XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində ADPU-nun MBA proqramı üzrə “Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi)” ixtisaslaşmasının magistrantları üçün master-klass təşkil olundu

Oktyabrın 31-də 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) MBA proqramı üzrə “Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi)” ixtisaslaşmasının magistrantları üçün “132-134 nömrəli Təhsil Kompleksinin strateji və optimal idarəetmə təcrübəsinin öyrənilməsi” mövzusunda master-klass (dərs-görüş) keçirildi.

“Təhsildə strateji idarəetmə” fənni çərçivəsində auditoriyadan kənar dərs formatında təşkil olunan görüşdə ADPU-nun Davamlı təhsil və innovasiyalar bölməsinin baş mütəxəssisi Dilguşə Süleymanova, Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, direktor müavinləri və magistrantlar iştirak etdilər.

Təhsil Kompleksinin Akt Zalında təşkil edilən master-klassda direktor Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyəti, maddi-texniki bazası, məktəbin strateji və optimal idarəetmə təcrübəsi, icra olunan beynəlxalq layihələr, burada əldə olunan yüksək nailiyyətlər və məktəbin şagirdlərinin, məzunlarının uğurlu nəticələri haqqında magistrantlara ətraflı məlumat verdi.

Magistrantlar məktəbin rəhbər işçilərinə mövzu ilə bağlı çoxsaylı suallar ünvanladılar. Qarşılıqlı fikir mübadiləsi aparılan dərs-görüşdə magistrantları maraqlandıran suallar ətraflı cavablandırıldı. Görüşdə gələcəkdə müsbət təcrübənin öyrənilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və 132-134 nömrəli Təhsil Kompleksi arasında yeni əməkdaşlıq imkanları müzakirə olundu.

XƏBƏRLƏR

Məktəb psixoloqu ibtidai sinif şagirdləri ilə diaqnostik sorğu təşkil etdi

Məktəb psixoloji xidmətində əsas fəaliyyət istiqamətlərindən biri uşaqların məktəbə psixoloji hazırlığının diaqnostikasını verməkdir. Uşağın məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək həm şagirdlərin potensialına uyğun iş aparmaq, həm də bu sahədəki mümkün çatışmazlıqları aradan qaldırmaq üçün şərait yaradır. Bütün bu yollarla aparılan yoxlama işi uşağın məktəbə hazırlıq səviyyəsini aşkara çıxarmağa, bu sahədə onun valideyninə və müəllimlərinə müvafiq məsləhətlər verməyə imkan verir. Bununla da şagirdlərin fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən oktyabrın 30-da Azərbaycan bölməsi üzrə ibtidai sinif şagirdləri ilə görüşdü və uşaqların məktəb təliminə psixoloji cəhətdən hazırlığını müəyyən edən keyfiyyət göstəriciləri üzrə I-IV siniflərdə məktəblilərlə diaqnostik sorğu təşkil etdi.

Azərbaycan bölməsi “1 c” sinifində “Yanğın” mövzulu dərsdə, “2 d” sinifində Azərbaycan dili dərsində, “3 b” sinifində Riyaziyyat dərsində, “3 c” sinifində “Söz birləşmələri” dərsində, “4 a – Sağlam təhsil” sinifində “Vurma və bölmənin digər üsulları” dərsində və “4 c” sinifində Riyaziyyat dərsində iştirak edən məktəb psixoloqu dərsin gedişində şagirdlərin aktivliyini, oxuma-anlama, analiz və  tapşırıqları sərbəst yerinə yetirmək bacarıqlarını müşahidə etdi, məktəblilərin müəllimə, dərsə və bir-birinə olan davranışlarını qiymətləndirdi, bəzi narahatlıqları olan, dərsdə fikir dağınıqlığı yaşayan uşaqlarla fərdi söhbət etdi.

Yoxlama nəticələrinin təhlili sinif rəhbərlərinə təqdim olunacaq və fənn müəllimlərinə mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.

XƏBƏRLƏR

Rus bölməsi “5 d” sinif şagirdləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda ekskursiyada oldular

Oktyabrın 28-də Kompleksin Biologiya, Həyat Bilgisi və STEAM müəllimi Səmədova Rübabənin təşkilatçılığı ilə Rus bölməsi “5 d” sinif şagirdləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.

Şagirdlər Azərbaycan tarixi dərsində məlumat aldıqları Qobustan qayalarını canlı şəkildə seyr edərək, təsvirlərlə tanış olub, Qobustan muzeyindəki tarixi eksponatları maraqla izləyiblər.

Qoruqla tanışlıq burada inşa edilən muzeydən başlayıb. Məktəblilər muzeyin zallarını gəzərək ekspozisiyalarla tanış olublar. Qeyd olunub ki, “Qobustan: YUNESKO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks edilib. Bu otaqdakı sərgilər Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft Kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir.

Sonra məktəblilər qoruq ərazisindəki qədim rəsm nümunələrinə baxıblar.

Qoruğun bələdçisi məlumat verib ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkar olunub, 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılıb. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.

Ekskursiya rəhbəri: Kompleksin Biologiya, Həyat Bilgisi, STEAM müəllimi, Rus bölməsi “5 d” sinif rəhbəri Səmədova Rübabə

 

XƏBƏRLƏR

Kompleksin şagirdləri “Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda tədqiqat layihəsini təqdim etdilər

132-134 nömrəli Təhsil Kompleksində Rus bölməsi üzrə bütün VIII sinif şagirdlərinin iştirakı və Kompleksin Biologiya, Həyat Bilgisi və STEAM müəllimi Səmədova Rübabənin rəhbərliyi ilə “Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda tədqiqat layihəsi təqdim olundu. Layihə çərçivəsində məktəblilər komandalara bölünərək aşağıdakı mövzuları araşdırdılar:

1) Zibil qalaqlarının azaldılması;
2) Yaşıllaşdırma;
3) Su hövzələrinin təmizliyinin qorunması;
4) Havanın çirklənməsinin qarşısının alınması;
5) Yaşadığınız ərazilərin təmizliyi;
6) Şəhəri zəhərli qazlardan qorumaq üçün ictimai nəqliyyat vasitələrinin istifadəsində mümkün dəyişikliklər

Hər bir komanda iki həftə müddətində araşdırdıqları mövzu üzrə maketlər, məlumat broşürləri və plakatlar hazırladılar. Komandalar mövzu ilə bağlı öyrəndikləri məlumatları və əldə olunan nəticələri interaktiv təqdimat formatında maketlər əsasında təqdim etdilər.

Dərsdə mövzu ilə bağlı “Ekosistem nədir və necə qorunmalıdır?” mövzusunda diskussiya təşkil olundu.

Layihə rəhbəri: Kompleksin Biologiya, Həyat Bilgisi və STEAM müəllimi Səmədova Rübabə

XƏBƏRLƏR

“Erkən nikah və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici seminar keçirildi

Oktyabrın 27-də 132-134 nömrəli Təhsil Kompleksinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nikah və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici seminar keçirildi.

Seminar çərçivəsində məktəblilərlə görüşən Səbail rayon Qeydiyyat şöbəsinin rəisi Şərifzadə Suella erkən nikahı meydana gətirən səbəblər, erkən nikahın fəsadları haqqında məlumat verdi. Mövzu ətrafında müzakirə təşkil olundu, şagirdlər mövzu ilə bağlı fikirlərini bildirdilər. Qeyd olundu ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

XƏBƏRLƏR

Azərbaycan bölməsi “8 b” sinifində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi” mövzusunda dərs keçirildi

Azərbaycan bölməsi “8 b” sinifində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi” mövzusunda dərs keçirildi.

Kompleksin Biologiya müəllimi Məlahət Məmmədovanın rəhbərliyi ilə təşkil olunan dərsdə əvvəlcə müəllim şagirdlərə mövzu haqqında geniş məlumat verdi.

Sonra məktəblilər bağacığın bioloji xüsusiyyətləri, qidalandığı bitkilər, vurduğu zərər və onunla mübarizə üsullarına dair təqdimatlarla çıxış etdilər.

Müəllim: Kompleksin Biologiya müəllimi Məmmədova Məlahət

XƏBƏRLƏR

Azərbaycan bölməsi “8 d” sinifində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi” mövzusunda dərs təşkil olundu

Azərbaycan bölməsi “8 d” sinifində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi” mövzusunda dərs təşkil olundu.

Dərsdə məktəblilər bağacığın bioloji xüsusiyyətləri, qidalandığı bitkilər, vurduğu zərər və onunla mübarizə üsullarına dair təqdimatlarla çıxış etdilər.

Müəllim: Kompleksin Biologiya müəllimi, “Tərəqqi” medallı Muradova Xanım

XƏBƏRLƏR

Rus bölməsi “3 f” sinif şagirdləri Zooloji muzeydə ekskursiyada oldular

Rus bölməsi “3 f” sinif şagirdlərinin bu dəfəki “Həyat bilgisi” dərsi heyvanların təbii qruplaşmalarda (çöl, çəmən, meşə, su və s.) öyrənilməsi mövzusuna həsr olundu. Məktəblilərin Azərbaycanın biomüxtəlifliyi ilə əyani tanış olması məqsədilə şagirdlər üçün zəngin ekspozisiya fonduna malik olan Zooloji muzeydə ekskursiya təşkil olundu.

Ekskursiya zamanı məktəblilər muzeydə sərgilənən heyvan qrupları və quş növləri eksponatları ilə tanış oldular, Azərbaycan faunasına aid olan heyvanlar, nadir heyvanların qorunması, qidalanması, saxlanılması haqqında yeni və əyani məlumatlar öyrəndilər. Muzey bələdçisi şagirdləri Azərbaycanın “Qırmızı Kitabı” ilə tanış etdi, kitaba daxil olan növlər, onların mühafizəsi və kitabın tərtib qaydaları haqqında izahatlar verdi.

Şagirdlər ekskursiyada böyük maraqla iştirak etdilər və Azərbaycandakı biomüxtəliflilik haqqında geniş məlumat əldə etdilər.

Ekskursiya rəhbəri: Rus bölməsi “3 f” sinif rəhbəri Məmmədova Lalə

XƏBƏRLƏR

Məktəb psixoloqu dövlət dilinin tədrisi səviyyyəsini müşahidə etmək üçün siniflərdə oldu

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün dövlət dilinin tədrisi səviyyyəsini müşahidə etmək, xüsusilə Kompleksdə təhsil alan əcnəbi məktəblilərin Azərbaycan dili ilə bağlı mümkün çətinliklərini müəyyənləşdirmək üçün siniflərdə oldu və dərs prosesini müşahidə etdi.

Məktəblilərlə qısa sorğu keçirən psixoloq şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarını yoxladı.

Yoxlama nəticələrinin təhlili sinif rəhbərlərinə təqdim olunacaq və fənn müəllimlərinə mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.