XƏBƏRLƏR

Rus bölməsi “4 b” sinifində “Robototexnika” mövzusuna həsr olunmuş İnformatika dərsi

Rus bölməsi “4 b” sinif şagirdlərinin iştirakı ilə bu gün “Robototexnika” mövzusunda “İnformatika” dərsi təşkil olundu. Dərsdə şagirdlər Robototexnika, müasir robotlar, robotların insan həyatındakı rolu mövzularında təqdimatlarla çıxışlar etdilər, mövzu ilə bağlı hazırladıqları robotları və çəkdikləri rəsmləri təqdim etdilər.

İnteraktiv formada keçirilən dərsdə bütün şagirdlər yaxından iştirak etdilər və hər kəs bir-birindən yeni məlumatlar öyrəndi.

Pedaqoq: Məmmədxanova Mehriban

XƏBƏRLƏR

“Reproduktiv sağlamlıq” və “Məişət zorakılığının qarşısının alınması” mövzusunda valideynlərlə görüşlər keçirildi

12-13 oktyabr tarixlərində 132-134 nömrəli Təhsil Kompleksində VIII – IX sinif şagirdlərinin valideynləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda  maarifləndirici söhbət aparılıb. Marifləndirici söhbətin aparılmasının əsas məqsədi valideynlərin öz övladlarının  reproduktiv sağlamlığının  qayğısına qalmaları barədə məlumatlandırılmasından ibarət olub. Görüş zamanı metodik vəsaitdə verilmiş mövzular haqqında valideynlərə ətraflı məlumat verilib, uşaqların təhlükəsiz şəraitdə sağlam böyüməsinə şərait yaratmaq, uşağa özünü və başqalarını tanımağa kömək etmək, məişət zorakılığının qarşısının alınması və onunla mübarizə kimi mühüm məsələlərə toxunulub. Bu çərçivədə uşaqlara qarşı mümkün zorakılıq halları və bu kimi xoşagəlməz hallarla bağlı profilaktik tədbirlər ətrafında müzakirələr aparılıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdə mövzu ətrafında valideynləri narahat edən məsələlər dinlənilib və suallar cavablandırılıb.

XƏBƏRLƏR

Görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevaya həsr edilən “Könülləri fəth edən elm fədaisi” adlı tədbir keçirildi

Oktyabrın 10-da 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 84-cü ildönümünə həsr edilmiş “Könülləri fəth edən elm fədaisi” adlı tədbir keçirildi.

Tədbirdə çıxış edən Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova 1957-ci ildə 132 nömrəli orta məktəbi (indiki 132-134 nömrəli Təhsil Kompleksi) qızıl medalla bitirmiş Kompleksin unudulmaz məzunu, görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevanın həyat və fəaliyyəti haqqında məktəblilərə geniş məlumat verdi. S.Xanlarova dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi professor Aida xanım İmanquliyevanı böyük elm xadimi, pedaqoq, parlaq şəxsiyyət, zərif və nəcib qadın, eyni zamanda Azərbaycan cəmiyyətinə gözəl övladlar bəxş etmiş qayğıkeş ana kimi xarakterizə etdi. Vurğulandı ki, Azərbaycanda ilk şərqşünas qadın elmlər doktoru olan Aida xanım üç fundamental monoqrafiyanın və 70-dən çox elmi məqalənin müəllifi, gözəl elm təşkilatçısı olub.

Məktəbin fəaliyyətinin əsas nəticəsinin onun şagirdlərinin və məzunlarının nailiyyətləri olduğunu diqqətə çatdıran S.Xanlarova bildirdi ki, Azərbaycanın təhsil tarixində özünəməxsus yeri olan və 160 illik tarixə malik olan 132-134 nömrəli Təhsil Kompleksinin müəllim-şagird kollektivi məktəbin unudulmaz məzunu, Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan olan Aida xanım İmanquliyeva ilə fəxr edir. 132-134 nömrəli Təhsil Kompleksində uzun müddətdir həyata keçirilən “Unudulmaz məzunlar” layihəsi haqqında danışan direktor qeyd etdi ki, bu layihənin məqsədi məktəbimizdən məzun olmuş dəyərli şəxsiyyətlərin, ictimai xadimlərin və unudulmaz məzunların əziz xatirəsini yaşatmaq, onların örnək həyat yolu, elmi-ictimai fəaliyyəti haqqında məlumatları gənc və gələcək nəsillərə çatdırmaqdır. Direktor əminliyini ifadə etdi ki, 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Kompleksin unudulmaz məzunlarından hər zaman layiqli örnək alacaq və Azərbaycanın gələcək gözəl vətəndaşları və böyük alimləri kimi yetişəcəklər.

Ölkəmizin ictimai-siyasi həyatının ən müxtəlif sahələrinin, o cümlədən Azərbaycan təhsilinin inkişafında Aida xanım İmanquliyevanın iki övladının – Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın xidmətləri xüsusi vurğulandı. Bildirildi ki, Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri, “Uşaq evləri və İnternat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” uğurla icra olunub. Qeyd olundu ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli və tarixi dəyərlərimizin qorunması və dünya miqyasında təbliği istiqamətində apardığı genişmiqyaslı fəaliyyət, işğaldan azad olunan doğma Qarabağ torpaqlarımızda xalqımızın tarixi, mədəni, dini irsinin yenidən dirçəldilməsi naminə həyata keçirilən möhtəşəm bərpa-quruculuq layihələri xalqımız tərəfindən təqdir olunur və alqışlanır.

Görkəmli alim Aida xanım İmanquliyevanın əziz xatirəsinin könüllərdə daim yaşayacağını qeyd edən Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinə seçdikləri fəaliyyət sahəsindən asılı olmayaraq hər zaman bu tarixi məktəbin adını layiqli şəkildə təmsil etməyi və məktəbin unudulmaz məzunlarının həyat yolundan müsbət nümunələr götürməyi tövsiyə etdi.

Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi Aygün Əfəndiyeva professor Aida xanım İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan bəhs etdi, onun elmi irsinin, əsərlərinin əhəmiyyətini diqqətə çatdırdı. Vurğulandı ki, Şərq-Qərb mədəni əlaqələrinin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edir. Qeyd olundu ki, 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Azərbaycanın unudulmaz şəxsiyyətlərinin həyat, elm və fəaliyyət yolunu dərindən öyrənməli və onlardan nümunə götürməlidirlər.

Professor Aida İmanquliyevanın tələbəsi olmuş və hazırda 132-134 nömrəli Təhsil Kompleksinin Ərəb dili müəllimi Gülnarə Məmmədova ölkəmizdə şərqşünaslıq məktəbinin yaranmasında mühüm rolu olan Aida xanım haqqında xatirələrini şagirdlərlə bölüşdü və görkəmli alimin elmi irsinin əhəmiyyətindən geniş bəhs etdi.

Tədbirdə böyük alimin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu. Təhsil Kompleksinin şagirdləri ictimai xadim, professor Aida xanım İmanquliyevanın zəngin elmi irsi və şərəfli, nümunəvi həyat yolu ilə bağlı çıxışlar etdilər.

Bütün çıxışlarda vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin unudulmaz məzunu Aida xanım İmanquliyevanın əziz xatirəsi, Onun şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən çoxsaylı insanların qəlbində əbədi olaraq yaşayacaqdır.

XƏBƏRLƏR

Məktəb psixoloqu narkomaniya ilə mübarizə üzrə antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə VI, IX və XI sinif şagirdləri ilə növbəti dəfə görüşdü

Təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm rolu var. Hal-hazırda psixoloji xidmətin əsas vəzifəsi təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Bir sözlə, məktəb psixoluqunun başlıca məqsədi təhsilalanlar və təhsilverənlər üçün əlverişli psixoloji inkişaf mühitinin yaradılmasına nail olmaqdır.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün növbəti dəfə VI, IX və XI sinif şagirdləri ilə görüşdü. Şagirdlərin yaş qruplarının fərqliliyini nəzərə alaraq, narkomaniya ilə mübarizə üzrə antinarkotik dünyagörüşünün formalaşdırılması, narkomaniya və digər aludəçiliklərə qarşı narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat aparılması məqsədilə psixoloq məktəblilərlə bu mövzular ətrafında müzakirə təşkil etdi, şagirdlərin fikirlərini öyrəndi və onlarla qabaqlayıcı, profilaktik söhbətlər etdi.

XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinifi: “4 oktyabr – Heyvanların Beynəlxalq Müdafiəsi Günü” mövzusunda xüsusi dərs

4 oktyabr – Dünya Heyvanlar Günü və ya Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür. Rus bölməsi “3 c” sinifində Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Heyvanları niyə mühafizə etməliyik?” mövzusunda xüsusi dərs təşkil olundu.

Dərsdə məktəblilər bugünün əhəmiyyəti, insanların heyvanlarla davranışı, nəsli tükənən heyvanların mühafizəsi, heyvanların insan həyatındakı rolu, ekosistemdə yaranan qeyri-tarazlılqlar, heyvanların təbii şəraitinin insanların əyləncəsi və ya ov məqsədilə pozulması, su hövzələrinin çirklənməsi və insanın fəaliyyəti nəticəsində heyvanların gördüyü zərərlər mövzularında çıxışlar etdilər, xüsusi rəsmlər, plakatlar, bannerlər hazırladılar.

Həmçinin, məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə “3 c” sinif şagirdləri üçün Bakı Zooloji Parkında öyrədici-maarifləndirici ekskursiya təşkil olundu.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

Təhsil Kompleksinin psixoloqları tərəfindən şagirdlərlə mütəmadi konsultativ işlər təşkil edilir, məktəblilərlə profilaktik söhbətlər aparılır

Uşaq psixologiyasının formalaşmasında ailənin, ailənin olduğu qədər məktəbin və müəllimin rolu var. Müəyyən yaşdan sonra, xüsusilə yeniyetməlik dönəmində uşaqlarda ünsiyyət problemi, düzgün münasibət qura bilməmək, özünə qapanma və s. hər zaman rast gəlinən və valideynlərin narahatlıqla qarşıladıqları problemlər sırasındadır. Belə problemlər yaşayan uşaqlarla psixoloq məşğul olmalı və onlarda bu problemləri yaradan səbəbləri aşkarlamalıdır. Məsələn, əgər bu özgüvənlə bağlı problemdirsə, psixoloq ilk növbədə uşağın özgüvəni üzərində işləməli və onu müəyyən edilmiş səviyyəyə çatdırmalıdır.

132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqu Quliyeva Aytən tərəfindən şagirdlərlə bu mövzularda mütəmadi konsultativ işlər təşkil edilir, məktəblilərlə profilaktik söhbətlər aparılır.