XƏBƏRLƏR

“Ulu Öndər Heydər Əliyevin irsi gənclərin gözü ilə” mövzusunda açıq dərs və STEAM yaradıcılıq layihəsi

“Heydər Əliyev İli” çərçivəsində dekabrın 13-də Təhsil Kompleksinin Rus bölməsi “9 a” və “7 d” sinif şagirdlərinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin irsi gənclərin gözü ilə” mövzusunda açıq dərs təşkil olundu.

Dərsdə məktəblilər görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi, dünyada tanıdılması istiqamətindəki xidmətləri haqqında STEAM yaradıcılıq layihəsini təqdim etdilər. Məktəblilər mövzu ilə bağlı çıxışlar etdilər və hazırladıqları 3D formatındakı modellərin hazırlanması prosesi haqqında məlumat verdilər.

Kompleksin Biologiya müəllimləri və Rus bölməsi “9 a” və “7 d” sinif rəhbərləri Əliyeva Lalə və Babayeva Kəmalənin rəhbərliyi, STEAM müəllimlərinin iştirakı ilə hazırlanan yaradıcılıq layihəsi çərçivəsində hər iki sinif şagirdləri mövzunu birlikdə araşdırmış, təqdimat və mövzu ilə bağlı 3D formatında modellər hazırlamışlar.

Məktəblilərə vətənpərvərlik, Vətənə sevgi və milli qürur, həmçinin milli sərvətlərimizə, tarixi və mədəni irsimizə hörmət hisslərinin aşılanması, Azərbaycanın tarixi və mədəniyyət abidələrinin tanıdılması məqsədilə reallaşan layihədə IX sinif şagirdləri VII sinif şagirdlərinə mentorluq dəstəyi göstərmiş və həm mövzunun araşdırılması, həm də 3D formatında modellərin layihələndirilərək 3D printerində hazırlanmasına köməklik göstərmişlər.

 

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə bağlı tədbir keçirildi

Dekabrın 12-də 132-134 nömrəli Təhsil Kompleksində müasir, müstəqil Azərbaycanın banisi və qurucusu, dahi siyasətçi və görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunan tədbir keçirildi.

İlk öncə, Dövlət Himni səsləndirildi və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğuna və xalqımızın müstəqilliyinə həsr olunan həyat və fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olundu.

Təhsil Kompleksinin şagirdləri Ulu Öndər Heydər Əliyevin böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskarlıq rolu, mənalı həyat yolu və zəngin irsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Müasir müstəqil Azərbaycanın qurucusu və banisi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müasir tarixində əvəzolunmaz rolu, müstəqil dövlətçiliyimizin xilası, qorunması və möhkəmlənməsi üçün xalqımız qarşısında misilsiz xidmətləri, Ulu Öndərin əbədiyaşar ideyaları haqqında danışan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Ümummilli Lider Heydər Əliyevin şərəfli və xalqa, dövlətə həsr olunan ömür yolu haqqında məktəblilərə geniş məlumat verdi. Qeyd olundu ki, fenomenal xüsusiyyətlərə malik olan bu dahi şəxsiyyətin zəngin dövlətçilik irsi ilə yanaşı səmimiliyi, sadəliyi, ailəcanlığı, yüksək vətənpərvərliyi, çətin və şərəfli həyat yolu, bütün çətinliklərə qalib gəlmək üçün mübarizliyi, iradəsi kimi fərdi xüsusiyyətləri Azərbaycan gənclərinin, böyüməkdə olan yeniyetmələrin təlim-tərbiyəsi üçün çox gözəl nümunədir. Direktor vurğuladı ki, müasir gənclər bilməlidirlər ki, ildən-ilə güclənən, inkişaf edən müasir müstəqil Azərbaycan, xoşbəxt uşaqların böyüdüyü ölkəmizdəki mövcud firavan həyat şəraitinin səbəbkarı, qurucusu, bünövrəsini qoyan məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Hər birimizin bu gün əsas vəzifəsi, müasir müstəqil Azərbaycanın inkişafına töhfə vermək, bayrağımızı hər zaman ucalarda dalğalandırmaq və ölkəmizin qurucusu olan dahi Heydər Əliyevin zəngin irsini öyrənmək, ondan nümunə götürmək və gələcək nəsillərə ötürməkdir. S.Xanlarova gənclərə yaxşı təhsil almağı, ölkəmiz üçün layiqli vətəndaş olmağı, həm məktəbdə, həm bütün həyat yolunda əlaçı olmağı, hər zaman bütün fəaliyyətlərində irəlidə, ön sıralarda olmağı bacaran Ulu Öndərdən nümunə götürməyi və dünyanın istənilən ölkəsində təhsil də alsalar, yaşasalar da hər zaman azərbaycanlı olmaqları ilə fəxr etməyi tövsiyə etdi.

Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən direktor qeyd etdi ki, Heydər Əliyev işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoydu. Bu şərəfli missiyanı Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər ilə başa çatdırdı. Azərbaycan bu uğurlu siyasət nəticəsində Ulu Öndərin böyük uzaqgörənliklə illər öncə qeyd etdiyi kimi, dünyaya günəş kimi parladı və xalqımız mübarizliyi, mərdliyi, cəsarəti ilə dünyaya səs saldı.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin hər bir azərbaycanlı tərəfindən böyük fəxarətlə qarşılanmasını xüsusi qeyd edən direktor bildirdi ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyəti xalqımızın milli sərvəti kimi gənc və gələcək nəsillər üçün daim nümunə olacaq və Azərbaycan xalqının yolunu hər zaman işıqlandıracaqdır.

XƏBƏRLƏR

Bütün siniflərdə ilk dərslər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olundu

12 dekabr – müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar bütün siniflərdə ilk dərslər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olundu.

Foto: Azərbaycan bölməsi “8 d”, Rus bölməsi “5 f”, “6 c”, “9 e”, “9 f” 

XƏBƏRLƏR

İbtidai siniflərimizdə ilk dərslər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olundu

Bu gün, 12 dekabr – müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ibtidai siniflərimizdə ilk dərslər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olundu.

Foto: Azərbaycan bölməsi “2 b”, “2 d”, “4 b”, “4 c” , Rus bölməsi “2 b”, “2 d”, “2 e” , “3 a”, “3 c”, “4 c”, “4 d”

XƏBƏRLƏR

Rus bölməsi Fransız modeli “1 a” sinifində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar xüsusi silsilə dərslər keçirildi və şahmat turniri təşkil olundu

Rus bölməsi Fransız modeli “1 a” sinifində “Heydər Əliyev İli” çərçivəsində 12 dekabr – müasir Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar xüsusi silsilə dərslər keçirildi və şahmat turniri təşkil olundu.

Birincilərimiz dərslərdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olunan xüsusi təqdimat posterləri hazırladılar və təqdimatlarla çıxış etdilər.

Birincilərimiz üçün 132-134 nömrəli Təhsil Kompleksinin “Ulu Öndər Heydər Əliyev” Muzeyinə ekskursiya təşkil olundu, şagirdlərə Ulu Öndərin həyatı, siyasi fəaliyyəti və zəngin dövlətçilik irsi haqqında məlumatlar verildi.

“1 a” sinif şagirdləri arasında keçirilən və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan şahmat turnirinin qalibləri diplomlarla mükafatlandırıldı.

Pedaqoq: Bağırova Esmira

 

XƏBƏRLƏR

Məktəb psixoloqu məktəblilərlə zəlzələ qorxusundan (seysmofobiya) yaranan narahatlıq və emosional reaksiyalar haqqında söhbətlər apardı

şərh yoxdu

Təbii fəlakətlər, eləcə də zəlzələ zamanı uşaqlarda təşviş, həyəcan, travma sonrası stress pozuntusu, depressiya kimi psixiatrik xəstəliklər yaşana bilər. Ümumiyyətlə, zəlzələ qorxusunun yaranması üçün zəlzələ olması lazım deyil. Məsələn, zəlzələ şəklinə və ya başqa səbəblərdən kiçik yer silkələnməsinə baxdıqları zaman belə uşaqlarda güclü emosional reaksiyalar ola bilər.

6 yaşından böyük uşaqlarda travma sonrası (posttravmatik) stress pozuntusu daha çox rast gəlinir. Bu səbəblə, 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün siniflərdə oldu və həm aşağı, həm yuxarı yaşda olan məktəblilərlə zəlzələ qorxusundan (seysmofobiya) yaranan narahatlıq, emosional reaksiyalar haqqında preventiv söhbətlər apardı.

Məktəblilərə zəlzələnin təbii fəlakət olduğu və bu zaman nələr etməli olduqları haqqında aydın şəkildə izahlar verildi.

XƏBƏRLƏR

Azərbaycanın 44 gün ərzində parlaq qələbəsi dünya hərb tarixində nadir hadisələrdəndir

şərh yoxdu

“Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı bütün dünya azərbaycanlıları üçün qürur tarixidir.

Bu parad Azərbaycanın 44 gün ərzində parlaq qələbəsinin təntənəsidir. Azərbaycan 2020-ci ildə tarixi qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və Azərbaycan xalqı buna nail olduq.

Hərb tarixində Azərbaycanın bu qələbəsi nadir hadisələrdəndir. Bəşər tarixi boyunca bu qədər qısa müddətdə qarşıya qoyulan məqsədlərə nail olunması, ordunun itkilərə baxmayaraq bir gün belə geri çəkilməməsi, hər gün irəli gedib, hər gün düşmənin başını əzib, yeni-yeni kəndlər azad etməsi nadir, bəlkə də olmayan bir hadisədir. Düşmənlər belə Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu etiraf edirlər. Azərbaycan əsgəri bu döyüş günlərini o qədər uzun müddət gözləmişdi ki, o döyüş meydanında elə güclü amal, elə güclü ruhla döyüşürdü ki, düşmən belə başa düşürdü ki, bu gücün qarşısında dayanmaq mümkünsüzdür. Heç bir yaralı əsgərini döyüş meydanında qoymayan, şəhidlərini çiynində daşıyan, bir ölüb min dirilən Azərbaycan Ordusu, Azərbaycan gəncləri milli qürurumuz oldu.

Bu gənclər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənabları dövründə böyüyən, yetişən gənc nəsildir. Bu nəsilin formalaşmasında Azərbaycan ailələrinin, Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin böyük rolu, əvəzsiz xidməti olub. Bəzən gənclər haqqında şikayətlənən yaşlı nəsil Azərbaycan gənclərinin vətənpərvərliyini, mövzu Vətən olunca bir yumruq kimi birləşəərək dünyaya meydan oxumasını gördü, alqışladı və Azərbaycan xalqı bu gəncləri yetişdirən ailələrə, valideynlərə minnətdarlığını bu millət, bu dövlət var olduqca bildirəcək. Qədirbilən Azərbaycan xalqı tarixi 2020-ci ilin şərəfli günlərini hər zaman yaşadacaq və bu torpağı qanı ilə Vətən edən qəhrəman Şəhidlərini ehtiramla yad edəcəkdir. Vətən sağ olsun!

Abdullayeva Dölət
132-134 nömrəli Təhsil Kompleksinin Riyaziyyat müəllimi

XƏBƏRLƏR

10 dekabr – Zəfər paradı Türk birliyinin təntənəsi və dünyaya gözəl mesaj oldu

şərh yoxdu

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak etmişlər.

Azərbaycan xalqı Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından qardaş Türkiyənin dəstəyini hiss etmişdir. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi.

Azərbaycan-Türkiyə dostluğu-qardaşlığı tarixi köklərə dayanır. “Bir millət, iki dövlət” tarixi şüarı bütün dünyada dillər əzbəridir. Bu qardaş dövlətlər bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir və dünyaya əsl qardaşlıq nümunəsi göstərirlər. 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə dostluğu-qardaşlığının daha bir təzahürü oldu. “XXI əsr Türk əsri”dir prinsipi sanki Qarabağda müqəddəs müharibədə təcəssüm etdi və əsrlər sonra haqq, ədalət haqsızlığa, ikili standardlara, bilərək tarixi faktlara təhrifə qalib gəldi. Bütün dünya Azərbaycanın “Dəmir yumruğu”nun və Türk qardaşlığının möhkəmliyinin şahidi oldu.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” sözü hər bir azərbaycanlını qürurlandırdı və ən çətin, ən yalnız hiss etdiyimiz günlərdə belə bizə dəstək oldu, xalqımıza mənəvi ruh, qələbəyə inam və nə olursa olsun, sonuna qədər getmək gücü verdi. Bu mənəvi dəyər, bu əvəzsiz qardaşlıq dəstəyi heç nə ilə müqayisə oluna bilməz və Azərbaycanın qələbəsində mənəvi cəhətdən böyük rol oynadı.

Türkiyənin hər sahədə, hər platformada Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. 10 dekabr –  Zəfər paradında birgə iştirak Türk birliyinin təntənəsi və dünyaya gözəl mesaj oldu.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışındaqeyd etdiyi: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.” fikirləri tarixi ədalətin bərpasının sübutu və gələcək üçün yalnız sülh, firavan həyat mesajlarıdır. Müharibəni heç kim istəməz, müharibə hər zaman itki, yarım qalmış gənc həyatlar, tamamlanmamış arzular, natamam ailələlər deməkdir. Azərbaycan diplomatik əsaslarla bu münaqişəni həll etmək üçün səbrlə 30 il gözlədi, işğalçıya qarşı maksimum tolerantlıqla və humanizm prinsipləri əsasında haqqın bərpa olunmasına çalışdı, lakin işğalçı qeyri-konstruktiv mövqeyi, həyasız bəyanatları və dağıdıcı yanaşması ilə öz sonunu gətirdi.”

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır.

Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər faciəyə baxmayaraq, dayanıqlı sabitlik üçün təqdirəlayiq bir mövqe ortaya qoymaqdadır. Cənab Prezidentin bu xoşniyyətli cəhdlərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini arzu edirik.

Əliyeva Lalə
132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi

XƏBƏRLƏR

“Bir Gələcək” layihəsi çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksinin uğurlu məzunu Cavid Hüseynovla görüş keçirildi

şərh yoxdu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Bir Könüllü Tələbələrin Əməkdaşlığı” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” layihəsi çərçivəsində 2006-cı ildə 132-134 nömrəli Təhsil Kompleksindən məzun olan və hazırda Almaniyada plastik cərrah kimi çalışan Cavid Hüseynov məktəbin qonağı oldu və yuxarı sinif şagirdləri üçün uğurlu karyera, təhsil sahəsində uğur qazanmaq, düzgün peşə seçimi və xaricdə təhsil barədə maarqlı mühazirə ilə çıxış etdi.

134 nömrəli orta məktəbdə təhsil aldığı dövr, abituryentlik, tələbəlik illəri, xaricdə yaşamaq və təhsil almaq, eləcə də Azərbaycan diasporunun Almaniyadakı fəaliyyəti haqqında məktəblilərlə səmimi söhbət edən uğurlu məzunumuz şagirdlərin çoxsaylı suallarını cavablandırdı və onlara həyatda uğur qazanmaq üçün tövsiyələr verdi.

XƏBƏRLƏR

10 dekabr 2020-ci il tarixli Zəfər Paradı Azərbaycanın müstəqil siyasətinin, tarixi Zəfərinin, hərbi qüdrətinin və milli ruhunun bütün dünyaya nümayişi oldu

şərh yoxdu

Bugünlərdə, “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradının keçirildiyi 2020-ci il 10 dekabr tarixinin növbəti ildönümüdür. Təqvimdəki tarixlər dəyişir, günlər, illər keçir, lakin 2020-ci ildə Azərbaycanın müasir tarixinə həkk olunmuş şərəfli hadisələr, günlər haqqında xatirələr hər bir azərbaycanlı üçün canlılığını, həyəcanını hələ də qoruyub saxlayır.

2020-ci ildə sentyabrın 27-dən etibarən 8 noyabr – Zəfər Gününə qədər yaşadığımız 44 günün hər günü bizim şanlı tariximizdir. O günlərdə hər birimiz elə tarixi günlərə şahidlik etdik, xalq olaraq o qədər qürurlandıq, fəxr etdik ki, hələ də hər birimiz o təəssüratların təsirindəyik. 200 il ərzində Azərbaycan xalqı üçün hələ belə fəxarət dolu hadisələr olmamışdı. Azərbaycan döyüş meydanında, eyni zamanda diplomatik müstəvidə 44 gün kimi qısa müddətdə həm tarixi ədaləti bərpa etdi, həm beynəlxalq hüquq çərçivəsində haqq səsini bütün dünyaya eşitdirdi, həm də əzəli düşmənindən, Xocalı qətliamını törədənlərdən, xalqımıza illərlə böyük faciələr yaşadanlardan millət olaraq qisasını aldı.

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq 2020-ci il 10 dekabr tarixində Azadlıq meydanında keçirilən və Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı Azərbaycanın müasir hərb tarixinin ən şanlı səhifələrindən biri oldu. Bu tarixi gün və tarixi parad bir çox cəhətdən Azərbaycan xalqı üçün olduqca əlamətdardır. Bu parad, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev “Sözümüz imzamızdır” prinsipinin bir daha sübutu oldu. Ötən illərdə paradların birində ölkə başçısı çıxışında qeyd etmişdi ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdi ki, gün gələcək və o gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və o gün 10 dekabr 2020-ci il tarixində gəldi. Bu gün Azərbaycan xalqının Tarixi Zəfərinin təzahür günüdür. Bizlər xoşbəxt nəsilik ki, bu möhtəşəm tarixi günlərə, Zəfər paradına şahidlik etdik.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

10 dekabr 2020-ci il tarixli Zəfər Paradı Azərbaycanın müstəqil siyasətinin, tarixi Zəfərinin, hərbi qüdrətinin və milli ruhunun, Azərbaycan xalqının, Azərbaycan gənclərinin mübarizliyinin, döyüşkən ruhunun, qələbə əzminin bütün dünyaya nümayişi oldu. Bu hər bir azərbaycanlı üçün böyük fəxarət mənbəyi və milli qürur təcəssümüdür. Bu tarixi günləri, bu milli özünüdərki bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, müzəffər ordumuza, hər biri tarixi yazan qəhrəman Şəhidlərimizə və qazilərimizə, qəhrəman Azərbaycan əsgərlərinin ailələrinə, onları boya-başa çatdıran fədakar valideynlərinə sonsuz təşəkkürümüzü bildiririk.

Cavadova Dilşad
132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi