XƏBƏRLƏR

Məktəb psixoloqu tərəfindən məktəblilər üçün “Reproduktiv sağlamlıq” və “Məişət zorakılığının qarşısının alınması” mövzusunda interaktiv seminar təşkil olundu

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Əhmədova İnarə bu gün VIII sinif şagirdləri üçün “Reproduktiv sağlamlıq” mövzusunda interaktiv seminar təşkil etdi.

Seminarda psixoloq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı olan reproduktiv sağlamlıq, eləcə də məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında məktəblilərə ətraflı məlumat verdi, şagirdlərin bu mövzularla bağlı fikirlərini öyrəndi, bu kimi problemlər yaşandığı təqdirdə düzgün qabaqlayıcı tədbirlər haqda məktəblilərə tövsiyələrini verdi.

Seminar məktəblilərlə fikir mübadiləsi, auditoriyanın müzakirədə interaktiv iştirakı formatında təşkil olundu.

XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinif şagirdlərinin iştirakı ilə “Alma günü”nə həsr olunmuş praktiki seminar

Böyük Britaniyada hər il 21 oktyabr tarixində “Alma günü” qeyd olunur. Ən vitaminli meyvələrdən biri olan almalara və meyvə bağlarına həsr olunmuş bu qeyri-rəsmi bayram günündə Böyük Britaniya küçələrində meyvə yarmarkaları təşkil olunur, meyvələrə həsr olunan müxtəlif müsabiqələr, yarışlar təşkil olunur.

Rus bölməsi “3 c” sinif şagirdlərinin iştirakı ilə “Alma günü”nə həsr olunmuş praktiki seminar təşkil olundu. Məktəblilər təbiətin müxtəlifliyi və zənginliyi, o cümlədən meyvə bağları haqqında yeni məlumatlar əldə etdilər, almanın insan orqanizmi üçün faydalarını öyrəndilər, qrup-komanda formatında təqdimat posterləri, maketlər  hazırladılar.

Müəllimə: Qəniyeva Sevda

XƏBƏRLƏR

Narkomanlığa və digər aludəçiliklərə qarşı mübarizə yolları haqqında məlumatlılığın artırılması məqsədilə məktəb psixoloqları tərəfindən xüsusi seminarlar təşkil olunur

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə məktəb psixoloqları müxtəlif yaş qrupunda olan şagirdlər, xüsusilə yuxarı sinif şagirdləri üçün mütəmadi xüsusi seminarlar təşkil edir.

Məsləhət və maarifləndirmə məqsədilə təşkil olunan bu seminarlarda məktəblilərlə profilaktik söhbətlər aparılır, onlara narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa və digər aludəçiliklərə qarşı mübarizə yolları izah olunur. Yeniyetmələrə asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün tövsiyələr verilir.

XƏBƏRLƏR

Məktəb psixoloqu IX sinif şagirdləri üçün “Reproduktiv sağlamlıq” və “Məişət zorakılığının qarşısının alınması” mövzusunda interaktiv seminar təşkil etdi

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün IX sinif şagirdləri üçün “Reproduktiv sağlamlıq” mövzusunda interaktiv seminar təşkil etdi.

Psixoloq məktəblilərə “Reproduktiv sağlamlığa təsir edən amillər”, “Yeniyetməlik yaşında anatomo-fizioloji və psixololoji dəyişikliklər”, “Travma və zorakılıq”, “Fiziki, mənəvi və cinsi zorakılıq halları, səbəbləri və nəticələri”, “Suiqəsd halları və səbəbləri”, “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə”  mövzularında ətraflı məlumat verdi, şagirdlərin bu mövzularla bağlı fikirlərini öyrəndi, bu kimi problemlər yaşandığı təqdirdə düzgün qabaqlayıcı tədbirlər haqda məktəblilərə tövsiyələrini verdi.

Seminar məktəblilərlə fikir mübadiləsi, auditoriyanın müzakirədə interaktiv iştirakı formatında təşkil olundu.

XƏBƏRLƏR

“Mən bir əsgərəm – könüldən Vətənliyəm!” adlı hərbi-vətənpərvərlik, maarifləndirmə tədbiri keçirildi

Oktyabrın 18-də Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “İnnovativ Təşəbbüslər” İctimai Birliyi və 132-134 nömrəli Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə “Mən bir əsgərəm – könüldən Vətənliyəm!” adlı hərbi-vətənpərvərlik, maarifləndirmə tədbiri keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı Əşrəf Əhmədov, 44 günlük Vətən müharibəsi qaziləri, Şuşa fatehləri – ehtiyatda olan XTQ mənsubu Məmmədov Nazim və XTQ könüllüsü Quluzadə Əlişəfi, 132-134 nömrəli Təhsil Kompleksinin Hərbi rəhbəri, Əməkdar məşqçi Ayaz İbişov, Təhsil Kompleksinin müəllimləri və şagirdləri iştirak etdilər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı Əşrəf Əhmədov çıxış edərək, gənc nəsilə vətənpərvərlik hisslərinin aşılanmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışdı və “Əsgər kimdir?”, “Əsgər – çalışdığı sahədə Vətənə layiqli şəkildə xidmət edən hər bir vətəndaşdır”, “Hərbiçi və hərb sənəti”, “Nizam-intizamın hər bir şəxsin həyatındakı rolu”, “44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi Zəfəri”, “Döyüşkən və qələbə ruhlu Azərbaycan əsgəri” mövzularında məktəblilərlə fikir mübadiləsi təşkil etdi.

Tədbirdə “İnnovativ Təşəbbüslər” İctimai Birliyi tərəfindən hazırlanmış və məktəblilərin böyük maraqla izlədiyi videoçarxlar nümayiş olundu.

Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin Hərbi rəhbəri, Əməkdar məşqçi Ayaz İbişov 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi Zəfəri, 2016-cı Aprel döyüşləri, 2020-ci il Tovuz döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığı, gənc nəslin təlim-tərbiyəsində hərbi-vətənpərvərlik mövzularının əhəmiyyəti haqqında danışdı və məktəblilərə elm, təhsil, idman, çalışacaqları hər bir peşə fəaliyyətində uğurlar arzuladı.

Daha sonra 44 günlük Vətən müharibəsi qaziləri, Şuşa fatehləri – ehtiyatda olan XTQ mənsubu Məmmədov Nazim və XTQ könüllüsü Quluzadə Əlişəfi səhnəyə dəvət olundular. Qəhrəman qazilərimiz Azərbaycan əsgərinin 44 günlük şanlı döyüş yolu haqqında məlumat verərək, məktəblilərin müharibə və rəşadətli Azərbaycan Ordusunun tarixi qələbəsi, Şuşanın işğladan azad olunması haqqında çoxsaylı suallarını ətraflı cavablandırdılar.

Tədbirdə Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidi – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələrini xüsusi ehtiramla yad olundu.

Məktəblilərin böyük marağına səbəb olan tədbirdə qəhrəman qazilərimizlə çoxsaylı xatirə şəkilləri çəkildi.

XƏBƏRLƏR

Məktəb psixoloqu müxtəlif yaş qrupunda olan məktəblilərlə fərdi şəkildə profilaktik söhbətlər təşkil edir

Məktəbdə psixoloji xidmətin əsas istiqamətlərindən biri təlim fəaliyyətinin müvəffəqiyyəti və uşaqların sağlam psixoloji səviyyəsinin diaqnostikasını verməkdən ibarətdir. Uşağın məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək bir tərəfdən həmin sahədəki qüsurları aradan qaldırmaq, digər tərəfdən məktəbdə şagirdlərin potensialının üzə çıxarılması istiqamətində uyğun iş aparmaq üçün şərait yaradır.

132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən şagirdlərlə mütəmadi konsultativ işlər təşkil edilir, məktəblilərlə profilaktik söhbətlər aparılır. Söhbət zamanı təlim fəaliyyətinin müvəffəqiyyəti, şagird şəxsiyyətinin formalaşması və inkişafı xüsusiyyətləri üzə çıxarılır. Ailə və məktəb iki əsas sosial institut kimi uşaqların təlim-tərbiyə və sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına əsaslı təsir göstərir.

Bu gün, Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən sinifdə həmyaşıdları ilə münasibət qurmaqda çətinliyi olan şagirdlərlə “Qarşılaşdığım çətinliklərdə necə uğur qazana bilərəm?” mövzusunda xüsusi iş apardı və müxtəlif yaş qrupunda olan məktəblilərlə fərdi şəkildə profilaktik söhbətlər təşkil etdi.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin IB şagirdləri Owlypia beynəlxalq olimpiadasında 3 Qızıl, 5 Gümüş, 7 Bürünc olmaqla 15 medal və 11 sertifikat qazanıblar

132-134 nömrəli Təhsil Kompleksinin IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) şagirdləri Owlypia beynəlxalq olimpiadasının Abu-Dabidə keçirilmiş Qlobal Raundunda uğurla iştirak ediblər.

Xəlifə Universitetində baş tutan olimpiadada Təhsil Kompleksinin 9 şagirdi Xədicə Abbasova, Leyla Əhədzadə, Əsma Əliyeva, Nuray Məmmədova, İradə Adıgözəlova, Niyazi Ulubəyli, Müjgan Məmmədova, Sevinc Əlizadə və Leyla Osmanlı 3 komanda şəklində iştirak edərək 3 Qızıl, 5 Gümüş, 7 Bürünc olmaqla 15 medal və 11 sertifikat əldə ediblər.

Məktəblilər 2 gün ərzində olimpiada çərçivəsində 5 müxtəlif tapşırıq yerinə yetirib, debatlarda komanda şəklində çıxış ediblər.

Abu-Dabiyə səfər çərçivəsində şagirdlər Gülanə Əliyevanın rəhbərliyi ilə Luvr muzeyi, Qəsr Əl-Vətən, Şeyx Zayed Böyük Məscid kompleksi və digər tarixi əhəmiyyətli abidələri ziyarət ediblər.

Şagirdlərimizi təbrik edir və IB şagirdlərimizə yeni-yeni təhsil uğurları arzu edirik. 

XƏBƏRLƏR

Məktəb psixoloqu ibtidai sinif şagirdləri ilə diqqətin toplanılması mövzusunda fərdi və qrup halında məsləhətlər keçirir

Diqqətin inkişaf səviyyəsi uşağın məktəb təlimində müvəffəqiyyət qazanmasında çox böyük rol oynayır. Uşağın təhsildə uğur qazanması üçün ilk növbədə onun diqqətini və müşahidəçilik qabiliyyətini tərbiyə etmək lazımdır. Diqqətin inkişaf etməsi məhz kiçik məktəb yaşlarında baş verir. Bu psixi funksiya formalaşmadan təlim prosesi qeyri-mümkündür. Dərsdə müəllim şagirdlərin diqqətini tədris materialına cəlb edir və uzun müddət saxlayır.

Kiçik məktəblilərin diqqəti asanlıqla yayınır, uzun müddət konsentrasiyalarını toplamağa qadir olmur, həyəcanlı və emosional olurlar. Bu səbəblə 132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən ibtidai sinif şagirdləri ilə diqqətin toplanılması mövzusunda fərdi və qrup halında məsləhətlər keçirilir.

Kompleksin psixoloqu Quliyeva Aytən şagirdlərlə bu həftə “Diqqətin toplanılması metodikası” mövzusunda görüşlər, məsləhətlər təşkil edir. Bu zaman psixoloq uşaqlarla yaddaş, diqqət, təfəkkür, öz hisslərini dərk və idarə etmək, digər insanların hisslərini tanımaq və anlamaq qabiliyyəti, təsvir prosesində rəng çalarlarından istifadə, motorika, məsələnin həllini axtararkən özünəinam və müstəqillik nümayiş etdirmək, ünsiyyət vərdişləri, öz yanaşmalarını izah etmək və müdafiə etmək qabiliyyəti mövzularında söhbətlər aparır və konkret tapşırıqlar əsasında uşaqlara bu mövzuları izah edir.

XƏBƏRLƏR

Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Ori və rəhbərlik etdiyi nümayəndə heyəti 132-134 nömrəli Təhsil Kompleksində oldular

Azərbaycanda səfərdə olan Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Ori və rəhbərlik etdiyi nümayəndə heyəti 132-134 nömrəli Təhsil Kompleksində oldular və burada yaradılan modern tədris şəraiti və liseyin maddi-texniki bazası ilə tanış oldular.

Qonaqlar ilk öncə Təhsil Kompleksinin “Heydər Əliyev” muzeyində görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotomateriallar və kitablarla tanış oldular. Daha sonra qonaqlar Təhsil Kompleksinin Tarix Muzeyində zəngin ənənələrə malik olan bu məktəbin tarixi, unudulmaz məzunları, Təhsil Kompleksinin tarixi inkişaf yolu haqqında geniş məlumatlar əldə etdilər.

Məktəbdəki tədris mühiti ilə tanış olan və dərs zamanı şagirdlər və müəllimlərlə görüşən qonaqlara Təhsil Kompleksində 2017-ci ildən uğurla fəaliyyət göstərən IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat) Proqramı haqqında məlumat verildi. Qonaqlar Təhsil Kompleksində yaradılan şərait və tədris mühitini, IB proqramının icrasını və məktəb məzunlarının uğurlarını yüksək qiymətləndirdilər. IB şagirdləri, xüsusilə IB DP şagirdi Leyla ilə söhbətdən məmnun qalan qonaqlar məktəblilərin intellektual hazırlığını xüsusi vurğuladılar.

Qonaqlar üçün Təhsil Kompleksinin Akt Zalında təşkil olunan təqdimat zamanı direktor Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyəti, məktəbin strateji və optimal idarəetmə təcrübəsi, icra olunan beynəlxalq layihələr, burada əldə olunan yüksək nailiyyətlər və məktəbin şagirdlərinin, məzunlarının uğurlu nəticələri haqqında qonaqlara ətraflı məlumat verdi. Vurğulandı ki, ölkə başçısı Prezident İlham Əliyevin milli təhsilimizin inkişafına xüsusi diqqəti nəticəsində icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Nəticədə, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından formalaşdırılması və ümummilli inkişaf prosesinin davamlılığı təmin olunur.

Qarşılıqlı fikir mübadiləsi aparılan görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırıldı və yeni əməkdaşlıq imkanları müzakirə olundu.