XƏBƏRLƏR

Şagirdimizin Beynəlxalq Sinqapur və Asiya Məktəblərarası Riyaziyyat Olimpiadasında uğuru

şərh yoxdu

Azərbaycan bölməsi “6 a” sinif şagirdi Ələkbərzadə Hakansəid Beynəlxalq Sinqapur və Asiya Məktəblərarası Riyaziyyat Olimpiadasında II yerin qalibi olmuş və Olimpiadanın gümüş medalını qazanmışdır.

Hakansəidi bu yüksək beynəlxalq nailiyyəti münasibətilə təbrik edir, şagiridimizə gələcəkdə yeni-yeni təhsil uğurları arzu edirik. Əhsən, Hakansəid! Təbriklər və uğurlar!

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində “Yay məktəbi” fəaliyyətə başladı

şərh yoxdu

İyunun 16-da 132-134 nömrəli Təhsil Kompleksində “Yay məktəbi” fəaliyyətə başlamışdır. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

“Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir.

“Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi

şərh yoxdu

İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, valideynlər, müəllimlər, məzun şagirdlər iştirak etdilər.

“Son zəng” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.

132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar müəllimi Sara Xanlarova “Son zəng” münasibətilə onbirinciləri təbrik etdi, məzunlara gələcək həyatlarında uğurlar dilədi və onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını vurğulayan direktor qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “qara qızılı insan kapitalına çevirmək” prinsipi ilə təhsil sahəsində həyata keçirilən düşünülmüş siyasət Azərbaycanda təhsilə olan qayğının ən yüksək səviyyədə olduğunu göstərir. Ölkəmizdə elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edən S.Xanlarova bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi milli təhsilimizdə mühüm dönüş nöqtəsi olmuşdur və təhsil sahəsində bir çox genişmiqyaslı layihələr bu gün də uğurla icra olunmağa davam edir.

Çıxışı zamanı direktor 132-134 nömrəli Təhsil Kompleksinin tarixi, bu təhsil ocağının məzunları və şagirdlərinin yerli və beynəlxalq nailiyyətləri haqqında danışdı. Azərbaycan xalqının 44 günlük müqəddəs Vətən müharibəsində Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidinin – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələri xüsusi ehtiramla yad olundu.

Qeyd olundu ki, Azərbaycan qalib dövlət kimi bütün sahələrdə, o cümlədən təhsil sahəsində inkişaf edir, müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi ildən-ilə qüdrətlənir və yeni qələbələrə imza atır. Məzunların həyatında yeni, məsuliyyətli mərhələnin başlandığını diqqətə çatdıran S.Xanlarova onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq Azərbaycanın gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə dair əminliyi ifadə etdi, onbirincilərə işıqlı yol, aydın səma, gözəl gələcək və milli-mənəvi dəyərlərimizlə, Azərbaycançılıq ilə hər zaman fəxr etməyi arzuladı.

Azərbaycan Respublikasının Şanlı bayrağı “Xudayar təsnifi”nin sədaları altında Azərbaycanın qəhrəman Şəhidlərinin əziz xatirəsinə tədbirə gətirildi.

Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladılar və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdilər.

Tədbirdə şagirdlərin hazırladıqları və onbirincilərin iştirak etdiyi ədəbi-bədii kompozisiyalar nümayiş olundu, məzunların çıxışları dinlənildi.

Daha sonra simvolik “Bilik açarı” onbirincilər tərəfindən növbəti tədris ilində birinci sinifə başlayacaq olan Təhsil Kompleksinin builki “Ana Məktəb” məzunlarına təqdim olundu.

Sonda “Son zəng” çalındı, səmaya əlvan şarlar buraxıldı.

XƏBƏRLƏR

“Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olundu

şərh yoxdu

Kompleksimizin Rus bölməsi “9 b” sinif şagirdlərinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olundu.

İntellektual oyunun keçirilməsində məqsəd məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

Bu dəfəki oyunda sualları cavablandıran peşəkarlar qismində “9 b” sinif şagirdləri, sualları təqdim edən televiziya tamaşaçıları rolunda isə Kompleksimizin müəllimləri iştirak etdilər.

Şagirdlər çətin, eyni zamanda əyləncəli oyunda uğurla çıxış edərək qalib gəldilər.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində qəhrəman məzun Şəhidlərimizin əziz və əbədiyaşar xatirələrinə həsr olunan 5-ci sinif şagirdləri arasında Hərbi-İdman oyunları keçirildi

şərh yoxdu

İyunun 3-də 132-134 nömrəli Təhsil Kompleksində 44 günlük Vətən Müharibəsində Şəhid olan Kompleksimizin qəhrəman məzunları Şəhid Nicat Tarıverdiyevin, Şəhid Fərid Əliyevin və Şəhid Yusif Budaqovun əziz və əbədiyaşar xatirələrinə həsr olunan 5-ci sinif şagirdləri arasında Hərbi-İdman oyunları keçirildi.

Tədbirdə Şəhid valideynləri və ailə üzvləri, Birinci və İkinci Qarabağ Müharibəsinin qaziləri, Səbail rayon İcra Hakimiyyətinin və Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri və çoxsaylı qonaqlar iştirak etdilər.

Tədbiri açıq elan edərək Şəhid ailə üzvlərini və qonaqları salamlayan Təhsil Kompleksinin direktoru Sara Xanlarova Azərbaycan xalqının Şanlı Qarabağ Zəfəri haqqında qürurla bəhs etdi. Vurğulandı ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük müqəddəs Vətən müharibəsində müstəqil Azərbaycanın hərb tarixinin ən şanlı Qələbə səhifələrini yazdı. Azərbaycan xalqının qəhrəman oğulları, Şəhidlərimiz, qazilərimiz bu müharibədə nəinki xalqımızın 30 illik Vətən torpağı həsrətinə son qoydular, eyni zamanda əsl qəhrəmanlıq, igidlik dastanına imza atdılar. S.Xanlarova qeyd etdi ki, Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi sülh, əmin-amanlıq şəraitində yaşayacaq və Vətən torpağı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini daima ehtiramla yad edəcək, bu əmanəti nəsildən-nəsilə ötürəcək, gələn hər yeni nəsil qəhrəman Şəhidlərimizin adlarını, Vətən qarşısındakı misilsiz xidmətlərini daima yaşadacaqdır.

Daha sonra Əsgər Marşı sədaları altında 132-134 nömrəli Təhsil Kompleksinin Hərbi-İdman komandası çıxış etdi.

Tədbir Hərbi-İdman oyunlarına aid üç estafet yarışı ilə davam etdi. Beşincilərimiz qəhrəman məzun Şəhidlərimizin adlarını daşıyan 3 komanda tərkibində estafet yarışlarında mübarizə apardılar. Şəhid Nicat Tarıverdiyevin adını daşıyan komanda estafet yarışlarının qalibi oldu.

Tədbirdə Şəhidlərimizə həsr olunan musiqi nömrələri səsləndirildi. “7 b” sinif şagirdi Musayeva Ayan və “10 c” sinif şagirdi Ağayev Nihad “Onları heç kim unutmaz”, “10 c” sinif şagirdi İsrafilov Əlyaqub “Mən Şəhid oldum, Ana!”, “8 c” sinif şagirdi Mürşüdzadə Ayan “Azərbaycan” mahnılarını ifa etdilər, Təhsil Kompleksinin məzunu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Kərimov Murad isə skripkada “Ana” instrumental musiqisini səsləndirdi.

Tədbirdə Şəhid ailə üzvləri, Birinci və İkinci Qarabağ Müharibəsinin qaziləri və Kompleksin şagirdləri çıxış edərək, Şəhid məzunlarımızın xatirəsinin 132-134 nömrəli Təhsil Kompleksində hər zaman yüksək ehtiramla xatırlanması və bu cür Anım tədbirlərinin təşkili üçün öz minnətdarlıqlarını bildirdilər.

Təltifetmə mərasimində Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və Səbail rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Həmid-Xan Tahirli  həm bugünkü Estafet yarışlarının, həm Səbail rayonunda keçirilmiş Şahin Hərbi-İdman oyunlarının, həm də Şahmat yarışının qaliblərini diplomlarla təltif etdilər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! QARABAĞ AZƏRBAYCANDIR!

XƏBƏRLƏR

Bərk məişət tullantılarının çeşidlənməsi və idarəolunması üzrə maraqlı layihə

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilalanlar və təhsilverənlər arasında maarifləndirmə işi davam edir, əsasən Biologiya və Həyat bilgisi müəllimləri tərəfindən bu mövzuda müxtəlif yaş qrupları üzrə sinif şagirdləri üçün xüsusi maarifləndirmə dərsləri təşkil olunur.

Təhsilalanlar arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin uğurlu nəticələrindən biri bu tədris ilində Azərbaycan bölməsi “6 d” sinif şagirdləri tərəfindən ilboyu həyata keçirilən layihə oldu.

“6 d” sinif şagirdi Əsədzadə Rəsul sinif otaqlarında bərk məişət tullantılarının çeşidlənməsi və idarəolunması üzrə maraqlı layihə ilə çıxış edib. Layihənin əsas məqsədi məktəblilərin ətraf mühitin mühafizəsinə və kağız emalı nəticəsində ağacların kəsilməkdən qorunmasına töhfə verməkdən ibarətdir.

Kompleksin Biologiya müəllimi və “6 d” sinifinin sinif rəhbəri, “Tərəqqi” medalı ilə təltif olunan Xanım Muradova tərəfindən ilboyu şagirdlərin bərk məişət tullantılarının idarə edilməsi və ətraf mühitin mühafizəsi mövzularında xüsusi maarifləndirmə dərsləri təşkil olunmuşdur.

Rəsulun bərk məişət tullantılarının sinif otaqlarında çeşidlənməsi layihəsi tədris ilinin son günlərinə qədər davam etmiş və “6 d” sinif şagirdləri bu məsələdə nümunəvi fəaliyyətləri ilə təqdir qazanmışlar.

XƏBƏRLƏR

Fransız modeli “4 a” sinif şagirdlərinin “Əlvida, ibtidai sinif illəri!” adlı buraxılış bayram tədbiri

şərh yoxdu

İyunun 2-də Kompleksimizin Rus bölməsi Fransız modeli “4 a” sinif şagirdlərinin “Əlvida, ibtidai sinif illəri!” adlı buraxılış bayram tədbiri keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə “4 a” sinif şagirdləri “Arşın mal alan” musiqili komediyasının motivləri əsasında Azərbaycan dilində, “Alisa Möcüzələr Diyarında” (“Alice’s Adventures in Wonderland”) nağılının motivləri əsasında İngilis dilində və “Zoluşka” (“Золушка”) nağılının motivləri əsasında Rus dilində səhnəciklər nümayiş etdirdilər, bir-birindən maraqlı mahnılar, şeirlər səsləndirdilər, rəngarəng rəqslər etdilər.

Məktəbliləri bu əlamətdar hadisə və bayram tədbiri münasibətilə ürəkdən təbrik edən Təhsil Kompleksinin direktoru Sara Xanlarova şagirdlərə bundan sonra da gözəl təhsil almağı, Vətənimizə layiq vətəndaşlar və yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmağı arzu etdi.

Qeyd edək ki, 132-134 nömrəli Təhsil Kompleksinin nəzdində 18 ildir ki, Fransız modeli ANA MƏKTƏB – ÈCOLE MATERNELLE fəaliyyət göstərir. Fransız modeli ibtidai siniflərimizdə tədris proqramına xarici dillərin öyrədilməsi, rəsm, teatr, rəqs və s. dərnəklərin fəaliyyəti, xüsusi bədən tərbiyəsi dərslərinin təşkili daxildir.

Bu gün ibtidai sinif illərini uğurla başa vuran Rus bölməsi “4 a” sinif şagirdlərini və müəllimələri Nağıyeva İradə xanımı təbrik edir, şagirdlərimizə gələcəkdə yüksək təhsil nailiyyətləri arzu edirik.

Təbriklər və uğurlar, “4 a” sinif şagirdləri!

XƏBƏRLƏR

Kompleksimizin ANA MƏKTƏB – ÈCOLE MATERNELLE şagirdləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdilər

şərh yoxdu

Kompleksimizin ANA MƏKTƏB – ÈCOLE MATERNELLE (Azərbaycan və Rus bölmələri üzrə məktəbəqədər hazırlıq) şagirdləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdilər.

Bayramınız mübarək, əziz uşaqlar!

Qeyd edək ki, Təhsil Kompleksimizin nəzdində 18 illik təcrübə ilə fəaliyyət göstərən Fransız modeli ANA MƏKTƏB – ÈCOLE MATERNELLE layihəsinin əsas məqsədi erkən yaş dövründən uşaqların məktəbə hazırlığını təşkil etmək, eyni zamanda xarici dillərin öyrədilməsi, onların şəxsiyyət kimi yetişməsi üçün şərait yaratmaqdır. “Ana məktəb” öz xüsusi tədris planları və proqramları əsasında fəaliyyət göstərir.

XƏBƏRLƏR

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri

şərh yoxdu

İyunun 1-də 132-134 nömrəli Təhsil Kompleksində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirildi.

Kompleksimizin şagirdləri, əsasən də ibtidailərimiz, birincilərimiz tədbirdə rəngarəng musiqi nömrələri ilə çıxış etdilər, mahnılar ifa etdilər, xarici dillərdə çıxışlar etdilər, rəqs etdilər və bayramlarını qeyd etdilər.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edir, onlara xoşbəxt gələcək arzu edirik.