XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Tarıverdiyevin məzarı ziyarət olundu

132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “8 b” sinif şagirdləri erməni işğalçıları ilə döyüşlərdə Şəhid olmuş və 44 günlük Vətən müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş  qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün İkinci Fəxri Xiyabanı ziyarət etdilər.

Ziyarət zamanı bütün Şəhidlərimizin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla anıldı, məzarları üzərinə qərənfillər düzüldü.

Məktəblilər 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Tarıverdiyevin məzarını ziyarət etdilər, qəhrəman Şəhidimizin Anası Şükran xanımla görüşdülər.

Torpaq, uğrunda ölən varsa Vətəndir! Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər günündə dönə-dönə sübut etdi ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz bu topraqların hər qarışı Vətəndir! Zəfərə gedən yolun hər addımında Şəhid verildi, minlərlə gənc Vətəndən pay olmayacağını Vətən torpağı ilə bütünləşərək sübuta yetirdi. Bu şanlı tarixi bizə yaşadanları dərin hörmət və ehtiramla yad edirik! Ruhunuz şad olsun, igid Vətən oğulları!

XƏBƏRLƏR

Səbail rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirildi

Sentyabrın 22-də Səbail rayon ümumtəhsil məktəblərində bu il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirildi. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.

Görüşdə iştirak edən 132-134 nömrəli Təhsil Kompleksinin 600-dən çox bal toplayan məzunları Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafına yönəlmiş böyük diqqət və qayğı sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi Səbail rayonunda da təhsilin səviyyəsinin günü-gündən artmaqda olduğunu bildirdi, ölkə başçısının imzaladığı Sərəncamlar və Dövlət Proqramlarına əsasən rayon ərazisində orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyətinin əsaslı təmir olunduğunu, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, təhsil işçilərinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd etdi.

Daha sonra çıxış edən məktəb direktorları hazırda bütün sahələrdə olduğu kimi təhsil sahəsindədə islahatlar və böyük quruculuq işləri aparıldığını vurğuladılar. Qeyd olundu ki, işğaldan azad edilən bölgələrimizdə təhsil infrastrukturu müvəffəqiyyətlə qurulur, “ağıllı kənd” pilot layihəsi çərçivəsində müasir təhsil müəssisələrinin sürətli tikintisi aparılır. Çox tezliklə Ölkə başçısı cənab İlham Əliyevin Qarabağda təməllərini qoyduğu bütün məktəblərdə qaynar təhsil mühitinə start veriləcək və burada oxuyan Azərbaycan övladları elm və bilikləri ilə dünyaya səs salacaqlar. Bu da onu göstərir ki, Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunmuşdur.

Sonda 600-dən yüksək bal toplamış məzunlar Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, onlarla xatirə şəkli çəkdirildi.

XƏBƏRLƏR

Yeni 2022/2023-cü tədris ilinin ilk dərs günü bütün siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu

Sentyabrın 15-də yeni 2022/2023-cü tədris ilinin ilk dərs günü 132-134 nömrəli Təhsil Kompleksində bütün siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində həlak olan Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olundu.

Təhsil Kompleksində bütün siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu. Dərslərdə müəllimlər məktəblilərə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qarabağ Zəfəri və işğaldan azad olunan Azərbaycan torpaqlarında həyata keçirilən geniş bərpa, yenidənqurma işləri haqqında ətraflı məlumat verdilər. Şagirdlərə Zəfərə gedən yolla bağlı videoçarxlar təqdim edildi, qəhrəman Şəhidlərimiz hörmət və ehtiramla anıldı.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!

XƏBƏRLƏR

2021-2022-ci tədris ilində liseyimizi “Fərqlənmə” ilə bitirən XI sinif məzunlarını və IX sinif şagirdlərini təbrik edirik

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksini 2021-2022-ci tədris ilində “Fərqlənmə” ilə bitirən XI sinif məzunlarını və IX sinif şagirdlərini təbrik edirik:

– XI “A” – Dadaşova Leyla Elnur

– XI “C” – Salamov Mətin Zahir

– XI “D” – Cumayeva Xumar Rayət

– XI “E” – Vəzirova Natella Raik

– XI “F” – Mustafayeva Nərmin Elşad

 

– IX “A1” – Əliyeva Fatimə Elnur

– IX “B1” – Ələkbərzadə Ayşə Heydər

– IX “C1” – Tahirli Ayla Kamran

– IX “A2” – Quliyeva Mehriban Cabbar

– IX “A2” – Mustafayeva Ləman Elşad

– IX “D2” – Məmmədova Mədinə Vasif

– IX “F2” – Hüseynli Ruqiyyə Qoşqar

 

Əziz məzunlarımız və şagirdlərimiz! Hər birinizə uğurlu həyat yolu, gələcək təhsilinizdə yüksək nailiyyətlər, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirik!

XƏBƏRLƏR

IB üzrə XI sinif məzunu Belçikanın KU Leuven Universitetində 100% təqaüdlə (Full scholarship) təhsil almaq hüququ qazanıb

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) üzrə XI sinif məzunu Nəcəfquliyev Nihad Elxan oğlu dünya reytinqində 100 ən yaxşı ali məktəb sırasında qərarlaşan və Qərbi Avropanın ən innovativ universitetlərindən biri olan Belçikanın KU Leuven Universitetində 100% təqaüdlə (Full scholarship) təhsil almaq hüququ qazanıb.

Altı əsrlik tarixi olan KU Leuven Universiteti Belçikanın ən böyük, Avropanın ən qədim və məşhur universitetlərindəndir. Aparıcı tədqiqat universiteti kimi tanınan Leuven Universiteti çoxlu beynəlxalq bakalavr və magistr proqramları təklif edir.

Nihadı bu yüksək uğur münasibətilə təbrik edir, məzunumuza gələcək təhsilində yeni-yeni nailiyyətlər və həyatında müvəffəqiyyətlər arzu edirik!

XƏBƏRLƏR

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 2021-2022-ci tədris ili üzrə məzunlarımızı, onların müəllimlərini və valideynlərini təbrik edirik!

şərh yoxdu

Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 2021-2022-ci tədris ili üzrə məzunlarımızı, onların müəllimlərini və valideynlərini təbrik edirik!

– Qafarova Xalidə Kamran qızı – qızıl nişanla təltif olunan XI sinif məzunu (Rus bölməsi)

– Əlizadə Cavidan Vüsal oğlu – gümüş nişanla təltif olunan XI sinif məzunu (Azərbaycan bölməsi)

Məzunlarımızı bu yüksək nailiyyətlər münasibətilə təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzu edirik!

XƏBƏRLƏR

Şagirdimizin Beynəlxalq Sinqapur və Asiya Məktəblərarası Riyaziyyat Olimpiadasında uğuru

şərh yoxdu

Azərbaycan bölməsi “6 a” sinif şagirdi Ələkbərzadə Hakansəid Beynəlxalq Sinqapur və Asiya Məktəblərarası Riyaziyyat Olimpiadasında II yerin qalibi olmuş və Olimpiadanın gümüş medalını qazanmışdır.

Hakansəidi bu yüksək beynəlxalq nailiyyəti münasibətilə təbrik edir, şagiridimizə gələcəkdə yeni-yeni təhsil uğurları arzu edirik. Əhsən, Hakansəid! Təbriklər və uğurlar!

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində “Yay məktəbi” fəaliyyətə başladı

şərh yoxdu

İyunun 16-da 132-134 nömrəli Təhsil Kompleksində “Yay məktəbi” fəaliyyətə başlamışdır. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

“Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir.

“Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi

şərh yoxdu

İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, valideynlər, müəllimlər, məzun şagirdlər iştirak etdilər.

“Son zəng” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.

132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar müəllimi Sara Xanlarova “Son zəng” münasibətilə onbirinciləri təbrik etdi, məzunlara gələcək həyatlarında uğurlar dilədi və onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını vurğulayan direktor qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “qara qızılı insan kapitalına çevirmək” prinsipi ilə təhsil sahəsində həyata keçirilən düşünülmüş siyasət Azərbaycanda təhsilə olan qayğının ən yüksək səviyyədə olduğunu göstərir. Ölkəmizdə elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edən S.Xanlarova bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi milli təhsilimizdə mühüm dönüş nöqtəsi olmuşdur və təhsil sahəsində bir çox genişmiqyaslı layihələr bu gün də uğurla icra olunmağa davam edir.

Çıxışı zamanı direktor 132-134 nömrəli Təhsil Kompleksinin tarixi, bu təhsil ocağının məzunları və şagirdlərinin yerli və beynəlxalq nailiyyətləri haqqında danışdı. Azərbaycan xalqının 44 günlük müqəddəs Vətən müharibəsində Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidinin – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələri xüsusi ehtiramla yad olundu.

Qeyd olundu ki, Azərbaycan qalib dövlət kimi bütün sahələrdə, o cümlədən təhsil sahəsində inkişaf edir, müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi ildən-ilə qüdrətlənir və yeni qələbələrə imza atır. Məzunların həyatında yeni, məsuliyyətli mərhələnin başlandığını diqqətə çatdıran S.Xanlarova onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq Azərbaycanın gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə dair əminliyi ifadə etdi, onbirincilərə işıqlı yol, aydın səma, gözəl gələcək və milli-mənəvi dəyərlərimizlə, Azərbaycançılıq ilə hər zaman fəxr etməyi arzuladı.

Azərbaycan Respublikasının Şanlı bayrağı “Xudayar təsnifi”nin sədaları altında Azərbaycanın qəhrəman Şəhidlərinin əziz xatirəsinə tədbirə gətirildi.

Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladılar və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdilər.

Tədbirdə şagirdlərin hazırladıqları və onbirincilərin iştirak etdiyi ədəbi-bədii kompozisiyalar nümayiş olundu, məzunların çıxışları dinlənildi.

Daha sonra simvolik “Bilik açarı” onbirincilər tərəfindən növbəti tədris ilində birinci sinifə başlayacaq olan Təhsil Kompleksinin builki “Ana Məktəb” məzunlarına təqdim olundu.

Sonda “Son zəng” çalındı, səmaya əlvan şarlar buraxıldı.

XƏBƏRLƏR

“Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olundu

şərh yoxdu

Kompleksimizin Rus bölməsi “9 b” sinif şagirdlərinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olundu.

İntellektual oyunun keçirilməsində məqsəd məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

Bu dəfəki oyunda sualları cavablandıran peşəkarlar qismində “9 b” sinif şagirdləri, sualları təqdim edən televiziya tamaşaçıları rolunda isə Kompleksimizin müəllimləri iştirak etdilər.

Şagirdlər çətin, eyni zamanda əyləncəli oyunda uğurla çıxış edərək qalib gəldilər.