XƏBƏRLƏR

“Məktəbli hansı qaydalara riayət etməli, hansı davranışlara yol verməməlidir” mövzusunda psixoloji maarifləndirmə və inkişaf etdirici korreksiya dərsi təşkil olundu

Bu gün, 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən “6 b” sinifində şagirdlərin idrak prossesləri, diqqət və qavrayışı, məntiqi təfəkkürü, nitqi və ətraf aləm haqqında bilikləri, onların müstəqillik dərəcəsi və ətrafdakılarla ünsiyyət qabiliyyətlərini diaqnostika edən xüsusi dərs təşkil etdi. Dərsdə məktəblilərin əqli inkişafını tədqiq edən oyunlar və testlər işlənildi.

Psixoloq məktəblilərə ailə, məktəb və cəmiyyət anlayışlarının oxşarlığı və fərqlərini, məktəbin və müəllimin rolunu və vəzifələrini ətraflı izah etdi. Dərsin əsas məqsədi şagirdlərin hər birinin şəxsiyyət kimi formalaşmasında məktəbin rolunu anlatmaq və məktəbə, müəllimə hörmətlə yanaşmalarına çalışmaq idi.

Dərsdə şagirdlər müstəqil iş formatında “Məktəbə səhərlər sevinclə gedirəm”, “Məktəbdə əhval ruhiyyəm yaxşı olur”, “Bizim yaxşı sinif rəhbərimiz var”, “Məktəb müəllimlərinə kömək üçün müraciət etmək olar”, “Mənim sevimli müəllimim var”, “Sinifdə həmişə fikrimi söyləməkdən çəkinmirəm”, “Belə hesab edirəm ki, məktəbimizdə mənim istedadlarımın inkişafı üçün hər bir şərait var”, “Mənim xoşladığım fənlər var”, “Belə hesab edirəm ki, məktəbimiz məni müstəqil həyata hazırlayır”, “Yay tətilində  məktəb üçün darıxıram” mövzularında essələr yazdılar.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin şagirdi SAF-2022-də qaliblər sırasındadır

5-9 dekabr tarixlərində 10 ölkədən olan komandalar arasında 11 kateqoriya üzrə keçirilən SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalında 132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “4 d” sinif şagirdi Fərxan Xəlilin çıxış etdiyi komanda “Robokids (İbtidai sinif Robot Proqramçıları)” kateqoriyasında II yerə layiq görülərək gümüş medal ilə təltif olunub.

Fərxanı SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalında uğurlu çıxışı və komandasının qələbəsi münasibətilə təbrik edir, bacarıqlı şagirdimizə gələcəkdə yeni təhsil uğurları və qələbə sevincləri arzu edirik. Təbriklər və uğurlar, Fərxan! Əhsən sənə!

XƏBƏRLƏR

İbtidai siniflərimizdə ilk dərslər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olundu

Bu gün, 12 dekabr – müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ibtidai siniflərimizdə ilk dərslər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olundu.

Məktəblilər üçün 132-134 nömrəli Təhsil Kompleksinin “Ulu Öndər Heydər Əliyev” Muzeyinə ekskursiyalar təşkil olundu, şagirdlərə Ulu Öndərin həyatı, siyasi fəaliyyəti və zəngin dövlətçilik irsi haqqında məlumatlar verildi.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə bağlı tədbir keçirildi

Dekabrın 12-də 132-134 nömrəli Təhsil Kompleksində müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunan tədbir keçirildi.

İlk öncə, Dövlət Himni səsləndirildi və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğuna və xalqımızın müstəqilliyinə həsr olunan həyat və fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olundu.

Təhsil Kompleksinin şagirdləri Ulu Öndər Heydər Əliyevin müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskarlıq rolu, mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Müasir müstəqil Azərbaycanın qurucusu və banisi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolu, dövlətçiliyimizin xilası, qorunması və möhkəmlənməsi üçün xalqımız qarşısında misilsiz xilaskarlıq missiyaları, Ulu Öndərin əbədiyaşar ideyaları haqqında danışan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Ümummilli Lider Heydər Əliyevin şərəfli və xalqına, millətinə həsr olunan ömür yolu haqqında məktəblilərə geniş məlumat verdi. Ulu Öndər Heydər Əliyev haqqında böyük Azərbaycanlı, dahi şəxsiyyət, görkəmli dövlət xadimi kimi bəhs edən S.Xanlarova qeyd etdi ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin təşəkkülü və inkişafı bilavasitə Ümummillli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Vurğulandı ki, Azərbaycanı, xalqımızı hədsiz çox sevən və bütün ömrünü müstəqil Azərbaycanın inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarını, xalqımızı vahid azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi.

Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən direktor qeyd etdi ki, Heydər Əliyev işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoydu. Bu şərəfli missiyanı Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər ilə başa çatdırdı.

Heydər Əliyevin hakimiyyətdə olduğu dövrü Azərbaycan təhsilinin sürətli yüksəliş illəri kimi qeyd edən S.Xanlarova təhsil sahəsində bu siyasətin Ulu Öndərin layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən eyni həssaslıqla davam etdirildiyini diqqətə çatdırdı. Vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı ilə əsaslı şəkildə təmiri və yenidən qurulması, tarixi və zəngin təhsil ənənələri olan bu məktəbin tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin hər bir azərbaycanlı tərəfindən böyük fəxarətlə qarşılanmasını xüsusi qeyd edən direktor bildirdi ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyəti xalqımızın milli sərvəti kimi gənc və gələcək nəsillər üçün daim nümunə olacaq və Azərbaycan xalqının yolunu hər zaman işıqlandıracaq. S.Xanlarova məktəblilərə dahi şəxsiyyət, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin şərəfli həyat və dövlətçilik yolundan nümunə götürməyi, dövlətimizə layiqli vətəndaşlar kimi böyüməyi, tariximizi yaxşı oxumağı, doğma Azərbaycan dilimizi mükəmməl öyrənməyi, azərbaycançılıq ideyalarını daim ləyaqətlə  yaşatmağı və təbliğ etməyi tövsiyə etdi.

Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi, Qabaqcıl təhsil işçisi Şıxəmirova Yelena Lvovna Ulu Öndər dühası, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqı üçün misilsiz xidmətləri haqqında çıxış etdi. Y.Şıxəmirova vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Zaman ötdükcə Heydər Əliyev şəxsiyyətinin fenomenallığı, siyasətinin uzaqgörənliyi və xidmətlərinin miqyası daha yaxşı dərk olunur. 44 günlük Vətən müharibəsindəki Böyük Qələbə Ulu Öndər Heydər Əliyev ideyalarının və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin növbəti təntənəsi oldu. Nə qədər Azərbaycan və Azərbaycan xalqı var, Ümummillli Lider Heydər Əliyev ideyaları və müstəqil Azərbaycan dövləti, xalqı üçün əvəzsiz xidmətləri yaşayacaqdır.

XƏBƏRLƏR

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan” mövzusunda dərs keçirildi

şərh yoxdu

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım günü ilə əlaqədar Kompleksimizdə görkəmli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olunan xüsusi dərslər təşkil olunur.

Foto: Azərbaycan bölməsi “7 b” sinifi. Sinif rəhbəri Kompleksin Biologiya müəllimi Məmmədova Məlahət

XƏBƏRLƏR

“İntihar – çıxış yolu deyil” mövzusunda yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirilir

şərh yoxdu

Azərbaycan Respublikası Baş Prokurorluğunun təşəbbüsü ilə hazırlanan “İntihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi qrupunun 2021-2025-ci illər üzrə Fəaliyyət Planı”nın icrası istiqamətində 132-134 nömrəli Təhsil Kompleksində psixoloqların iştirakı ilə yuxarı sinif şagirdləri ilə mütəmadi maarifləndirici görüşlər keçirilir, profilaktik söhbətlər aparılır.

Görüşlər zamanı şagirdlərə “İntihar halları niyə son zamanlar daha da artmışdır?”, “İntihar nə deməkdir?”, “İntihar qərarını verən bir fərdin krizis halındakı səbirsizlik və çarəsizlik hisslərinin səbəbləri və bu hallarla mübarizə yolları”, “İntihar – çıxış yolu deyil”, “Yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa, onlara necə kömək edə bilərik?” mövzularda söhbətlər aparılır, şagirdlərə intihar və başqa psixoloji zəiflikdən qaynaqlanan problemlər, empati bacarığının aşağı düşməsi, mənəvi aclığın olması kimi hallarla mübarizə üsulları haqqında məlumatlar verilir.

XƏBƏRLƏR

Siniflərdə müsbət psixoloji auranın yaranması və qorunması istiqamətində fəaliyyət

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində bütün tədris ili ərzində siniflərdə müsbət psixoloji auranın yaranması və qorunması istiqamətində Kompleksin psixoloqları tərəfindən sistemli fəaliyyət təşkil olunur.

Məktəbdə psixoloji xidmət fəaliyyətinin perspektiv istiqamətlərindən biri hər bir şagirdin inkişafı, onda yaradıcı həyata psixoloji hazırlıq formalaşdırılmasıdır. Məktəbdə psixoloji xidmətin səviyyəsini artırmaq üçün ibtidai siniflərdən başlayaraq bütün yaş qrupları üzrə siniflərdə məktəblilərlə xüsusi təşkilat saatları keçirilir, Kompleksin psixoloqları şagirdlərlə ünsiyyətdə olurlar.

Bu təşkilat saatlarında psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm də şəxsi imkanları aşkara çıxarılır. Bu zaman diaqnostik işlər aparılır, şagirdin sinif yoldaşları ilə qarşılıqlı münasibətləri, uşağın məktəbə hazırlığı, ibtidai məktəbdən orta məktəbə keçməyə hazırlıq və s. məsələlərin keyfiyyətlə həll olunmasına nail olunur.

Bu gün, Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən “3 a – Sağlam təhsil” sinifində Həyat bilgisi dərsində məktəblilərlə görüşdü və onlarla yaradıcılıq qabiliyyətlərinin, idrak proseslərinin inkişaf etdirilməsi məqsədilə intellektual oyunlar və test sorğuları keçirdi.

Şagirdlərin böyük marağına səbəb olan dərsdə psixoloq məktəbliləri yaxından müşahidə etmək, onların davranışındakı müsbət və mənfi keyfiyyətləri görmək imkanı əldə etdi.

Bu formatda təşkil olunan dərslərdə uşaqların davranışında və təhsilində irəliləyişlər olur, onların özlərinə güvəni yüksəlir, uğurları günü-gündən artır.

XƏBƏRLƏR

“Mənim sinifim” mövzusunda diqqəti inkişaf etdirmək dərsi təşkil olundu

şərh yoxdu

Bu gün, Rus bölməsi “6 ç” sinif şagirdlərinin iştirakı ilə Kompleksin psixoloqu Əhmədova İnarə tərəfindən “Mənim sinifim” mövzusunda qrup işi formatında diqqəti inkişaf etdirmək dərsi təşkil olundu.

Proyektiv diaqnostik metodların tətbiq olunduğu dərsdə şagirdlərə təhsil motivasiyası, öyrənməyin vacibliyi və zəruriliyi, yeni bilik əldə etməyə maraq xüsusiyyətlərinin inkişafı, həmyaşıdları və böyüklər ilə ünsiyyət qurma bacarığı aşılayan çalışmalar təşkil olundu.

XƏBƏRLƏR

Kompleksin psixoloqları tərəfindən şagirdlərlə “Özünə inamsızlıq və onun öhdəsindən gəlmək” mövzusunda xüsusi iş aparılır

şərh yoxdu

Məktəbdə psixoloji xidmətin əsas istiqamətlərindən biri təlim fəaliyyətinin müvəffəqiyyəti və uşaqların sağlam psixoloji səviyyəsinin diaqnostikasını verməkdən ibarətdir. Uşağın məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək bir tərəfdən həmin sahədəki qüsurları aradan qaldırmaq, digər tərəfdən məktəbdə şagirdlərin potensialının üzə çıxarılması istiqamətində uyğun iş aparmaq üçün şərait yaradır.

132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən şagirdlərlə mütəmadi konsultativ işlər təşkil edilir, məktəblilərlə profilaktik söhbətlər aparılır. Söhbət zamanı təlim fəaliyyətinin müvəffəqiyyəti, şagird şəxsiyyətinin formalaşması və inkişafı xüsusiyyətləri üzə çıxarılır. Ailə və məktəb iki əsas sosial institut kimi uşaqların təlim-tərbiyə və sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına əsaslı təsir göstərir.

Bu gün, Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən tərəfindən şagirdlərlə “Özünə inamsızlıq və onun öhdəsindən gəlmək” mövzusunda xüsusi iş aparıldı.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin “ZeMission™” komandası Beynəlxalq STEAM Azərbaycan 2022 Festivalında uğurla çıxış edir

şərh yoxdu

Kompleksimizin Biologiya və Həyat Bilgisi müəllimi Rübabə Səmədovanın mentorluq etdiyi “ZeMission™” komandası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan 2022 Festivalında (SAF 2022) Innovativ Layihələr Sərgisi kateqoriyasında “ZeroGreen” layihəsi üzrə 87 komanda arasında seçilən ən uğurlu 30 komandadan biri kimi finala vəsiqə qazanmışdır.

SAF 2022 Festivalında 7 xarici ölkədən 127 əcnəbi iştirakçı iştirak edir.

Ümumilikdə 1300-dən çox iştirakçının qatılacağı festivalda yarışlar 11 kateqoriya üzrə keçirilir.