XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində qəhrəman məzun Şəhidlərimizin əziz və əbədiyaşar xatirələrinə həsr olunan 5-ci sinif şagirdləri arasında Hərbi-İdman oyunları keçirildi

şərh yoxdu

İyunun 3-də 132-134 nömrəli Təhsil Kompleksində 44 günlük Vətən Müharibəsində Şəhid olan Kompleksimizin qəhrəman məzunları Şəhid Nicat Tarıverdiyevin, Şəhid Fərid Əliyevin və Şəhid Yusif Budaqovun əziz və əbədiyaşar xatirələrinə həsr olunan 5-ci sinif şagirdləri arasında Hərbi-İdman oyunları keçirildi.

Tədbirdə Şəhid valideynləri və ailə üzvləri, Birinci və İkinci Qarabağ Müharibəsinin qaziləri, Səbail rayon İcra Hakimiyyətinin və Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri və çoxsaylı qonaqlar iştirak etdilər.

Tədbiri açıq elan edərək Şəhid ailə üzvlərini və qonaqları salamlayan Təhsil Kompleksinin direktoru Sara Xanlarova Azərbaycan xalqının Şanlı Qarabağ Zəfəri haqqında qürurla bəhs etdi. Vurğulandı ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük müqəddəs Vətən müharibəsində müstəqil Azərbaycanın hərb tarixinin ən şanlı Qələbə səhifələrini yazdı. Azərbaycan xalqının qəhrəman oğulları, Şəhidlərimiz, qazilərimiz bu müharibədə nəinki xalqımızın 30 illik Vətən torpağı həsrətinə son qoydular, eyni zamanda əsl qəhrəmanlıq, igidlik dastanına imza atdılar. S.Xanlarova qeyd etdi ki, Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi sülh, əmin-amanlıq şəraitində yaşayacaq və Vətən torpağı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini daima ehtiramla yad edəcək, bu əmanəti nəsildən-nəsilə ötürəcək, gələn hər yeni nəsil qəhrəman Şəhidlərimizin adlarını, Vətən qarşısındakı misilsiz xidmətlərini daima yaşadacaqdır.

Daha sonra Əsgər Marşı sədaları altında 132-134 nömrəli Təhsil Kompleksinin Hərbi-İdman komandası çıxış etdi.

Tədbir Hərbi-İdman oyunlarına aid üç estafet yarışı ilə davam etdi. Beşincilərimiz qəhrəman məzun Şəhidlərimizin adlarını daşıyan 3 komanda tərkibində estafet yarışlarında mübarizə apardılar. Şəhid Nicat Tarıverdiyevin adını daşıyan komanda estafet yarışlarının qalibi oldu.

Tədbirdə Şəhidlərimizə həsr olunan musiqi nömrələri səsləndirildi. “7 b” sinif şagirdi Musayeva Ayan və “10 c” sinif şagirdi Ağayev Nihad “Onları heç kim unutmaz”, “10 c” sinif şagirdi İsrafilov Əlyaqub “Mən Şəhid oldum, Ana!”, “8 c” sinif şagirdi Mürşüdzadə Ayan “Azərbaycan” mahnılarını ifa etdilər, Təhsil Kompleksinin məzunu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Kərimov Murad isə skripkada “Ana” instrumental musiqisini səsləndirdi.

Tədbirdə Şəhid ailə üzvləri, Birinci və İkinci Qarabağ Müharibəsinin qaziləri və Kompleksin şagirdləri çıxış edərək, Şəhid məzunlarımızın xatirəsinin 132-134 nömrəli Təhsil Kompleksində hər zaman yüksək ehtiramla xatırlanması və bu cür Anım tədbirlərinin təşkili üçün öz minnətdarlıqlarını bildirdilər.

Təltifetmə mərasimində Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və Səbail rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Həmid-Xan Tahirli  həm bugünkü Estafet yarışlarının, həm Səbail rayonunda keçirilmiş Şahin Hərbi-İdman oyunlarının, həm də Şahmat yarışının qaliblərini diplomlarla təltif etdilər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! QARABAĞ AZƏRBAYCANDIR!

XƏBƏRLƏR

Bərk məişət tullantılarının çeşidlənməsi və idarəolunması üzrə maraqlı layihə

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilalanlar və təhsilverənlər arasında maarifləndirmə işi davam edir, əsasən Biologiya və Həyat bilgisi müəllimləri tərəfindən bu mövzuda müxtəlif yaş qrupları üzrə sinif şagirdləri üçün xüsusi maarifləndirmə dərsləri təşkil olunur.

Təhsilalanlar arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin uğurlu nəticələrindən biri bu tədris ilində Azərbaycan bölməsi “6 d” sinif şagirdləri tərəfindən ilboyu həyata keçirilən layihə oldu.

“6 d” sinif şagirdi Əsədzadə Rəsul sinif otaqlarında bərk məişət tullantılarının çeşidlənməsi və idarəolunması üzrə maraqlı layihə ilə çıxış edib. Layihənin əsas məqsədi məktəblilərin ətraf mühitin mühafizəsinə və kağız emalı nəticəsində ağacların kəsilməkdən qorunmasına töhfə verməkdən ibarətdir.

Kompleksin Biologiya müəllimi və “6 d” sinifinin sinif rəhbəri, “Tərəqqi” medalı ilə təltif olunan Xanım Muradova tərəfindən ilboyu şagirdlərin bərk məişət tullantılarının idarə edilməsi və ətraf mühitin mühafizəsi mövzularında xüsusi maarifləndirmə dərsləri təşkil olunmuşdur.

Rəsulun bərk məişət tullantılarının sinif otaqlarında çeşidlənməsi layihəsi tədris ilinin son günlərinə qədər davam etmiş və “6 d” sinif şagirdləri bu məsələdə nümunəvi fəaliyyətləri ilə təqdir qazanmışlar.

XƏBƏRLƏR

Fransız modeli “4 a” sinif şagirdlərinin “Əlvida, ibtidai sinif illəri!” adlı buraxılış bayram tədbiri

şərh yoxdu

İyunun 2-də Kompleksimizin Rus bölməsi Fransız modeli “4 a” sinif şagirdlərinin “Əlvida, ibtidai sinif illəri!” adlı buraxılış bayram tədbiri keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə “4 a” sinif şagirdləri “Arşın mal alan” musiqili komediyasının motivləri əsasında Azərbaycan dilində, “Alisa Möcüzələr Diyarında” (“Alice’s Adventures in Wonderland”) nağılının motivləri əsasında İngilis dilində və “Zoluşka” (“Золушка”) nağılının motivləri əsasında Rus dilində səhnəciklər nümayiş etdirdilər, bir-birindən maraqlı mahnılar, şeirlər səsləndirdilər, rəngarəng rəqslər etdilər.

Məktəbliləri bu əlamətdar hadisə və bayram tədbiri münasibətilə ürəkdən təbrik edən Təhsil Kompleksinin direktoru Sara Xanlarova şagirdlərə bundan sonra da gözəl təhsil almağı, Vətənimizə layiq vətəndaşlar və yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmağı arzu etdi.

Qeyd edək ki, 132-134 nömrəli Təhsil Kompleksinin nəzdində 18 ildir ki, Fransız modeli ANA MƏKTƏB – ÈCOLE MATERNELLE fəaliyyət göstərir. Fransız modeli ibtidai siniflərimizdə tədris proqramına xarici dillərin öyrədilməsi, rəsm, teatr, rəqs və s. dərnəklərin fəaliyyəti, xüsusi bədən tərbiyəsi dərslərinin təşkili daxildir.

Bu gün ibtidai sinif illərini uğurla başa vuran Rus bölməsi “4 a” sinif şagirdlərini və müəllimələri Nağıyeva İradə xanımı təbrik edir, şagirdlərimizə gələcəkdə yüksək təhsil nailiyyətləri arzu edirik.

Təbriklər və uğurlar, “4 a” sinif şagirdləri!

XƏBƏRLƏR

Kompleksimizin ANA MƏKTƏB – ÈCOLE MATERNELLE şagirdləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdilər

şərh yoxdu

Kompleksimizin ANA MƏKTƏB – ÈCOLE MATERNELLE (Azərbaycan və Rus bölmələri üzrə məktəbəqədər hazırlıq) şagirdləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdilər.

Bayramınız mübarək, əziz uşaqlar!

Qeyd edək ki, Təhsil Kompleksimizin nəzdində 18 illik təcrübə ilə fəaliyyət göstərən Fransız modeli ANA MƏKTƏB – ÈCOLE MATERNELLE layihəsinin əsas məqsədi erkən yaş dövründən uşaqların məktəbə hazırlığını təşkil etmək, eyni zamanda xarici dillərin öyrədilməsi, onların şəxsiyyət kimi yetişməsi üçün şərait yaratmaqdır. “Ana məktəb” öz xüsusi tədris planları və proqramları əsasında fəaliyyət göstərir.

XƏBƏRLƏR

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri

şərh yoxdu

İyunun 1-də 132-134 nömrəli Təhsil Kompleksində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirildi.

Kompleksimizin şagirdləri, əsasən də ibtidailərimiz, birincilərimiz tədbirdə rəngarəng musiqi nömrələri ilə çıxış etdilər, mahnılar ifa etdilər, xarici dillərdə çıxışlar etdilər, rəqs etdilər və bayramlarını qeyd etdilər.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edir, onlara xoşbəxt gələcək arzu edirik.

XƏBƏRLƏR

“Aral – səhraya çevrilmiş dəniz” mövzusunda interaktiv-öyrədici layihə

şərh yoxdu

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində məktəblilərin su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı mövzularda maarifləndirilməsi məqsədilə 132-134 nömrəli Təhsil Kompleksində bu il xüsusi dərslər və müxtəlif interaktiv-öyrədici layihələr təşkil olunmuşdur.

Bu layihələrdən biri Kompleksin Rus bölməsi 6-cı sinif şagirdlərinin iştirakı ilə “Aral – səhraya çevrilmiş dəniz” mövzusunda keçirilmişdir. Layihə Kompleksin Coğrafiya müəllimi Nailə Hüseynovanın rəhbərliyi ilə reallaşdırılmışdır.

“6 a”, “6 c” və “6 d” sinif şagirdləri “Aral – səhraya çevrilmiş dəniz” mövzusunda araşdırmalar aparmış, mövzuya dair hazırladıqları ekoloji fəlakətin miqyasına və nəticələrinə diqqət çəkən müxtəlif maketlər, rəsmlər, plakatlar əsasında maraqlı təqdimatlarla çıxış etmişlər.

Dərsdə qeyd olunmuşdur ki, son onilliklərdə Aral dənizindəki su səviyyəsində ciddi dəyişikliklər müşahidə olunmuşdur. 30 il əvvəl Aral dənizi sahəsinə görə dünyanın dördüncü gölü idi. İndi isə bu dənizin “dibində” dəvə sürüləri otlayır. Aral dənizinin qurumasının günahkarı insanlardır. Məhz insanların təsərrüfat fəaliyyəti nəticəsində Aral “yoxa” çıxmışdır. Bu faciə qlobal ekoloji fəlakətin xəbərçisidir. Təbiət məhv olduqca, insan həyatı da məhv olacaqdır. İnsanlar planetimizin taleyi üçün məsuliyyət daşımalıdırlar.

Şagirdlər daha bir məsələyə diqqət çəkdilər ki, Aral dənizindəki öncəki vəziyyətin tam bərpası mümkünsüz kimi görünsə də, su səviyyəsinin yüksəldilməsi üçün müəyyən tədbirlər həyata keçirilə bilər. Məktəblilər Aral dənizindəki ekoloji fəlakətin qarşısının alınması üçün təkliflər də irəli sürdülər.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin “GreenX” komandası Texnofest Azərbaycan Festivalında uğurla çıxış edir

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin “GreenX” komandası bu il ilk dəfə olaraq Azərbaycanda keçirilən Texnofest Azərbaycan Festivalında uğurla çıxış edir.

Kompleksimizin Biologiya və Həyat Bilgisi müəllimi Rübabə Səmədovanın mentorluq etdiyi və 5 nəfərdən ibarət “GreenX” komandası 26-29 may tarixlərində Bakıda keçirilən #Teknofest Aviasiya, Kosmos və Texnologiya Festivalında “FreshAir” layihəsi üzrə 100-ə yaxın komanda arasından bütün mərhələləri uğurla  keçərək finala vəsiqə qazanmışdır.

Festival milli texnologiyaların təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində təhsilalanlar və təhsilverənlər arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə işi aparılmışdır

şərh yoxdu

“Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün” Tədbirlər Planının icrası istiqamətində 132-134 nömrəli Təhsil Kompleksində hər il olduğu kimi, bu il də təhsilalanlar və təhsilverənlər arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə işi aparılmış, Kompleksin Həyat bilgisi müəllimləri tərəfindən bu mövzuda müxtəlif yaş qrupları üzrə sinif şagirdləri üçün xüsusi maarifləndirmə dərsləri təşkil olunmuş, məktəblilər yol hərəkəti təhlükəsizliyinin təbliği işinə yaxından cəlb olunmuş, yol hərəkəti qaydaları və yol nişanları haqqında təbliğat-təşviqat məzmunlu maarifləndirici materialların yayılması təşkil olunmuşdur.

Rus bölməsi “6 d” sinif şagirdləri yol hərəkəti təhlükəsizliyinin təbliği işində nümunəvi fəaliyyətləri ilə xüsusilə seçilmiş və “Yol nişanları barəsində diqqətli olaq” mövzusunda maraqlı araşdırma layihəsi hazırlamışlar. Məktəblilərin bu mövzuda maarifləndirilməsi işinə rəhbərlik edən Kompleksin Biologiya və Həyat bilgisi müəllimi Rübabə Səmədovaya təşəkkür edirik.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində 28 may – Müstəqillik Günü münasibətilə bayram tədbiri

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində 28 may – Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirildi.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin zənginləşən əsaslarına həsr olunan videoçarxlar nümayiş olundu.

Tədbirdə Kompleksin şagirdləri “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəblilərin çıxışı zamanı qeyd olundu ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir.

Tədbirdə vurğulandı ki, bu gün Azərbaycan dünya miqyasında yüksək beynəlxalq nüfuza malik olan ölkədir. 44 günlük Vətən müharibəsində Azərbaycan öz tarixi tor­paqlarını düşmən işğalından azad etdi. Cümhuriyyət dövründən bizə əmanət qa­lan şanlı üçrəngli bayrağımız azad Qarabağda dal­ğalanmaqdadır. Qarabağ Azərbaycandır!

Müstəqillik Günümüz mübarək!

XƏBƏRLƏR

IB şagirdlərimiz Beynəlxalq BMT Modeli Konfransında Fəxri Nümayəndələr Sertifikatı (Certificate of Honorable Delegates) ilə təltif olunublar

şərh yoxdu

21-22 may tarixlərində ADA Universiteti nəzdində fəaliyyət göstərən ADA Məktəbində Birləşmiş Millətlər Təşkilatı (BMT) Modeli Konfransı keçirilib. Beynəlxalq BMT Modeli Konfransında 18 dövlət və ölkəmizdəki beynəlxalq məktəbləri təmsil edən 250-dək şagird iştirak edib.

132-134 nömrəli Təhsil Kompleksinin IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) şagirdləri Haqverdiyeva Leyla və Fateh Əhməd Konfransın Fəxri Nümayəndələr Sertifikatı (Certificate of Honorable Delegates) ilə təltif olunublar.

Məktəblilər miqrasiya, iqlim dəyişiklikləri, ekoloji fəlakətlər və ətraf mühitin çirklənməsi, iqtisadi böhranlar, aclıq, zərərli maddələrin dövriyyəsi, korrupsiya, miqrantların və onların ailələrinin müdafiəsi və digər qlobal təxirəsalınmaz məsələlər ətrafında müzakirələr aparıblar. Konfransda bu mövzular ətrafında debatlar təşkil olunub və müvafiq qətnamələr qəbul olunub.