XƏBƏRLƏR

Məktəb psixoloqu ibtidai sinif şagirdləri ilə “İdman – Sağlam həyat” mövzusunda söhbətlər təşkil edir

132-134 nömrəli Təhsil Kompleksində məktəblilər arasında sağlam həyat tərzinin təbliği və hər idman növünün spesifik xüsusiyyətləri haqqında maarifləndirmə işləri mütəmadi davam etdirilir.

“İdman Həftəsi” çərçivəsində Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən ibtidai sinif şagirdləri ilə “İdman – Sağlam həyat” mövzusunda söhbətlər təşkil edir. Söhbət zamanı məktəb psixoloqu sağlamlıq, gigiyena qaydaları, idmançıların psixoloji hazırlığı, yarış anı və yarış sonrası, qalibiyyət və məğlubiyyət, beyin fiziologiyası ve idmançı performansı, empatiya ve idman, hədəfə istiqamətlənmə mövzularında şagirdlərə məlumat verir və onların suallarını cavablandırır.

Məktəblilər məktəb psixoloqu ilə görüşlərdə maraqla iştirak edir, həm öyrənir, həm də əylənirlər.

XƏBƏRLƏR

İdmançıların yarışa hazırlığının psixoloji yanaşması: Məktəblilərin yüksək ixtisaslı idmançılar kimi psixoloji hazırlığına diqqət

Yüksək ixtisaslı idmançıların tərbiyə olunması seçimdən, təlimdən, məşqlərdən, yarışlarda iştirakdan və bərpadan ibarət vahid prosesdir. Müasir idmanda buna sistemli yanaşma deyilir. İdmançıların hazırlanmasına pedaqoji iş kimi baxılmalıdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün hər bir idman növünün vəzifələri düzgün anlaşılmalı – idmançı modelinin yaradılmasına səy göstərilməlidir.

Məktəblilərin psixoloji vəziyyətini öyrənmək, onun idarə olunması metodikasına yiyələnmək xüsusi əhəmiyyət kəsb edən məsələdir. Əvvəlcə səy göstərilməlidir ki, psixi vəziyyətlərin diaqnostik metodu düzgün müəyyənləşdirilsin. Sonra idmançıların yarışlara hazırlıq və yarış mərhələlərində fərdi xüsusiyyətlərinin dinamikası öyrənilməlidir. Daha sonra isə onların vəziyyətlərinin optimallaşdırılması metodu işlənib hazırlanmalıdır.

“İdman Həftəsi” çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” mövzusunda yuxarı sinif şagirdləri ilə fərdi və qrup halında məsləhətlər keçirilir. Kompleksin psixoloqu Quliyeva Aytən şagirdlərlə mütəmadi olaraq söhbətlər, məsləhətlər təşkil edir, məktəblilərin yüksək ixtisaslı idmançılar kimi psixoloji hazırlığına diqqət yetirir.

Bu gün “9 c” sinifində mövzu ətrafında şagirdlərlə məsləhət saatı təşkil olundu. Şagirdlərlə söhbət zamanı qeyd olundu ki, yüksək ixtisaslı idmançıların hazırlanmasında üç mühüm amilin nəzərə alınması zəruridir. Bunlar aşağıdakılardır: müvafiq idman fəaliyyəti şəraitində psixoloji dözümlülüyün təmin olunması; psixi funksiyaların və mənəvi-əxlaqi keyfiyyətlərin təkmilləşdirilməsi, əsas məqsədə nail olmaq və rəqiblə qarşılaşmanın müsbət nəticəsi; fərdi mübarizə üslubunun təşəkkülü, təkmilləşdirilməsi və düzəlişləri. Vurğulandı ki, idmançının psixoloji hazırlığı haqqında belə fikirlər tez-tez səslənir: “Qələbənin səbəblərindən biri də psixoloji hazırlığın yüksək səviyyədə olması idi”, “Psixoloji hazırlıq zəif olduğundan uduzduq” və s.

Psixoloq A.Quliyeva məktəblilərlə “Psixoloji hazırlıq nədir?”, “Təlim-məşq gedişində aparılan psixoloji hazırlıqda motivləşdirmə prinsipi”, “İdmanda taktiki və texniki hazırlığın parametrləri” mövzularını müzakirə etdi və “9 c” sinif şagirdi, Cüdo idman növü ilə məşğul olan Əsədzadə Yusifin nümunəsində, idmanla məşğul olan şagirdlərə fərdi tövsiyələrini təqdim etdi.

XƏBƏRLƏR

Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirildi

Fevralın 24-də 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirildi.

İlk öncə Dövlət Himni səsləndirildi. Sonra Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Kompozisiyada məktəblilər Azərbaycan xalqının qanayan yarası olan Xocalı faciəsi ilə bağlı duyğuları, xalqımızın hüznü, ağrısı, eyni zamanda 44 günlük Vətən müharibəsində Xocalı qətliamını törədən erməni işğalçılarından artıqlaması ilə alınan qisasa dair şerlər, mahnılar səsləndirdilər və səhnəciklər ifa etdilər.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən genişmiqyaslı işlər və Azərbaycan xalqının qələbə əzminin və əzəli düşmənimizdən döyüş meydanında alınan qisasın təccəssümü olan 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarxlar nümayiş olundu.

Anım tədbirində həmçinin “İrəli” İctimai Birliyi tərəfindən çəkilən və Xocalı soyqırımında hər iki valideynini itirən 25 uşaqdan bəhs edən “Böyüməyən uşaqlar” filmi məktəblilərə təqdim olundu. Filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırım ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilən soyqırımı haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri anladılır.

Çıxış edən Təhsil Kompleksinin direktoru Sara Xanlarova bildirdi ki, Azərbaycan xalqı 1992-ci il 25-26 fevral tarixlərini hər il böyük hüzün və ağrı ilə yad edir. XX əsrin ən qanlı faciəsi və Azərbaycan xalqına qarşı törədilən dəhşətli insanlıq cinayəti olan Xocalı qətliamı qan yaddaşımıza həkk olunan böyük faciədir və böyük faciə olaraq da qalacaqdır. Erməni vandallarının törətdiyi bu soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, soyqırım qurbanlarının xatirəsini yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Vurğulandı ki, gənc və gələcək nəsillər bu faciədən ibrət dərsi götürməli və xalqımızın başına bir daha belə fəlakətlərin gəlməməsi üçün var gücüylə çalışmalıdırlar. Direktor məktəblilərə hər zaman “Biz bu gün kimik, haradayıq və gələcəyimiz nədir?” suallarına cavab axtarmağı tövsiyə etdi. Vurğulandı ki, “Biz qədim tarixə və zəngin dövlətçilik irsinə malik olan Azərbaycan xalqının nümayəndələriyik. 44 günlük Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu xalqımızın qisasını əzəli düşmənindən layiqincə və döyüş meydanında aldı.” Tədbirdə 44 günlük Vətən müharibəsində qəhrəmancasına Şəhid olan 132-134 nömrəli Təhsil Kompleksinin məzunları Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun əziz xatirəsi ehtiramla yad olundu.

132-134 nömrəli Təhsil Kompleksində gənc nəslin yüksək vətənpərvərlik və milli ruhda təlim-tərbiyəsinə hər zaman xüsusi diqqət göstərildiyini qeyd edən S.Xanlarova məktəblilərə Vətəni sevməyi, hər zaman azərbaycanlı olduqları ilə fəxr etməyi, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyi və təbliğ etməyi, müstəqil dövlətçiliyimizin adını uca tutmağı, əla təhsil almağı, nümunəvi şagird olmağı, ailə dəyərlərini yüksək qiymətləndirməyi, onlara elmin sirlərini tədris edən müəllimlərinə hər zaman hörmətlə yanaşmağı və əsl vətəndaş olmağı tövsiyə etdi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Xocalı soyqırımında həlak olan soydaşlarımızı ehtiramla yad edirik. Xocalıya ədalət!

#Khojaly #Xocalı #xocalıfaciəsi #XocalıSoyqırımı #JusticeforKhojaly #XocalıyaƏdalət #KhojalyGenocide #26february1992 #dontforget

XƏBƏRLƏR

Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan xüsusi dərslər keçirildi

Bu gün 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan xüsusi dərslər keçirildi.

Dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edildi, şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verildi, onlara Vətənə, doğma torpağa məhəbbət hissləri aşılandı.

XƏBƏRLƏR

“Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” adlı dərs

Fevralın 24-də Təhsil Kompleksinin Tarix müəllimi Pərvanə Xəlilovanın rəhbərliyi və Azərbaycan bölməsi “7 a” sinif şagirdlərinin iştirakı ilə “Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” adlı dərs təşkil olunub.

Dərsdə Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib. Məktəblilər Ümumilli Liderin zəngin dövlətçilik irsi, milli mədəniyyətimizin, tariximizin, dilimizin qorunmasındakı misilsiz xidmətləri barədə təqdimatlarla çıxışlar ediblər.

XƏBƏRLƏR

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə xüsusi dərslər təşkil olundu

132-134 nömrəli Təhsil Kompleksində bu gün “Azərbaycan dili” dərsləri 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olundu. Bütün siniflərdə şagirdlərə Ana Dili Günü, dilimizin tarixi haqqında dərslər keçirildi, dilimizin zənginliyinin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində xüsusi xidmətləri olan şəxsiyyətlər barədə məlumatlar verildi. Məktəblilər mövzu ilə bağlı müxtəlif təqdimatlar hazırlayaraq çıxışlar etdilər.

Pedaqoqlar: Kompleksin Azərbaycan dili müəllimləri Əliyeva Rəna, Əhmədli Bikə və İbrahimova Xuraman

XƏBƏRLƏR

Məktəb psixoloqu tərəfindən “Yeniyetmələr arasında bullinq: Məktəblərdə bullinqlə necə mübarizə aparmalı?” mövzusunda interaktiv dərs keçirildi

Rus sektoru “6 e” sinif şagirdlərinin iştirakı ilə Kompleksin psixoloqu Əhmədova İnarə tərəfindən “Yeniyetmələr arasında bullinq: Məktəblərdə bullinqlə necə mübarizə aparmalı?” mövzusunda qrup işi formatında interaktiv dərs təşkil olundu.

Dərsdə bullinq, bulliqin növləri, bu hal baş verdikdə uşağın nə etməli olduğu haqqında sinif müzkirəsi təşkil olundu. Şagirdlərə bullinq qurbanına necə yardım göstərə biləcəkləri haqqında ipucları verildi və onlarla bullinq qurbanına qarşı empatiya, bullinq törədənə qarşı isə dözümsüzlük yaratmağa kömək edəcək maarifləndirmə xarakterli söhbətlər aparıldı.

Məktəblilər qruplara bölünərək bir-birilə anlayışlı təmas qurub komanda kimi işləməyi və birlikdə layihə hazırlayaraq təqdim etməyi öyrəndilər.