Cahan (Rus bölməsi “4 e” sinif şagirdi)

 

Oğlanlar arasında:

I yer – Qulizadə Raul (Azərbaycan bölməsi “3 b” sinif şagirdi)

II yer – Qafarzadə Cavad (Rus bölməsi “3 c” sinif şagirdi)

III yer – Əliyev Əhməd (Azərbaycan bölməsi “3 b” sinif şagirdi) və Raghunath Aarav (Azərbaycan bölməsi “3 c” sinif şagirdi)

Turnirdə iştirak edən bütün yeniyetmə şahmatçılarımızı və qaliblərimizi təbrik edirik.

XƏBƏRLƏR

8-ci sinif şagirdlərimiz “Ekoloji tarazlığın mühafizəsi və bərpası” layihəsini təqdim etdilər

Rus bölməsi “8 ç” sinif şagirdləri bu gün “Həyat bilgisi” dərsində “Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda hazırladıqları tədqiqat layihəsini təqdim etdilər. Layihə çərçivəsində məktəblilər 6 komandaya bölünərək aşağıdakı mövzuları araşdırdılar:

1) Zibil qalaqlarının azaldılması;

2) Yaşıllaşdırma;

3) Su hövzələrinin təmizliyinin qorunması;

4) Havanın çirklənməsinin qarşısının alınması;

5) Yaşadığınız ərazilərin təmizliyi;

6) Şəhəri zəhərli qazlardan qorumaq üçün ictimai nəqliyyat vasitələrinin istifadəsində mümkün dəyişikliklər

Hər bir komanda iki həftə müddətində araşdırdıqları mövzu üzrə maketlər, məlumat broşürləri və plakatlar hazırlamışdılar. Komandalar mövzu ilə bağlı öyrəndikləri məlumatları və əldə olunan nəticələri interaktiv təqdimat formatında təqdim etdilər.

Dərsdə mövzu ilə bağlı “Ekoloji problemlər” videoçarxına baxış keçirildi, “Biz nəyi mühafizə edirik – təbiəti yoxsa öz həyatımızı?” mövzusunda komandaların hazırladıqları essələr qiymətləndirildi və “Ekosistem nədir?” mövzusunda diskussiya təşkil olundu.

Layihə rəhbəri: Kompleksin Biologiya və Həyat Bilgisi müəllimi Səmədova Rübabə

XƏBƏRLƏR

Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya

Rus bölməsi “2 b” sinif şagirdləri Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada oldular.

Məktəblilər muzeydəki eksponatlar, müxtəlif ekspozisiyalar və Azərbaycanın ayrı-ayrı bölgələrinə aid klassik xalça nümunələri, həmçinin xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış oldular. Ekskursiya zamanı şagirdlərə milli mədəniyyətimizin mühüm bir hissəsi olan Azərbaycanda zəngin xalçaçılıq ənənələri və tarixi haqqında geniş məlumat verildi, məktəblilərin sualları cavablandırıldı.

Bu cür ekskursiyaların təşkili məktəblilərin xalqımızın zəngin mədəniyyəti, yüksək milli-mənəvi və mədəni dəyərləri barədə biliklərini artırır və onların dünyagörüşünü genişləndirir.

Müəllimə: Nəsirova Nərminə

XƏBƏRLƏR

“Alma – gənclik və ölümsüzlük simvoludur” mövzusunda rəsm dərsi uşaqlar üçün həm maraqlı, həm öyrədici oldu

Rus bölməsi “2 c” sinifində “Alma – gənclik və ölümsüzlük simvoludur” mövzusunda rəsm dərsi uşaqlar üçün həm maraqlı, həm öyrədici oldu.

Məktəblilər təbiətin müxtəlifliyi və zənginliyi, o cümlədən meyvə bağları haqqında yeni məlumatlar əldə etdilər, almanın insan orqanizmi üçün faydalarını öyrəndilər.

Müəllimə: Qəniyeva Sevda

XƏBƏRLƏR

İkinci Fəxri Xiyabanda Vətən müharibəsi Şəhidlərinin məzarları ziyarət edildi

132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan bölməsi “10 a” sinif şagirdləri İkinci Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olan Şəhidlərimizin, Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov və Mübariz İbrahimovun, həmçinin 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Tarıverdiyevin məzarlarını ziyarət etdilər. Qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüldü və Şəhidlərimizin əziz xatirələri ehtiramla yad olundu.

Məktəblilər qəhrəman Şəhidimiz Nicat Tarıverdiyevin anası Şükran xanımla görüşdülər, unudulmaz məzunumuz haqqında Şükran xanımın və Nicatın müəllimlərinin xatirələrini dinlədilər, 44 günlük Vətən müharibəsinin qələbə Şəhidi Nicat Tarıverdiyevi daha da yaxından tanıdılar.

Bu gün yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimiz qarşısında duran əsas vəzifələrdən biridir. Təhsil ocaqlarında təlim-tədris planının əsas strategiyası həm də şagird və tələbələrdə Vətən sevgisi, Vətən uğrunda mübarizə aparmağın əhəmiyyətini aşılamaq olmalıdır.

Torpaq Şəhid qanı ilə birləşəndə Vətən olur. Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hər bir qəhrəmanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Ruhunuz şad olsun, igid Vətən oğulları!

XƏBƏRLƏR

Ordumuzun güc və əzmini bir daha göstərən Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olundu

Oktyabrın 21-də 132-134 nömrəli Təhsil Kompleksinin bir qrup yuxarı sinif şagirdləri Hərbi Qənimətlər Parkını ziyarət etdilər.

Təhsil Kompleksinin direktor müavini Könül Səfərova və Uşaq Birliyi rəhbəri Tamilla Abdullayevanın təşkilatçılığı, Hərbi rəhbər, Əməkdar məşqçi Ayaz İbişovun rəhbərliyi ilə məktəblilər üçün təşkil olunan ekskursiyanın məqsədi ölkənin intellektual gələcəyi olan şagirdlərə Vətən müharibəsi ərzində Azərbaycanın müzəffər ordusunun keçdiyi ağır döyüş yolu, hərbi əməliyyatların gedişatı və Zəfər qalibiyyətimizin nəticələri barədə məlumat vermək idi.

Məktəblilər “Hərbi Qənimətlər Parkı”nda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı şanlı Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış oldular. Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri isə şagirdlərdə müharibə haqqında aydın təsəvvür yaratdı.

Ordumuzun güc və əzmini bir daha göstərən Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə Vətən müharibəsində qazanılan tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşatdı.

XƏBƏRLƏR

Təhsil Kompleksinin “ZeMission™” komandası SAF 2022-də “İnnovativ layihələr sərgisi” kateqoriyasına “ZeroGreen” layihəsini təqdim edir

SAF 2022 “İNNOVATİV LAYİHƏLƏR SƏRGİSİ”

İstiqamət: Qlobal ekoloji problemlərin həll edilməsi

Komanda adı: ZeMission™

Layihənin adı: ZeroGreen

 

1. Problemin aktuallığı:

Bizi bu layihəni reallaşdırmağa vadar edən ilkin səbəblərdən biri ozon qatının avtomobillərdən çıxan zəhərli qazların təsiri ilə həddən çox zərər görməsidir. Bu problemin həlli üçün hələ ki, heç bir praktik həll üsulu təklif olunmayıb. Avtomobilsiz insanları təsəvvür etmək qeyri-mümkündür və demək olar ki, yer üzündə olan əhalinin yarısından çoxu avomobildən (avtomobillərdən) istifadə edir. Kimyəvi maddələrlə işləyən maşınlar ekologiyamıza olduqca böyük ziyan vurur. Günümüzdə bu problemin köklü həlli hələ ki yoxdur. Lakin bizim layihənin təkmilləşdirilməsi ilə bu problemin həlli istiqamətində əməli addımlar atıla bilər.

 

2. Problemin həlli və layihə ideyası:

Avtomobillər tərəfindən illər boyu ekologiya istismar edilib və günümüzdə də bu proses davam edir. Biz düşünürük ki, bu problemin digər həll yolu elektrik ilə işləyən maşınlara keçiddir. Lakin bütün dünyadakı maşınları dəyişmək illərimizi ala bilər, bu səbəbdən günümüzün ən prioritet və kreativ ideyası bizim idea hesab edilə bilər. Çünki biz avtomobilin egzozundan çıxan zərərli qazın tərkibində olan benzapireni məhv edərək ekologiyanı təmiz saxlamağa çalışırıq.

Biz qeyd olunan problemin həlli üçün bu innovativ layihəni irəli sürdük. İnanırıq ki, layihəmiz cəmiyyət üçün çox faydalı olacaqdır. İdeyamız bundan sonrakı illərdə də bizi əhatə edə biləcək və bəşəriyyət üçün ciddi təhlükə yaradan ekoloji fəlakət problemini aradan qaldıracaq.

 

3. Benzapiren haqqında:

Benz(a)piren ən tipik kimyəvi ekoloji kanserogendir, bioakkumulyasiya xüsusiyyətinə malik olduğundan aşağı konsentrasiyalarda belə insanlar üçün təhlükəlidir. Kimyəvi cəhətdən nisbətən sabit olan benzo(a)piren uzun müddət bir obyektdən digərinə miqrasiya edə bilir. Nəticədə, benzo(a)piren sintez etmək qabiliyyətinə malik olmayan bir çox ətraf mühit obyektləri və proseslər onun ikinci dərəcəli mənbələrinə çevrilir. Benz(a)piren də mutagen təsirə malikdir.

 

4. Layihənin unikallığı və funksionallığı, problemin həlli metodu:

Biz yeni bir üsul irəli sürmüşük və düşünürük ki, bu üsul başqa biriləri tərəfindən hələ ki, önə çıxarılmayıb. Bu üsul tam yenilikçi layihə hesab oluna bilər. Biz bu təcrübəyə başlayarkən ilk öncə kimya otağına üz tutduq. Çünki biz əldə etdiyimiz məlumatları öz təcrübəmizə əsasən doğrultmaq istəyirdik. Müəyyən labarotoriya təcrübələrindən sonra biz artıq konstruksiyamızı düzəltməyə hazır idik. Bizim hazırladığımız prototip standart ölçüdə qurulmuşdur və hələ ki, minik avtomobillər üçün nəzərdə tutulmuşdur. Aşağıda gördüyünüz 1-ci şəkil qurğumuzun çıxış borusudur. Ortada gördüyünüz hissə depo üçün nəzərdə tutulmuşdur və giriş borusundan gələn qazlar bu depoda yağla reaksiyaya girərək çıxış borusundan ixrac olunur. 2-ci şəkildə isə siz filterəvəzləyicini görürsünüz. Borunun üzərində müəyyən dəliklər açılaraq qazın qurğumuza daha rahat daxil olmasına şərait yaradılıb. Bu qurğu orta qazan ilə katalizator arasında yerləşdirilə bilər, lakin başqa alternativlərdən də istifadə etmək mümkündür. Qurğu maşına qoşulduqdan sonra eqzozdan çıxan qazın zərəri minimum 3, maksimum 5 qat azalacaq (bunun konkret dəyəri yoxdur, maşından maşına dəyişir)

 

5. İnnovativ Aspekt:

Layihəmizin ən böyük müsbət cəhəti ekologiyanı qorumasıdır. Əgər ki, bu layihə təkmilləşdirilərsə gələcək də daha da təmiz ekologiyamız ola bilər. Layihəmizə oxşar başqa bir qurğu katalizator hesab edilə bilər. Lakin katalizator daha çox karbon oksidə təsir göstərir. ZeroGreen qurğusu isə ekologiyanın daha çox istismarına səbəb olan benzapirenə təsir edir. Bugünə kimi isə heç bir komanda bu cür və ya buna oxşar layihə irəli sürməyib. Bu layihə oxşarı olmayan ilk uğurlu tədqiqat hesab edilə bilər. Məhsulda heç bir proqram hissəsi yoxdur, əlavə edilmiş bəzi detallar isə metallardan ibarətdir və istiyə olduqca davamlıdır.

____

XXI əsr təhsilalanları təhsildə tətbiq olunan yeni yanaşmalar nəticəsində müasir cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün zəruri olan müxtəlif elm sahələri istiqamətində bilik və bacarıqlar əldə edirlər. Məhz bunun nəticəsində real həyati problemlərin həlli istiqamətində bilik və bacarıqlarını tətbiq edərək cəmiyyətə öz töhfələrini verə biləcək gənc nəsil formalaşmağa başlamışdır.
SAF 2022-də “İnnovativ layihələr sərgisi”nin təşkilində əsas məqsəd müxtəlif yaş qrupundan olan istedadlı təhsilalanların üzə çıxarılması, qeyd olunan fəaliyyət üzrə müəyyən dəstəyin göstərilməsi, həmçinin potensialın daha da inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Komandamıza seçim mərhələsində uğurlar arzu edirik!

VİDEO

XƏBƏRLƏR

Rus bölməsi siniflərimizdə “Zəfər tarixi” dərsləri

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın işğal siyasətinə son qoydu və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bu Şanlı və tarixi qələbəsinə həsr olunan “Zəfər tarixi” dərslərində hər günü yeni Zəfər olan 44 günlük Vətən müharibəsinin tarixinə nəzər salınır, Qarabağın tarixi, coğrafiyası ilə bağlı müxtəlif mövzularda araşdırmalar aparılır, rəşadətli Azərbaycan Ordusunun şanlı döyüş və qələbə yolu təhlil olunur. Məktəblilər bu mövzularda maraqlı təqdimatlarla çıxış edirlər.

Bu həftə Rus bölməsi 9-cu siniflərin “Zəfər tarixi” dərsləri 2020-ci il oktyabr ayı ərzində işğaldan azad edilən yaşayış məntəqələri, Azərbaycan Ordusunun şanlı Füzuli və Zəngilan qələbələrinə həsr olundu. Məktəblilər Füzuli və Zəngilanın tarixi, xalqımızın bu ata-baba yurdlarındakı tarixi, dini, mədəni irsi, rayon mərkəzi və ətraf kəndlərin işğaldan azad olunması uğrunda gedən döyüşlər, bu ərazilərdə dağıdılmış dini abidələr, işğaldan azad olunan ərazilərdə həyata keçirilən misilsiz bərpa və yenidən-qurma işləri, əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsi və Qarabağa Böyük Qayıdışın başlanması haqqında hazırladıqları essələri təqdim etdilər.

Foto: Rus bölməsi 9-cu sinif “Zəfər tarixi” dərsləri, Kompleksin Tarix müəllimləri: Qabaqcıl təhsil işçisi Şıxəmirova Yelena Lvovna və Qonaqova Firəngiz

XƏBƏRLƏR

IB 5-ci sinif şagirdləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada oldular

IB (Beynəlxalq Bakalavriat Proqramı) 5-ci sinif şagirdləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada oldular və burada 4 müxtəlif master-klasslarda iştirak etdilər.

Ekskursiya məktəblilərin Azərbaycan tarixi ilə bağlı biliklərinin zənginləşdirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə təşkil edildi.